«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
PUTİN İNDİ NİYƏ NİKBİNDİR?- Avropa yorulub, Qərb liderləri qətiyyətli, sanksiyalar səmərəli deyil...

Tarix: 05-03-2024 14:00 | Bölmə: Manşet | Baxış: 240



“Ukraynaya yardımın Konqresdə “ilişməsi” onun qulaqları üçün musiqi səsidir”

Ukraynada gedən müharibədə artıq hər iki tərəfin qlobal müttəfiqləri müəyyənləşib. Ukraynanı sona qədər və hər cür silahla dəstəkləyəcəyini bəyan edən, lakin bun tam əməl etməyən Qərbin qətiyyətsiz davranışları Rusiyanı xeyli həvəsləndirib.

Digər tərəfdən, özü böyük resurslara malik olan Rusiya müttəfiqləri tərəfindən də silahla təchiz olunur. Yaranmış mövcud vəziyyətdən özü üçün nəticə çıxaran Vladimir Putin hesab edir ki, Ukraynanı tamamilə işğal edə bilər. İrəlidə nələrin yaşanacağı bir çox faktorlardan asılıdır. Amma bu faktorlar içərisində Qərbin mövqeyi həlledici olacaq...

Ukraynanın “Obozrevatel” saytı “Diktatorun nikbinliyi: Putin nəyə görə düşünür ki, bütün Ukraynanı işğal edərək qələbə qazana bilər?” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur. 
Həmin məqaləni qısa ixtisarla təqdim edirik: 

“Cəbhə xəttindəki lokal uğurlar və Ukraynaya dəstəyin azalması qələbə üçün hələ kifayət qədər resursu olan Rusiya dikatatorunu Ukraynanı tamamilə işğal etməyə həvəsləndirir.

O, təcavüzün əvvəlindən buna can atırdı. Putin müharibənin uzadılması ilə özünün ilkin məqsədinə nail olmağa çalışır və bütün gücünü buna cəmləyib. Həm də o, niyə dayanmalıdır ki?

Onsuz da Rusiyanın insan resursu dinməzcəsinə ölümə gedir. Hələ də Rusiyanın enerji resurslarını alan ölkələr var və bu da təcavüzü maliyyələşdirməyə imkan verir, sanksiyalar işləsə də, istənilən səviyyədə səmərəli deyil.

Ukrayna üçün nəzərdə tutulan yardım zərfinin ABŞ Konqresində ilişib qalması Putinin qulaqları üçün əsl “musiqi sədası”dır. Hətta polşalı fermerlərin sərhəd keçidini əngəlləmələri də diktatora nikbinlik gətirir. 

Axı bu, onun anlamında Avropa İttifaqının yorulmasının əlamətidır. Elə buna görə də Rusiya özünün Ukraynadakı maksimal hədəflərindən imtina etməyəcək.

Beləliklə, Ukrayna və onun Qərb tərəfdarlarının qarşısında dayanan seçim müəyyən mənada sadədir - Rusiyanın tamamilə darmadağın edilməsinə qədər döyüşmək lazımdır.

Yardımda yaranmış problemlər

Vladimir Putin mütləq qalib gəlmək istəyir. Hazırda Rusiya prezidenti keçən illə müqayisədə daha nikbin görünür. 

Belə ki, həmin vaxt ukraynalılar Xarkov və Xerson vilayətlərini azad etmişdilər, bu gün isə onun nikbinliyinin arxasında ABŞ-nin Ukraynaya 60 milyard dollarlıq yardımının baş tutmaması və cəbhədəki məhdud uğur dayanır.




Putin Avdeyevkanı aldıqdan sonra müdafiə naziri Sergey Şoyquya hücumun davam etdirilməsi əmrini verib. Dörd ay ərzində bu şəhəri müdafiə edən ukraynalı döyüşçülər kəskin mərmi qıtlığı ilə üzləşmişdilər.

Ekspertlərin hesablamalarına görə, cəbhə xətti boyunca Rusiya ordusu ukraynalılara nisbətən beş dəfə artıq atəş açır. 

Estoniyalı mütəxəssislər deyirlər ki, bu il Rusiya Federasiyası 4,5 milyon mərmi istehsal edə bilər, Avropa isə Ukrayna üçün nəzərdə tutduğu 1 milyon mərmini verə bilmir. Hələ üstəlik yanvarın əvvəlindən indiyədək ABŞ-dən mərmi gəlməyib.



