«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"QƏRB "ANAKONDA TAKTİKASI"NI SEÇİB - Rusiyanın yavaş-yavaş boğulması prosesi baş verir və..."

Tarix: 25-02-2024 12:45 | Bölmə: Müsahibə | Baxış: 247



ABŞ-də yaşayan tanınmış azərbaycanlı analitik Ramiz Yunus Azpolitika-ya müsahibəsində Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsinin ildönümüdə mövcud durumu, perspektivləri şərh edib. Ekspert Qərbin Ukraynaya dəstəyinin davamlı olacağını və Rusiyanın bu müharibədən qalib çıxmaq şansının olmadığını vurğulayır.

Müsahibəni oxucularımıza təqdim edirik:

- Müsahibə üçün təşəkkür edirəm, Ramiz bəy. İlk sualım 2 ili fevralın 24-də tamam olan müharibənin Rusiya və Ukrayna üçün əsas nəticələri ilə bağlıdır. Qısaca olaraq, nədən ibarədir bu nəticələr?

- Qərbdə heç kim iki ili tamam olan bu müharibədə Rusiyanın qalib gəlməyəcəyinə və 2022-ci il fevralın 24-də qarşıya qoyulan vəzifəyə - bütün Ukraynanı ələ keçirmək və Kiyevdə siyasi hakimiyyəti dəyişmək vəzifəsinə nail olmayacağına şübhə etmir.

Hamı onu da başa düşür ki, Ukrayna bu müharibədə uduzmayıb, amma qalib də gəlməyib.

Müharibə uzanan mərhələyə qədəm qoyub və onun perspektivləri ilə bağlı sualın cavabını bu gün tərəflərin resurs imkanlarında axtarmaq lazımdır.

Gördüyümüz kimi, Avropa İttifaqı və NATO 2023-cü ilin yayından etibarən ABŞ-də prezident seçkiləri kampaniyasının başlamasına görə bütün Avropa maşınının onun girovuna çevrilməməsi üçün təşəbbüsü öz əllərinə almağa, hərəkət etməyə başladılar.

Burada Almaniya və Böyük Britaniya kimi ölkələr lider rol oynayır, eləcə də Fransa, İtaliya və Brüssel özü. Bu dinamikanı nəzərə alsaq, düşünürəm ki, Ukraynanın yaz-yay kampaniyasında çox yaxşı perspektivləri var.



- Müharibə Qərb siyasi-iqtisadi sistemində hansı dəyişikliklərə səbəb oldu, dünyanın gələcəyi üçün bu dəyişikliklərin əhəmiyyəti nədən ibarətdir?

- Bu müharibə Avropa İttifaqı və NATO-nun təhlükəsizlik sistemində nəhəng problemli və həssas sahələri üzə çıxardı. Buna görə də müharibə zamanı bu strukturlar dinamik şəkildə dəyişməyə başladı.

Müharibənin lap əvvəlində həm Avropa İttifaqı, həm də NATO liderlərinin ritorikasını xatırlatmaq kifayətdir. Hər şey 180 dərəcə dəyişdi. Maşın işə salındı və bu gün “kollektiv Qərb”lə Rusiya arasındakı qarşıdurma SSRİ-nin 1979-cu ildə Əfqanıstana təcavüzündən sonrakı vəziyyəti xatırladır.

YəniQərb “anakonda taktikası”nı seçib. Rusiyanın bütün istiqamətlərdə yavaş-yavaş boğulması baş verir və bu prosesin geriyə dönüşü olmayacaq.

Dünya artıq 1945-ci ildən 1991-ci ilə qədər olan dövr üçün yaradılmış köhnə qaydalarla yaşaya bilməyəcək. Hər şey dəyişəcək – BMT və onun Təhlükəsizlik Şurası, NATO, ATƏT və bir çox digər beynəlxalq güc institutları. Bu, uzun bir prosesdir və onun başlaması üçün bu müharibənin bitməsi lazımdır.

- Bu yaxınlarda Ukrayna ordusu strateji cəhətdən əhəmiyyətli Avdeyevkanı itirdi və Zelenski hökuməti bunun səbəbini Qərbin Ukraynaya silah yardımının azalması ilə əlaqələndirdi. 

Almaniyanın Kell İnstitunun hesablamalarına görə, ötən ilin avqust-dekabr aylarında Ukraynaya hərbi yardımlar 90 faizə qədər azalıb. 

