«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
40 MİN İMZA BARYERİNİ KİMLƏR AŞA BİLƏCƏK?- Prezidentliyə namizədlər çətin sınaq qarşısında

Tarix: 28-12-2023 11:43 | Bölmə: Gündəm | Baxış: 63

2024-cü ilin 7 fevral tarixində Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı birinci mərhələ davam edir. İlk mərhələdə prezidentliyə namizəd olan şəxslərin qeydiyyatı aparılır.
Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təsdiq olunan təqvim planına görə, namizədliyin irəli sürülmə mərhələsi 2023-cü ilin 19 dekabr tarixində başlayıb, 2024-cü il yanvarın 8-i axşam saat 18:00-dək davam edəcək. MSK-dan verilən son məlumata görə, hələlik ümumilikdə 15 nəfərin namizədliyi təsdiqlənib.
Məlumat üçün bildirək ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Daha sonra MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsi təsdiq olunub.
MSK son olaraq 2 gün əvvəl daha 8 nəfərin - namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin təsdiq olunmasını qəbul edib.
Qeyd edək ki, Seçki Məcəlləsində nəzərdə tutulan qaydalara uyğun olaraq, namizədin rəsmən qeydiyyata alınması üçün səsvermə hüquqlu şəxslərin minimum 60 dairədən 40 min etibarlı imzaya ehtiyacı var.
Prezidentliyə namizədlər yanvarın səkkizinə qədər müvafiq sənədləri təqdim etməli, həmin imzalar isə MSK-da təsdiqlənməlidir. Bundan sonra namizədlər 15 yanvar – 6 fevral tarixlərində baş tutacaq 22 günlük seçkiqabağı təşviqat mərhələsində iştirak edə bilərlər.
Məlum məsələdir ki, namizədlər sırasında şansı və nüfuzu aşağı olan, bəlkə də çoxlarının adını belə eşitmədiyi şəxslər də var. Maraqlısı da odur ki, cəmiyyətə məlum olmayan bu şəxslər ciddi maddi və insan resursu tələb edən prosesin sonunda öz adlarını namizədlər siyahısına yazdıra biləcəklər, ya yox?
Açığı, partiya sədrlərinin bu mənada işi bir qədər yüngül olsa da, iki həftədən az müddət ərzində bütün fərdi namizədlərin MSK-ya 40 min imza təqdim edəcəkləri real görünmür.
Daha bir maraqlı məqam isə odur ki, namizədliyi tanınan 15 nəfərdən 10-u seçki prosesində fərdi qaydada iştirak edir.
AzPolitika namizədlərin bir neçəsi ilə əlaqə saxlayıb və sözügedən məqamlarla bağlı onların fikirlərini öyrənib. Düzünü desək, namizədlərin bir qismi cəmiyyətə məlum olmadığı kimi, elə mətbuata da yad isimlərdir. Adıçəkilən şəxslərin bir çoxu son vaxtlar medianın diqqətindən və maraq dairəsindən uzaq qaldıqları üçün onlarla əlaqə yaratmaq cəhdləri uğursuz olub. Bu səbəbdən də mediaya daha yaxın olan şəxslərin fikirlərini öyrənməyə çalışmışıq.
Ələqə saxladığımız ilk şəxs Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa olub.



F.Mustafa bildirib ki, artıq imzatoplama mərhələsini yekunlaşdırmaq üzrədirlər: “Bölgələrdə olan təşkilat üzvlərimiz prosesdə çox fəal iştirak edirlər. Əlbəttə, təcrübəmiz olduğundan bu prosesi sistemli şəkildə aparırıq. Digər tərəfdən, seçki qərargahımız gecə-gündüz toplanan informasiyaları bir araya gətirib, yekun sənədləri hazırlamaqla məşğuldur. Yəqin ki, yaxın günlərdə prosesi tamamlayıb, imzaları MSK-ya təqdim edəcəyik. Bir sözlə, proses düşündüyümüz qrafik üzrə davam edir. Hər halda məlumdur ki, qış fəslidir və belə bir dönəmdə qapı-qapı gəzməyin nə qədər çətin olduğunu hər kəs bilir. Ancaq inanırıq ki, sonda müsbət bir nəticə əldə olunacaq”.

Millət vəkili Zahid Oruc isə bildirib ki, MSK-nın namizədliyini təsdiq etdiyi 21 dekabr tarixindən etibarən imzatoplama mərhələsinə start veriblər.