Rusiyanın sovet dönəmindən qalmış zavodları texnoloji cəhətdən Qərbdən geri qalsalar da, kəmiyyət və istehsal gücü baxımından onları üstələyir, xüsusən də bu, artilleriya mərmiləri kimi vacib şeydə özünü daha aydın göstərir.

Ukraynaya kömək üçün öz müdafiə sənayesini canlandıracağını vəd edən Qərb rəsmiləri bürokratik problemlərlə qarşılaşıblar.

Əlbəttə, Avropanın səyləri böyükdür, amma buna baxmayaraq, onlar iki mühüm problemi həll edə bilməyiblər. Müdafiə sistemlərini modernləşdirməkdə və eyni zamanda da Ukraynaya adekvat yardım göstərməkdə hələ də axsayırlar.

Tramp amili

Putin yəqin ki, nə edəcəyi proqnozlaşdırılmayan, Kreml diktatorunu tez-tez tərifləyən Donald Trampın Ağ Evə qayıtmasına ümid bəsləyir. O, düşünür ki, Tramp Ukraynanı məcbur edəcək ki, öz milli maraqlarına cavab verməyən sülh sazişi bağlasın.



Putinin Ağ Ev sahibinin dəyişməsinə öz qələbəsinin real variantlarından biri kimi baxması heç də əsassız deyil. Kreml indiki status-kvoda möhkəmlənmək üçün danışıqların tərəfdarı olduğunu bəyan edir. Əlbəttə, hər şeyin onun istədiyi formada olması şərti ilə.

Başa düşmək lazımdır ki, Baydendən fərqli olaraq Tramp Putinlə danışıqları istisna etmir. Çox güman ki, danışıqlar zamanı o, qlobal razılaşma mövzusunu irəli sürəcək. Putin mümkün olan hər şeyi edəcək ki, bu, yalnız Rusiya və ABŞ formatında baş versin.

Ukraynalılar qarşısında Trampın heç bir mənəvi öhdəliyi yoxdur. Axı iri miqyaslı müharibə onun prezidentliyi dönəmində başlamayıb. Ona görə də Ukraynanın faciəsi və maraqları onun vecinə də deyil. Ona görə də Trampın təcavüzkarı cilovlamaq metodu ukraynalıların xoşuna gəlməyəcək...

Sanksiyalar işləsə də, ölümcül miqyasda deyil

Qərbdə hesab edirlər ki, sanksiyalar Rusiya Hərbi Sənaye Komleksinə güclü zərbə vurur və böyük problemlər yaradır. 

Lakin Rusiya Qərb komponentlərinin çatışmazlığının öhdəsindən gəlməyə çalışır. Rusiya ölümcül silahların istehsalı üçün özünü lazım olan texnologiya ilə praktiki olaraq təchiz edə bilir.

Ticarət məlumatlarının təhlili göstərir ki, Avropa İttifaqı və ABŞ-də istehsal edilən məhsullar Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Ermənistan, Qırğızıstan, Qazaxıstan və digər bu kimi üçüncü ölkələr tərəfindən Rusiyaya satılır. Beləliklə, sanksiya və ixrac nəzarəti Putinin hərbi səylərinə gözləndiyindən də az mane olub.

Kreml Rusiya iqtisadiyyatını hərbi relslərin üzərinə qoyub və müdafiə xərclərini Ümumi Daxili Məhsulun 7,5 faizinə kimi yüksəldib. Qərbin sanksiyalarına baxmyaraq, zavodlar bütün gün ərzində işləyir, on minlərlə yeni iş yerləri yaranıb.



Bir faktı etiraf etmək lazımdır ki, Qərb sanksiyaları hələ ki, bütün Rusiya iqtisadiyyatını kollapsa sürükləməyib. Rusiya özünün başlıca gəlir mənbəyi olan neft -qaz sektorunu saxlayır.

Düzdür, bu sektor müəyyən qədər ziyan görüb, lakin əhəmiyyətli dərəcədə gəlirini itirməyib. Çin və Hindistan Rusiyadan idxal etdiyi neftin həcmini artırmaqla, onun iqtisadiyyatına mühüm dəstək verirlər.

