«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ötən il ölkəyə 1.5 milyard dollarlıq avtomobil gətirilib - Elektromobillərin sayı kəskin artıb

Tarix: 30-01-2024 16:45 | Bölmə: İqtisadiyyat | Baxış: 97



Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycana 1 milyard 515 milyon dollar dəyərində 88 min 151 ədəd avtomobil gətirilib.

2022-ci ildə Azərbaycana 68 min 684 ədəd avtomobil idxal edilib və bu idxal üçün 845 milyon dollar ödənilib.

Deməli, həmin illə müqayisədə 2023-cü ildə Azərbaycana gətirilən avtomobil sayı 28 faiz, avtomobil idxalına sərf edilən vəsaitin həcmi isə 79 faiz artıb. 2022-ci ildə ölkəyə idxal edilən avtomobillərin orta idxal dəyəri 12.3 min dollar olduğu halda, 2023-cü ildə bu göstərici 17.2 min dollara yüksələrək, 40 faiz artıb.

“Azadlıq” radiosunun statistik məlumatlar əsasında hazırladığı təhlilə görə, ötən il Azərbaycana gətirilmiş 3 min 102 avtomobil yalnız elektrik mühərriki ilə çalışıb. Bu, bir il əvvəlki 486 rəqəmi ilə müqayisədə altı dəfədən çox artım deməkdir.

İlboyu Azərbaycana idxal edilən minik avtomobillərinin 3.5 faizi elektrik mühərrikli olub. Daha bir il öncə bu rəqəm 1 faizə də çatmırdı. Ötən il Azərbaycana gətirilən elektromobillərin sayı ondan öncəki bütün illərdə gətirilən elektrikli avtomobillərin toplam sayından daha çoxdur.

2023-cü ildə Azərbaycana 14 min 98 ədəd hibrid mühərrikli avtomobil gətirilib. Bu, 2022-ci illə müqayisədə 24 faiz, 2021-ci illə müqayisədə 9 faiz, 2020-ci illə müqayisədə isə üç dəfəyə yaxın artım deməkdir.

Ötən il ölkəyə gətirilən avtomobillərin 20 faizi elektrik və ya hibrid mühərrikli olub.

Son dövrlər qəbul edilən bəzi qərarlardan görünür ki, hökumət xaricdən avtomobil idxalının bu qədər genişlənməsindən elə də məmnun deyil.

Bunun əsas səbəblərindən biri devalvasiyadan sonrakı illərdə hökumətin ölkədən valyuta çıxışını azaltmaqla bağlı siyasətidir. Hökumət, bir çox digər sahədə olduğu kimi, avtomobil idxalında da bu alışlara sərf edilən vəsaitin ölkədə qalmasına yönəlik addımlar atır.

Bunun əsas alətlərindən biri yerli avtomobil istehsalının avtomobil alışında payının artırılmasıdır. Ancaq Azərbaycanda istehsal edilən avtomobillərin rəqabət qabiliyyətinin yüksək olmaması həmin maşınlara marağı azaldır. 

Elə bu üzdən, hökumət artıq inzibati metodlarla yerli istehsal avtomobillərə marağı artırmaq istəyir. Ötən il qəbul edilən qərarla ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü ildən başlayaraq 10 il müddətinə ƏDV-dən azad edildi.



Hökumətin yerli avtomobillərə ƏDV güzəşti daxili bazarda bu avtomobillərə marağı artırmağı hədəfləyib, axı qiymətləri nisbətən daha ucuz və yaşı 10-dan yuxarı avtomobilləri artıq ölkəyə gətirmək mümkün olmur. Hökumət bu səbəbdən yerli avtomobillərin daha çox satıla biləcəyini düşünür.

Yerli avtomobillərin çox satılması, qismən də olsa, həm yerli zavodların gəlir götürməsinə, həm də ölkədən valyuta çıxışının qismən azalmasına yol aça bilər. Bu təsirin yüksək deyil, qismən olmasının səbəbi avtomobil hissələrinin Azərbaycanda istehsal edilməməsidir. 

"Yerli istehsal" deyilən avtomobillər əslində Azərbaycanda istehsal edilmir. 

Onun hissələri digər ölkələrdə hazırlanır və Azərbaycanda həmin hissələr sadəcə birləşdirilir. Belə olan halda yerli avtomobillər də ölkədən valyuta çıxışını azaltmır, axı həmin avtomobil hissələrinin alınması üçün xarici ölkələrə ödəniş edilir.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024