Z.Oruc qeyd edib ki, növbədənkənar prezident seçkiləri 60 dairənin hər birindən minimum 50 imza olmaqla ölkəmizin bütün coğrafiyasını əhatə edir: Bunun üçün könüllülərdən ibarət böyük bir qrup yaradılıb. Artıq proses yekunlaşmaq üzrədir. Müəyyən edilmiş sayda imza təqdim olunduqdan sonra Seçki Qərargahı bütün imzaları yekun dəyərləndirmədən keçirir, ardınca hansı dislokasiyaları əhatə etdiyinə dair akt tərtib olunur və yekunda birinci maliyyə hesabatı deklarasiya ilə birlikdə MSK-ya təqdim olunur. Ötən illərdə mənimlə birlikdə çalışan fədakar insanların bu işdə zəhmətini ayrıca qeyd etmək istərdim. Ümid edirik ki, qarşıdakı günlərdə bu vacib mərhələni yekunlaşdıra biləcəyik”.
Zahid Oruc uzun illər siyasətdə olan biri kimi, fəaliyyətlərini çevik təşkilati mexanizmlər üzərində qurduqlarını və bunun üçün də 40 min imzanın toplanacağına inandıqlarını deyib.



Sabiq maliyyə naziri Fikrət Yusifov da açıqlamasında imzatoplama kampaniyasına başladıqlarını bildirib: “Proses başlayıb və işlər sürətlə gedir. Məntəqələr üzrə şəxslər təyin olunub. Hədəfimiz qanunun müəyyən etdiyi çərçivədə 60 seçki dairəsi üzrə minimum 40 min imza toplamaqdır. Yanvar ayının 5-6-na qədər prosesi yekunlaşdırmaq istəyirik. Hesab edirik ki, təyin olunan vaxta qədər bu imzaları toplaya biləcəyik”.

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev bildirib ki, artıq onlar da imzatoplama kampaniyasına başlayıblar.



"İmza vərəqələrini götürməzdən əvvəl də biz artıq öz hədəflərimizi müəyyənləşdirmişdik. Müxtəlif yerlərdə hörmətli adamlarla danışıb, onlardan kömək istəmişdik. Deyə bilərəm ki, bir çox məsələləri həll etmişdik. Rəsmi imzatoplama kampaniyasına da başlamışıq və müxtəlif yerlərdə işlərimiz sürətlə gedir. Təbii ki, maliyyə və insan resursu baxımından çox ağır bir prosesdir. Lakin rayon şöbələrimiz olduğundan, hazırlığımızı əvvəlcədən görmüşdük. Deputat olduğum üçün tanınıram və tanındığıma, xalqın sözünü dediyimə görə imzatoplama kampaniyasında insanlar məmnuniyyətlə imza verirlər. Şükür Allaha, işimiz o qədər də çətin getmir. İnanıram ki, yaxın günlərdə imzatoplama kampaniyasını bitirəcəyik"- deyə o bildirib.



Namizədlərdən Elşad Musayev isə daha öncə mətbuta açıqlamasında 40 min imza tələbinin çətin məsələ olduğunu deyib: “Bunu etiraf etmək lazımdır. Qısa müddətdə 40 min imzanı toplamaq lazımdır. Siyasi partiyaların çoxu çalışacaq ki, seçkidə müəyyən uğurlar qazansınlar. Təəssüflər olsun ki, Azərbaycanda yeni gənc siyasi qüvvələr yoxdur, gənclər siyasətə gəlmir. Məhz bu cür problemləri aşmaq üçün seçkilərə qatılmaq lazımdır. Ən azından seçkilərin alternativsiz keçməsinə imkan verə bilmərik. Kənardan deməsinlər ki, “alternativ yoxdur”, nəticələri şübhə altına salmasınlar. Bütün siyasi qüvvələr əllərini daşın altına qoymalıdır. Dövlətçiliyimiz bunu tələb edir”.

Milli Məclisin sabiq üzvü Qulamhüseyn Əlibəyli isə bildirib ki, artıq seçki dairələrində imzaların toplanması üçün məsul olan şəxslər müəyyən olunub.



“Seçki qərargahı da bu yaxınlarda digər məsələlərlə bağlı fəaliyyətə başlayacaq. İmza vərəqələrini alan kimi, məsul şəxslərə çatdırmağı düşünürük. Qarşıdan bayram günləri gəlir, vaxt da azdır, amma düşünürəm ki, əksər təşviqat işlərini bitirmişik. Artıq əsas iş imza toplayan şəxslərin qabiliyyətinə, bacarığına qalır. İmzaların toplanmasıyla bağlı əksər seçki dairələri üzrə 150 şəxs müəyyən etmişik. Bölgələrdə də olmaqla, təxminən 70 seçki dairəsində imza toplamağa çalışacağıq. Ümid edirəm ki, vaxtında bu imzaları toplayıb, MSK-ya təqdim edə biləcəyik”,- deyə o qeyd edib.

Xatırladaq ki, hələlik yalnız YAP öz namizədi İlham Əliyev üçün topladığı imzaları MSK-ya təqdim edib. İki gün öncə verilən açıqlamada qeyd olunub ki, YAP 50 min seçici imzasının olduğu imza vərəqələrini MSK-ya təqdim edib.

Elvin Bəyməmmədli

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024