«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Seçkilərdən sonra Azərbaycan parlamenti buraxılacaqmı?... Və hansı halda buraxıla bilər?

Tarix: 11-01-2024 18:30 | Bölmə: Gündəm | Baxış: 72

Seçkilərdən sonra Azərbaycan parlamenti buraxılacaq? - Yenilənmə ehtiyacı...


Azərbaycanda sonuncu parlament seçkiləri növbədənkənar formasda 2020-ci ilin 9 fevral tarixində keçirilib. Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü baş tutur. 

 
Növbəti parlament seçkilərinin hansı ilin noyabr ayında keçirilməsi ictimai müzakirələrə səbəb olub.
 
Konstitusiyada Milli Məclisin hər çağırışı üçün seçkilərin beş ildən bir keçirildiyi qeyd edildiyi üçün növbəti seçkilərin 2025-ci ildə keçiriləcəyi bildirilir.

Lakin əsas qanunun 98-1-ci maddəsinin ikinci bəndində qeyd edilir ki, növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər.

Ölkədə sonuncu parlament seçkiləri 2020-ci ilin 9 fevralında keçirildiyindən, hazırki çağırış parlamentin fəaliyyətinin beşinci ili 10 fevral 2024-cü ildən etibarən başlayır və Konstitusiyaya əsasən ölkədə növbəti parlament seçkiləri 2024-cü ilin noyabr ayının ilk bazar günü yəni, 3 noyabr 2024-cü il tarixinə təsadüf etməlidir.
 
Mətbuatda və sosial şəbəkələrdə Azərbaycanda növbədənkənar prezident seçkilərindən sonra parlamentin buraxılacağı barədə iddialar yayılıb. 
 


Parlament hansı halda buraxıla bilər?
 
Azərbaycan Konstitusiyada parlamentin öz-özünü buraxması nəzərdə tutulmayıb.

Amma 2016-cı ilin referendumunda əlavə olunan Konstitusiyaya 98-1 maddəsində göstərilib ki, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bank İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, göndərilən qanun qəbul edilmədikdə, müzakirəyə çıxarılmadıqda və sair səbəblərdən Prezident Milli Məclisi buraxa bilər. 

Digər tərəfdən say çoxluğu olan hakim partiyanın Milli Məclisindən deputatlarının geri çağırması ilə proses başlana bilər.

Belə ki, YAP deputatlarının geri çəkilməsi ilə Milli Məclisin işi iflic olur və qanunların qəbulu üçün də yetərsay alınmır. Bununla da Konstitusiyanın 94 və 95-ci maddələrinin pozuntusu olduğundan, Prezidentə Milli Məclisi buraxmaq üçün qanuni əsas verilir.  
 
Digər tərəfdən 26 sentyabr 2016-cı ildə keçirilən referendumla Prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti verilib.
 
Seçki Məcəlləsinin 145-ci maddəsində yazılıb ki, 109-cu maddənin 1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Prezident təyin edir. Beləliklə, deyə bilərik ki, parlamentin buraxılması prezidentin səlahiyyətindədir.
 


Parlamentin buraxılmasına ehtiyac varmı?
 
Funksiyası xalqı təmsil etmək olan Milli Məclisin buraxılması ilk olaraq siyasi həyatı canlandırmaq prosesi kimi də dəyərləndirilə bilər. Bu fonda parlamentin yenilənməsi ölkədə kadr və struktur islahatlarının aparılmasında önəmli rol oynaya bilər.

Digər tərəfdən qeyd edək ki, Azərbaycan Ermənistanla sülh müqaviləsini bağlamaq mərhələsindədir, bundan sonra da köklü islahatların aparılması gözlənilə bilər.
 
Yenidən formalaşan parlamentin isə heyətinin nə qədər dəyişiləcəyi isə hələ sual doğurur. Xatırladaq ki, ötən parlament seçkilərində əvvəl də mandat olmuş 70-dən çox şəxs yenidən MM-də mandat alıb.

 

Xatırladaq ki, bu ilin dövlət büdcəsi layihəsindən görünür ki, Mərkəzi Seçki Komissiyasına (MSK) ayrılan vəsaitin həcmi kəskin artırılıb.

Belə ki, “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsində göstərilir ki, gələn il dövlət büdcəsindən seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 milyon 935 min manat vəsait ayrılması nəzərdə tutulub.

Bu, 2023-cü ilin dövlət büdcəsindən eyni istiqamətə ayrılan vəsaitlə müqayisədə 2.3 dəfə çox vəsait deməkdir.  

Aysel Məhərrəm


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024