Gələn ay Konqress 61 milyard dollarlıq hərbi yardımla bağlı müzakirələrə başlamalıdır. Nə gözləyirsiz, Qərb Ukraynaya yardımı əvvəlki səviyyədə davam etdirəcəkmi?

- Qərəzli Qərb mətbuatını daha az oxuyun. Orada 90% yalan yazırlar və həm Rusiya, həm də bütün bu illər ərzində Rusiyadan pul qazanan “kollektiv Qərb” siyasətçilərinin hekayələrini tirajlayırlar.

ABŞ başda olmaqla Qərb Ukraynanı təslim etməyəcək, çünki bu, Qərbin özü üçün daha da pis problemlərə gətirib çıxara bilər. Bu, uzun müharibədir və Rusiyanın əsas problemləri hələ qarşıdadır.

- Bayden hökuməti Ukraynanın qələbəsi üçün əlindən gələni edirmi? Yoxsa, “nə Ukrayna, nə də Rusiya qələbə çalsın, müharibə uzansın və Rusiyanın strateji məğlubiyyəti ilə nəticələnsin” yanaşması davam edəcək?

- Prezident Bayden və onun administrasiyası prezident seçkilərində qalib gəlmək üçün Rusiya-Ukrayna müharibəsindən istifadə edəcək. Ona görə də hazırkı yanaşma davam edəcək. Eyni zamanda respublikaçıları və onların lideri Trampı günahkar kimi təqdim edəcəklər.

Buna görə də Bayden administrasiyası “anakonda”nı dayandırmamaq üçün Ukraynaya dəstək və Rusiyaya qarşı prosesdə aparıcı rolu bilərəkdən Avropa İttifaqı və NATO-ya verir.

- Son vaxtlar Avropa yardımlarda önə çıxır, həm Avropa Birliyi, həm də Ramştayn formatının ayrı-ayrı üzvləri Ukraynaya iqtisadi və hərbi yardımları artırırlar.

Bu, Ukraynanın məğlub olacağı qorxusu ilə bağlıdır, yoxsa Avropa və ABŞ Rusiyanın qələbə çalmasına imkan verməmək qətiyyətini ifadə edir?

- Mən bu suala artıq qismən cavab vermişəm. Avropa İttifaqı və NATO-nun aparıcı rolu onunla izah olunur ki, onlar ABŞ-dəki prezident seçkilərinin girovu olmaq istəmirlər və olmamalıdırlar.

Avropa əvvəllər -1945-ci ildən 2022-ci ilə qədər asanlıqla ABŞ çətiri altında ola bilirdisə, bu gün Avropada hər kəs ciddi şəkildə öz təhlükəsizlik problemini həll etməyin vaxtı olduğunu başa düşməyə başlayıb və proses bütün istiqamətlərdə güclənir.

Düşünürəm ki, bu taktika Ağ Evlə razılaşdırılıb, çünki Avropa İttifaqı liderlərinin əksəriyyəti Trampın hakimiyyətə qayıtmasını istəmir və buna görə də Baydenə kömək edirlər.

- İki ilin tamamında Ukrayna cəmiyyətinin durumunu necə dəyərləndirirsiniz? Müharibədən yorğunluq, çoxsaylı itkilər var. Bu tendensiya necə davam edə bilər? 

- Ukrayna, onun cəmiyyəti və siyasi isteblişmenti bu 2 il ərzində bütün dünyaya asanlıqla təslim olmayacaqlarını göstərdilər. Onların əsas problem, Azərbaycanda olduğu kimi, İkinci Qarabağ müharibəsi başlayandan bitənə kimi öz cəmiyyətlərini 100% konsolidasiya edə bilməmələridir.

Varlığı uğrunda belə ağır müharibə aparan ölkədə heç bir ictimai-siyasi fəaliyyət ola bilməz, nə siyasətçilər arasında, nə mediada, nə də vətəndaş cəmiyyətində müxalifətçilik fəaliyyəti olmamalıdır.

Hərbi vəziyyət kağız üzərində deyil, hər bir ukraynalının şüurunda olmalıdır. Təəssüf ki, Ukraynada belə deyil və bu, onların “Axilles dabanı”dır.

E.Rüstəmli

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024