«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
ŞAHİDLƏR DÖVLƏTİN 143 MİLYONUNU NECƏ TALADIQLARINI AÇIQLADILAR - "Şöbə rəisinə 700 min manat vermişəm"

Tarix: 10-02-2024 15:20 | Bölmə: Araşdırma | Baxış: 122



Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində 3 hərbi hissədə maliyyə xidməti rəisi vəzifəsində işləmiş Vüsal Məmmədli ifadə verib.

O bildirib ki, çalışdığı ilk hərbi hissədə ümumilikdə 657 min manat mənimsəmə faktına yol verilib: “Hərbi hissədə yoxlamalar aparılıb. Aparılan yoxlamalar zamanı aşkar olunan əlavə vəsaitlərin 30 faizi təftişə, 20 faizi isə maliyyələşməyə vermişəm. Yerdə qalan 50 faiz vəsait isə mənə çatıb. Digər hərbi hissələrdə də eyni qaydada çalışmışam".

Şahid deyib ki, üç hərbi hissədə ümumilikdə 1 milyon 500 min manata yaxın ziyan üzə çıxıb: "Bu pulun 600 min manatı mənə çatıb. Həmin məbləğdən 150 min manat istintaq dövründə, sonra da 70 min manat, ümumilikdə 220 min manat dövlət büdcəsinə ödəniş etmişəm. Pulun geridə qalan hissəsini də ödəyəcəm".

V.Məmmədli qeyd edib ki, hərbi hissələrə təftişə gələnlərə Maliyə və Büdcə idarəsinin təftiş şöbəsinin rəisi Rafael Xələfov rəhbərlik edib və veriləcək məbləğləri o təyin edib.

Daha sonra şahid qismində ifadə verən Mirseyid Eyvazov bildirib ki, əvvəlcə idarədə təftişçi vəzifəsində çalışıb. O, Rafael Xələfovun rəhbərliyi ilə hərbi hissələrə təftişə getdiyini bildiririb: “Misal üçün alınan pulların 20 min manatı Rafael Xələfova, 10 min manatı isə mənə çatıb".

M.Eyvazov bildirib ki, 2020-2022-ci illərdə hərbi polisdə maliyyə xidmətinin rəisi olub: "Həmin dövr üçün aparılan maliyyə təftişləri zamanı 1 milyon 300 min manat əlavə vəsait üzə çıxıb. Biz maliyyə hesabı açırdıq. Həmin hesaba pullar köçürülürdü.

Həmin vəsaitlərlə bağlı əlavə hesablarda yaradırdıq. Bu pullar bizə qalırdı. Yoxlamaya gələnlərə həmin vəsaitdən 30 faiz verirdik. Əvvəl yoxlamaya Süleyman Abbasov gəlib. Mən də pulu ona vermişəm. Daha sonra isə Sadiq Sadıqov yoxlamaya gəlib. Ona da eyni vəsait vermişik”.

Şahid deyib ki, Maliyyə Nazirliyinin apardığı yoxlamalarda iştirak edib. O, yoxlamaların nəticələrindən razı qaldığını, yoxlama nəticəsində ona 700 min manat çatdığını bildirib.

Hazırda MN-in Təlim Tədris Mərkəzində müəllim işlədiyini deyən digər şahid Səbuhi Məmmədov qeyd edib ki, Cəmşid Naxçıvanski adına hərbi liseydə maliyyə xidmətinin rəisi olub. O bildirib ki, 2015-2020-ci illər ərzində hərbi liseydə aparılan yoxlamalar zamanı 3 milyon 450 min manat əlavə vəsait üzə çıxıb.

S. Məmmədov qeyd edib ki, hərbi liseydə 57 nəfər qeyri-müəyyən şəxsin adına kartlar açıblar, bundan sonra pullar həmin kartlara köçürülüb. O, real olmayan şəxslərin adına kartlar almalarını belə izah edib: 
“Biz özümüzdən 8 rəqəm yazırdıq. Həmin 8 rəqəmli kodu banka təqdim etməklə kart alırdıq. Kart sahibləri naməlum şəxslər olub, adlar bizim tərəfimizdən uydurulmuş adlar olub”.

O, daha sonra iki hərbi hissədə maliyyə xidmətinin rəisi olduğunu qeyd edib və bildirib ki, yoxlamalar zamanı hərbi hissələrdən birində 120 min, digər hərbi hissədə isə 20 min manatın mənimsənilməsi müəyyən edilib.

Şahid qeyd edib ki, işlədiyi dövrdə Rafael Xələfov ondan 10 min manat əlavə pul istəyib və həmin vəsaiti alıb: “Təftişə Rövşən Əliyev gəlmişdi. Ona 690 min manat verdim. Sonra Rafael müəllim məndən 10 min manat istədi. Bunu 700 min manat verməli olmağım ilə izah etdi. Mən də ona əlavə olaraq 10 min manat verdim”.

Şahid daha sonra qeyd edib ki, yoxlamaya gələn Sadiq Sadıqova 600 min manat verib: “Həmin pulu idarəyə çatdırmalı idi. Amma pulu idarəyə vermədiyi sonradan mənə məlum oldu.

Bunu da Rövşən Əliyev yoxlamaya gələndə bildik. Məni idarəyə çağırdılar. Bu barədə məndən soruşdular. Mən də dedim ki, Sadıq Sadıqova vermişəm”.

S.Məmmədov bildirib ki, Nizami Məmmədovun bu işlərlə bağlı ona heç bir göstərişi olmayıb.

Şahidin sözlərinə görə, aşkar olunan əlavə pulun 90 faizini yoxlama və təftişə gələnlərə verib, 10 faizi isə onun özünə çatıb. O, fəaliyyətinin Maliyyə Nazirliyi tərəfindən yoxlanıldığını bildirib: “Bu yoxlama zamanı tərəfimdən dövlətə 399 min manat ziyan vurmağım üzə çıxıb. Bu ziyanın da 20 min manatını ödəmişəm”.

Proses fevralın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024