«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...

Tarix: 30-03-2024 15:30 | Bölmə: Persona | Baxış: 324
Stalinin qızını sevən Kapler – Sovet lideri ona ingilis casusu damğası vurub, həbs etdirib, amma...

Müharibənin qızğın dövrü olmasına baxmayaraq onun Moskva ətrafındakı bağ evində tez-tez səsli-küylü əyləncə məclisləri təşkil edilib. Vasili Stalin (Stalinin oğlu) dostlarını, məşuqələrini məhz burada qarşılayıb. 

1942-ci ildə isə xüsusi mühafizə olunan bu bağ evində yaradıcı insanlar görünməyə başlayıb. 

Belə ki, həmin il Mərkəzi Komitədə qəhrəman təyyarəçilər haqqında filmin çəkilməsi məsələsi müzakirə olunub. Məqsəd sovet vətəndaşlarına təyyarəçilərin qəhrəmanlığını, qələbənin təmin olunmasında onların göstərdikləri şücaəti təqdim etmək olub. 

Qərara alınıb ki, çəkiləcək filmin baş məsləhətçisi Vasili Stalin olsun.
 
Beləliklə, kino adamları tez-tez gözdən uzaq olan bağ evində kiçik Stalinin başına toplaşıblar. Bu görüşlər gecə yarıyadək içki süfrəsi arxasında davam edib. Filmin çəkilişinə ssenarist Aleksey Kapler də cəlb edilib.

“Lenin oktyabrda”, “Lenin 1918-ci ildə” filmlərinə görə Stalin mükafatına layiq görülən Kapler məhz bu görüşlər ərəfəsində Vasili Stalinlə yaxın dostluq münasibətləri qura bilib.

Təkcə Stalinin oğlu ilə deyil, həm də qızı Svetlana Alliluyeva ilə. Bu münasibətlər isə tanınmış ssenaristin həyatını bütövlükdə dəyişib.
 
1000013572.jpg (91 KB)
 
Svetlana tez-tez qardaşının bağ evinə gəlib və bu evdəki məclislərin iştirakçısına çevrilib. Bağ məclislərinin birində Svetlana olduqca yaraşıqlı, şən, ünsiyyətcil bir şəxsin baxışlarını öz üzərində hiss edib.

O, Kaplerin kim olduğunu yaxşı bilib, hətta onu da bilib ki, “Stalin mükafatı”nı Kaplerə şəxsən Stalin təqdim edib.
 
Kaplerlə Svetlananın arasında 23 yaş fərqi olub. Amma bu fərq onların münasibətinə mane ola bilməyib. Svetlana Alliluyeva sonralar öz xatirələrində bu münasibət haqqında yazıb:
 
“Biz bir-birimizə çox bağlı idik. Dərsdən qayıdanda düşünürdüm ki, indi o, qarşıma çıxacaq. O isə kənardan dayanıb məni seyr edirdi. Görüşüb muzeyləri gəzirdik, şəhərdə dolaşırdıq, müharibənin ağır günləri olsa da bu münasibətlər içimizə bir sakitlik gətirirdi...”
 
16 yaşlı Svetlana ilə 38 yaşlı Kaplerin sevgi münasibətləri haqqında qısa bir zamanda hamı xəbərdar olub, o cümlədən yuxarılar da. Amma heç kim bu münasibətə müdaxilə etməyə cəsarət göstərməyib.

Nəhayət, İosif Stalinin baş mühafizəçisi general Vlasik tabeçiliyində olan zabitlərdən birini Kaplerin yanına göndərib və ona Moskvanı tərk etməyi “məsləhət” görüblər.
 
1000013574.jpg (78 KB)
 
Qeyd edək ki, Kapler müharibə illərində həm də hərbi müxbir kimi fəaliyyət göstərib. Vlasikin xəbərdarlığından sonra o, 1942-ci ilin noyabr ayında əvvəlki xidmət yerinə, Stalinqrada qayıdıb. Bir ay keçməmiş onun “Pravda” qəzetində “Leytenantın Stalinqraddan məktubu” adlı məqaləsi dərc olunub.