Bu cür vəziyyət çətin ki, Putini danışıqlar masası arxasında oturtmağa vadar edə bilsin. Çünki Rusiya büdcəsinə hər nə qədər az pul daxil olsa da, bu, fəaləkətli səviyyədən uzaqdır.

Kremlin dostu olan iki qanlı rejim - Şimali Koreya və İran Rusiyaya aktiv kömək göstərərək ona kifayət qədər böyük həcmdə müxtəlif növ silahlar yollayırlar. Rusiya ilə İran arasındakı əməkdaşlıq uzun müddətdir ki, yüksək səviyyədədir. 

”Shahed-136” PUA-ları sayəsində Rusiya demək olar ki, hər gün Ukraynaya kütləvi hücum edir. Bu yaxınlarda iranlılar Rusiyada zərbə PUA-ları zavodu tikiblər. İran eyni zamanda Rusiyaya ballistik raket göndərməyi də nəzərdən keçirir.

Şimali Koreyanın isə çox böyük artilleriya və reaktiv mərmi ehtiyatı var və bu səbəbdən də onlar Rusiyanın mərmi ehtiyacını ödəyə bilirlər. Bundan başqa, Rusiya artıq aktiv şəkildə ukraynalılara qarşı Şimali Koreyadan aldığı ballistik raketlərdən istifadə edir.

Rusiyanın dostları içərisində Çinin xüsusi yeri var. Bəli, bu ölkə Rusiyaya silah göndərmir, amma əgər Çin Rusiyanı iqtisadi və siyasi cəhətdən dəstəkləməsəydi, yəqin ki, indi müharibənin nəticəsi ayrı cür olardı.

Putinin nikbinliyinin başlıca səbəbi Qərbin qətiyyətsizliyidir

2010-2017-ci illərdə Ukraynanın Xorvatiya və Bosniya Hersoqovinada səfiri olmuş diplomat Aleksandr Levçenko “obozrevatel.com”-a şərhində deyib:

”İki ildir davam edən iri miqyaslı müharibədən və başlanğıc planın baş tutmamasından sonra nəyə görə Putin hələ də qalib gələcəyini düşünür? Çünki dünyadakı diktator rejimlərindən güclü dəstək alır və o, öz təcavüzünə qarşı Qərb ölkələrinin inamsız davranışlarını görür.

Faktiki olaraq bu gün Belarusun bütün iqtisadiyyatı Rusiyanın Hərbi Sənaye Kompleksinə işləyir. Məlum olduğu kimi İran müxtəlif növ silahlarla və PUA-larla Rusiyanın ehtiyaclarını ödəyir.



Şimalı Koreyadan Rusiyaya fəal şəkildə mərmi, ballistik raket və texnika gedir. Çin, Hindistan və Qlobal Cənub adlandırılan digər ölkələr Rusiyadan neft və qaz alırlar. Bu fonda biz Ukrayna ordusunun mərmi və raket təchizatındakı problemlərini görürük.

ABŞ hələ də Ukraynaya maliyyə-hərbi dəstək verib –verməyəcəyini müəyyənləşdirə bilmir. Heç şübhəsiz ki, hadisələrin bu cür inkişafı Putini müharibəni davam etdirməyə həvəsləndirir. Bununla belə, Ukraynanın hazırkı neqativ vəziyyətinin yaxşılığa doğru dəyişəcəyinə ümidi var.

ABŞ maliyyələşməni müsbət yöndə həll edəcəksə, deməli, Ukrayna uzaq mənzilli balistik raketlər, mərmilər, Hava Hücumundan Müdafiə kompleksləri, zirehli transpartyorlar və Rusiyaya qarşı istifadə olunacaq digər vasitələr alacaq. Biz görürük ki, yardımlarla əlaqədar qabaqcıl Avropa dövlətlərinin öz mövqelərini yaxşılaşdırmaq niyyətləri var.

Əlbəttə, istərdik ki, bu proses daha sürətli getsin. Bütün bunlar cəbhədəki vəziyyəti xeyli yaxışladıra bilər. Hadislər bu yöndə cərəyan etdiyi təqdirdə Putinin Ukraynanı işğal etmək əminliyi yoxa çıxacaq”.

Vaqif Nəsibov

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024