«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
PARLAMENT SEÇKİLƏRİ HANSI TARİXDƏ KEÇİRİLƏCƏK?- Konstitusiya bu ilin noyabrını göstərir, amma...

Tarix: 30-01-2024 10:39 | Bölmə: Gündəm | Baxış: 85



2024-cü ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına (MSK) 110 milyon 935 min manat ayrılıb. Bu, 2023-cü ilin dövlət büdcəsindən eyni istiqamətə ayrılan vəsaitlə müqayisədə 2.3 dəfə çox vəsait deməkdir.

Hazırda bu vəsaitin xərclənəcəyi 7 fevral növbədənkənar prezident seçkilərinin təbliğat-təşviqat dövrüdür. Təxminən 10 gün sonra seçicilər növbəti prezidenti seçmək üçün seçki məntəqələrinə üz tutacaqlar.

Konstitusiyaya görə, bu ilin dekabrında ölkədə bələdiyyə seçkilərinin də vaxtıdır. Yerli özünüidarəetmə orqanlarına seçkilər növbədənkənar olmadığına görə daha əvvəl keçirilmiş (2014, 2019-cu illər) iki seçkidə olduğu kimi, eyni günə - 23 dekabra təyin olunub.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov yanvarın 16-da çıxışında bildirib ki, bununla bağlı qanunvericilik bazası təkmilləşdirilməlidir: “Seçkilərə qədər bələdiyyələrin sayı və digər məsələlərin hamısı nəzərdən keçirilməlidir.

Bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkili üçün qanunvericilik mütləq təkmilləşdirilməlidir. Odur ki, qarşıda ciddi vəzifə və işlər dayanır”.

Bunlar aydındır. Lakin seçki mövzusunda ən böyük qeyri-müəyyənlik növbəti parlament seçkilərinin nə vaxt keçiriləcəyidir. Bu barədə hələ ki, heç bir rəsmi açıqlama yoxdur. Baxmayaraq ki, qanunvericilik parlament seçkilərinin də məhz bu il - 2024-cü ildə keçirilməsini təyin edir.

Xatırladaq ki, son parlament seçkiləri 2020-ci ilin 9 fevral tarixində keçirilib. 2019-cu ilin sonuncu ayında Milli Məclis özünü buraxmaq qərarına gəlib və nəticədə 9 fevrala növbədənkənar seçkilər təyin edilib.

Konstitusiyaya görə parlament 5 illik seçilir. Bu o deməkdir ki, hazırkı deputatların səlahiyyət müddəti 2025-ci il fevralın 9-da bitəcək.

Bəs növbəti seçkilər nə zaman olacaq, qanunvericilik bu barədə nə deyir?



Konstitusiyanın 98-1-ci maddəsinin II bəndində yazılıb: "II. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər.

Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir”.

Konstitusiyanın 84-cü maddəsinin II bəndinə görə, Milli Məclisin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.
Ölkədə sonuncu parlament seçkiləri 2020-ci ilin 9 fevralında keçirildiyindən, hazırkı çağırış parlamentin fəaliyyətinin beşinci ili 10 fevral 2024-cü ildən etibarən başlayır.
Konstitusiyaya əsasən, ölkədə növbəti parlament seçkiləri 2024-cü ilin noyabr ayının ilk bazar günü, yəni 3 noyabr 2024-cü il tarixinə təsadüf edir.

Amma bu tarixlə bağlı mübahisəli fikirlər mövcuddur. Belə əsas gətirilir ki, hazırkı parlamentin səlahiyyət müddəti noyabrda 5 illik müddəti tamamlamadığından yeni seçkilər 2025-ci ilin fevralına təyin oluna bilər.



Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi Polad Mehdiyev “AzPolitika”ya şərhində xatırladıb ki, Konstitusiyanın 84-cü maddəsinə əsasən, Milli Məsclisə seçkilər hər 5 ildən bir, noyabr ayının birinci bazar günü keçirilir. 

“Bu o deməkdir ki, seçki mütləq həmin tarixdə olmalıdır. Bunun əksi yanlız iki halda baş verə bilər: Ya referendumla dəyişiklik edilib, o maddə Konstitusiyadan çıxarılmalıdır, ya da növbədənkənar seçki olmalıdır.

Yəni, bu qaydada noyabrın birinci bazar günündən başqa bir tarixdə seçki ola bilməz”, - hüquqşünas əlavə edib.

P.Mehdiyevin sözlərinə görə, növbədənkənar seçkini Azərbaycan Prezidenti elan edə bilər: “Növbədənkənar parlament seçkiləri təyin olunduğu tarixdə keçirilir. Həmin tarixdən sonrakı seçkilər isə mütləq 5-ci ilin birinci bazar gününə, yəni noyabr ayının ilk həftəsinə təsadüf edəcək.

Bizdə sonuncu parlament seçkiləri 2020-ci ilin fevral ayında baş tutub. 5 il müddəti 2025-ci ilin fevral ayında tamam olur. Amma bu sekçkilərin tarixi 2024-cü ilin noyabr ayı olmalıdır. Çünki seçki müddəti 5 ili aşmamalıdr.

Konstitusiyada da deyilir ki, “5 ildən bir”. Yəni beş il bir ay və ya beş il iki ay ola biməz. Növbədənkənar olanda da növbəti seçkinin müddəti 5 ilə qədər və ya 5 il ola bilər”.

Hüquqşünas Konstitusiyanın 98.1-ci maddəsindən iqtibas gətirir: “Həmin maddədə qeyd olunub ki, parlamentin səlahiyyət dövrü 5 il və ya 5 ildən az ola bilər.

Bu o deməkdir ki, növbədənkənar seçkilər nəticəsində formalaşan tərkib, 5 il tamam olan zaman noyabrın birinci bazar gününə düşmürsə, növbəti seçkinin tarixi 5 ili keçə bilməz. Mütləq seçkini həmin ilin, yəni beşinci ilin noyabrına salmaq lazımdır.

Yəni indiki kimi, 4 il yarım müddətində. Əgər 2025-ci ilin noyabrında olsaydı, 5 il yarım olacaqdı. Bu, Konstitusiyada nəzərdə tutulmadığına görə seçki bu tarixdə, yəni 4 il yarım müddətində keçiriləcək”.

Beləliklə, Konstitusiyanın tələbinə görə, 2024-cü ildə daha bir seçki – parlament seçkiləri də keçirilməlidir.

Belə olduqda 1 ilə 3 seçki düşür. İstisna etmirik ki, qanuni əsaslar tapmaq mümkün olarsa, parlament və bələdiyyə seçkiləri eyni tarixdə keçirilə bilər.
Bu halda bələdiyyə seçkilərinin təxminən ay yarım əvvələ çəkilməsi mümkündür.

Rasim Əliyev

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024