Müəllif məqalədə sevdiyi qıza cəbhədəki hadisələr haqqında yazıb. Məqalənin sonluğu isə belə bitib: “İndi yəqin ki, Moskvada qar yağır və sən həmin qarı Kremlin divarlarına açılan pəncərəndən seyr edirsən...”
 
Kapler Kremlin divarlarına açılan pəncərə yazdıqda Stalinin Kremldəki mənzilinin pəncərəsini nəzərdə tutub və sözsüz ki, bunu hamı başa düşüb. Bu cür aşkarlıq Stalini özündən çıxarıb. Svetlana Alliluyevə xatirələrində atasının necə qəzəbləndiyini də xatırlayıb:
 
“Atamın qəzəbini sözlə ifadə etmək çətindir. Həmin gün o, redaksiyaya zəng vurub Kaplerin məqaləsinə görə oradakıların dərsini vermişdi. Atam onu da bilirdi ki, Kapler mənə hər həftə məktub yazır.

Həmin məktubları məndən tələb etdi. Mən sakitcə onları atama verdim. Əsəblə onları cırdı və söylədi ki, bu yazı yazmağı bacarmayan müxbir ingilis casusudur. Mən bu ifadənin altında nələrin dayandığını yaxşı bilirdim. Yaxşı bilirdim ki, Kapler həbs olunacaq və bunun qarşısını almaq mümkünsüz idi...”
 
Beləliklə, çox keçmədən Aleksey Kapler 3 mart 1943-cü ildə haqqında açılan 6863 saylı cinayət işi ilə həbs edilib. Təbii ki, cinayət işində Stalinin ailə üzvlərinin heç birinin adı hallanmayıb. Kapler antisovet təbliğatda ittiham olunub.

Məhkəmə zamanı o, qəzetdə dərc olunan yazılarını təqdim edərək antisovet təbliğatı ilə heç zaman məşğul olmadığını sübut etsə də, cəhdləri boşa çıxıb. Amma cəzası az da olsa yüngülləşib. O, 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək Vorkutaya göndərilib.
 
5 ildən sonra Aleksandr Kapler cəzasını çəkib Moskvaya qayıdıb. Cəzaçəkmə müəssisəsindən çıxanda ona Moskvaya getməsinin qadağan olması haqqında yazılı məlumat versələr də o, buna əməl etməyib.

Kapler Moskvada yenidən Svetlana ilə görüşmək arzusunda olub. Bu arzu onun azadlığını növbəti dəfə 5 il müddətinə əlindən alıb. Bu dəfə isə onu 5 illik siyasi məhbuslar düşərgəsinə göndəriblər.
 
1000013573.jpg (68 KB)
 
Stalinin vəfatından sonra azadlığa çıxan Aleksey Kapler 1954-cü ildə tam bəraət alıb. Sonuncu dəfə Kapler Svetlana ilə 1954-cü ildə Yazıçılar İttifaqının binasında görüşüblər, onların söhbəti bir neçə saat davam edib və onlar bir daha görüşməyiblər.
 
Kremlin baş kürəkəni olmaq sevdası baş tutmasa da Kaplerin sonrakı həyatı uğurlu alınıb. O, yaradıcılıq layihələri ilə şöhrət qazanıb, ən yüksək dövlət mükafatları ilə təltif olunub.

Onun yazdığı ssenarilər əsasında çəkilmiş filmlər böyük populyarlıq qazanıb, ssenari müəllifi olduğu “Amfibiyalı adam”, “Zolaqlı reys”, “Üz dost”, “O, vətəni qoruyur” kimi filmlər on minlərlə insanın ən sevimli ekran əsərinə çevrilib.

Aleksey Kapler həm də uzun illər “Kinopanorama” verilişinin aparıcısı kimi məşhurlaşıb.
 
1978-ci ildə Kaplerdə onkoloji xəstəlik aşkar edilib. Həkimlərin bir illik səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Aleksey Kapler 1979-cu ildə, 75 yaşında vəfat edib./musavat.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024