«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DSMF-nin keçirdiyi tender müsabiqəsində şübhəli məqamlar

Tarix: 22-01-2024 20:00 | Bölmə: Aktual | Baxış: 205



Dövlət Sosial Müdafiə Fondunun (DSMF) keçirdiyi tender müsabiqəsinin qalibi “Entre” MMC (VÖEN – 1806256761) olub.
DSMF Həsən bəy Zərdabi 80 ünvanında yerləşən inzibati binasının əsaslı təmiri üzrə layihələndirmə işlərinin satın alınmasına görə “Entre” MMC-yə 88 min 28 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, tender müsabiqəsi ötən ilin oktyabr ayında elan olunub. Müsabiqənin qalibi olan “Entre” MMC isə tender elanından 6 ay əvvəl – ötən ilin aprel ayında dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 10 manat olan MMC barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. Şirkətin daha əvvəl hansı fəaliyyətinin olduğu barədə məlumat mövcud deyil. 88 min manatlıq tender müsabiqəsinin qalibi olan MMC-nin nəinki veb-saytı, heç sosial şəbəkə hesabları da yoxdur.

Xatırladaq ki, bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. 

Belə ki, həmin maddənin 23.4.-cü bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması lazımdır. Tender müsabiqəsindən cəmi 6 ay əvvəl yaranan şirkətin qeyd olunan tələblərə nrecə cavab verəcəyi başa düşülən deyil.

Tender müsabiqəsiylə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, DSMF daha əvvəl – 2023-ci ilin avqust ayında inzibati binasının əsaslı təmiri üzrə layihələndirmə işləri üçün tender müsabiqəsi keçirib. Tenderin qalibi “GENTECHS” MMC (VÖEN -2001394581) olub. Lakin, müqavilə imzaladıqdan 2 ay sonra – 2023-cü ilin oktyabr ayının 1-də müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında ləğv olunub.

Ləğv etməyə səbəb kimi “Dövlət satınalmaları haqqında” Qanunun 38.2-ci maddəsi göstərilib. Həmin maddədə göstərilir ki, tender komissiyası bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən qeyri-obyektivliyə yol verərək, hər hansı iddiaçının tərəfini saxlayarsa, iddiaçılardan hər biri müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilər. 

Həmin orqanlar tenderin hazırlanması və keçirilməsi zamanı qanun pozuntusuna yol verildiyini təsdiqləyərsə, tenderin nəticələri ləğv olunur və satınalan təşkilat həmin iş üzrə yeni tender keçirir. 
Bu halda qəbul olunmuş qərardan fərqlənən xüsusi rəy vermiş komissiya üzvlərindən başqa, komissiyanın sədri və digər üzvləri 3 il müddətində hər hansı tender komissiyasının sədri və ya üzvü ola bilməzlər.

Onu da bildirək ki, nəticəsi ləğv olunan və yenidən keçirilən tender müsabiqəsi zamanı DSMF-nin məsul şəxsi Satınalmaların Təşkili və Təchizat departamentinin müdiri Zahir Əliyev olub.

Maraqlıdır ki, tenderin hazırlanması və keçirilməsi zamanı qanun pozuntusuna yol verildiyi halda (Maddə 38.2.) Zahir Əliyev öz vəzifəsini icra etməyə davam edib.

DSMF-nin mətbuat xidmətindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirib ki, “Entre” MMC Fondla təkbaşına müqavilə bağlamayıb:
“Keçirilmiş satınalma əsasında Fondla adını qeyd etdiyiniz şirkət tək yox, konsorsium sazişi əsasında iddiaçı kimi qeydə alınmış və qalib gəlmiş “SS Proje” MMC və “Entre” MMC şirkətləri arasında 2023-cü ilin iyunun 13-də müqavilə bağlanıb. Sözügedən satınalma proseduru və bağlanmış müqavilə üzrə işlər davam etdirilir”.

Qeyd edək ki, dövlət satınalmaları portalında DSMF ilə müqavilə bağlayan şirkət kimi yalnız “Entre” MMC-nin adı qeyd olunub.
Zahir Əliyevin öz vəzifəsinin icrasına davam etməsi ilə bağlı sualımıza isə Fonddan hər hansı cavab verilməyib.

Elnur Əli


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024