«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
SÜRÜCÜLƏRDƏN İLDƏ 70 MİLYONA YAXIN ƏLAVƏ VƏSAİT TOPLANACAQ - Utilizasiya vətəndaşın xeyrinədir, yoxsa ziyanına?

Tarix: 03-02-2024 15:30 | Bölmə: İqtisadiyyat | Baxış: 146



Natiq Cəfərli: “Bir avtomobildən Azərbaycan büdcəsinə daxil olan vəsait heç Almaniya büdcəsinə daxil olmur”

Məlum olduğu kimi, “İstehsalat və məişət tullantıları haqqında” Qanuna əsasən, fevral ayının 1-dən etibarən avtomobil sahibləri texniki baxış zamanı həm də utilizasiya haqqı ödəyəcəklər.

Utilizasiya haqqı avtomobillərin istehsal-buraxılış tarixinə uyğun olaraq müəyyənləşdiriləcək.

Belə ki, istehsal ili 10 ilə qədər olan avtomobillər üçün 10 manat, 10 ildən 20 ilə qədər olanlar üçün 20 manat, 20 ildən 30 ilə qədər 30 manat, 30 ildən artıq olduqda isə 40 manat dövlət rüsumu tələb olunacaq.

Qanuna əsasən, istehsal olunduğu ildən 4 il vaxt keçən avtomobillər iki ildən bir, 10 il keçən avtomobillər isə ildə bir dəfə texniki baxışdan keçməlidir. 

Eyni zamanda Gömrük Məcəlləsindəki dəyişikliyə əsasən, fevral ayının 1-dən etibarən minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı alınacaq. 

Belə ki, ölkəyə idxal olunan, istehsal ili dörd ildən çox olan avtomobillərə görə 400 manat, yeddi ildən çox olan avtomobillər üçün isə 700 manat utilizasiya haqqı alınacaq.



Avtomobil istismara yararsız vəziyyətə çatdıqda o, utilizasiyaya veriləcək. Buna görə sahibinə yeni yerli avtomobilin alınması üçün güzəşt müəyyən olunacaq. Əgər şəxs yerli avtomobil almağı nəzərdə tutmursa, o, müəyyən edilmiş güzəşt məbləğindən daha az həcmdə birdəfəlik ödəniş alacaq. 

Güzəştlər minik avtomobilləri üçün 1500 manat nəzərdə tutulub. Yük və sərnişin avtomobilləri isə 3000 manata qədər güzəşt əldə edə bilərlər.

Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün birdəfəlik ödənişin məbləğinə gəlincə, bu müvafiq güzəştin 70 faizi həcmində müəyyən edilib. 

Çünki 1500 manat güzəştli məbləğ yalnız yerli istehsal avtomobil alarkən nəzərdə tutulub. 

Əgər vətəndaş bu pulu nağd şəkildə tələb etsə, o zaman o həmin məbləğin 70 faizini, yəni 1050 manatını ala biləcək. 

Məlumata görə, yığılacaq vəsaitlər utilizasiya fondunda toplanmaqla sonradan istifadəyə yararsız olan avtomobillərin dövriyyədən çıxarılmasında istifadə ediləcək.



Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin ötən ilin martında qəbul etdiyi qərara əsasən, istismar müddəti 10 ili aşan avtomobillərin ölkəyə idxalı yasaqlanıb. Artıq ölkəyə bu tip avtomobillər gətirmək mümkün deyil.

Dövlət Gömrük Komitəsinin məlumtında qeyd olunur ki, ötən il ərzində ölkəyə 1 milyard 680,6 milyon ABŞ dolları dəyərində 95 min 971 ədəd avtomobil idxal edilib. 

Məsələyə yeni qaydalar üzərindən yanaşsaq, artıq istehsal ili ən yaxşı halda 4 ilə qədər olan bu avtomobillər üçün təxminən 38 milyon manat utlizasiya rüsumu toplanılacaq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Azərbaycanda rəsmi qeydiyyatda olan 1 milyon 700 mindən çox avtomobil var. Rəsmi rəqəmlərə görə, bu avtomobillərin cəmi 2%-nin (34 min) yaşı iki ildən azdır.

Avtomobillərin 3%-nin isə (51 min) istismar müddəti iki-beş il aralığındadır. İstismar müddəti beş-on ilədək olan avtomobillərin toplam saydakı payı isə 11,9%-dir (202 min 300). İstismar müddəti 10 ili aşan avtomobillərsə ölkə avtoparkının 83 faizi (1 milyon 411 min) qədərdir. 

Statistikadan belə çıxır ki, ən yaxşı halda bu 1 milyon 411 avtomobil ildə bir dəfə texniki baxışdan keçəcək və sürücülərdən ümumilikdə 30 milyon manata yaxın utilizasiya haqqı toplanılacaq.

Yəni, idxal edilən və texniki baxışdan keçirilən avtomobillərə görə ildə 70 milyona yaxın utilizasiya haqqı toplanılacaq.

Göründüyü kimi, rüsum və vergilər üzərində qurulan yeni utlizasiya qanununda avtomobil sahibinə edilən 1500 manatlıq təklif özü-özlüyündə sadəcə boş bir rəqəmdən ibarətdir.

Birincisi, bu vəsaiti yerli avtomobil alışında istifadə olunmasa, bunun cəmi 70 faizi nağd şəkildə vətəndaşa ödənilir.

İkincisi, əgər bu avtomobil fevralın birindən sonra ölkəyə gətirilibsə, bu zaman da ondan 400-700 manat aralığında utilizasiya rüsumu alınır.

Vətəndaş yerdə qalan 300-600 manat vəsait isə texniki baxış zamanı yenə hər il rüsum formasında dövlətə ödəməli olacaq. Sözün əsl mənasında günün sonunda vətəndaş avtomobilini utilizasiyaya verəndə ona “qəpik-quruş” ödəniləcək.

Yeri gəlmişkən, onu da qeyd edək ki, utilizasiya prosesi könüllü surətdə həyata keçiriləcək.

Maraqlıdır, bu halda insanlar utilizasiya prosesinə maraq göstərəcəklərmi?



Bu barədə iqtisadçı Natiq Cəfərli Azpolitika-ya şərhində bildirib ki, utilizasiya prosesi demək olar ki, bütün ölkələrdə tətbiq olunsa da, yanaşma bir qədər fərqlidir: “Bu, əsasən avtomobil istehsal edən ölkələrdə geniş yayılmış bir praktikadır.

Dövlətlər öz istehsalçılarını dəstəkləmək üçün köhnə maşınların vergisini artırırlar. Yəni sürdüyün avtomobil nə qədər köhnədirsə, bir o qədər çox vergi ödəyirsən. İnsanlara sərf etməyəndə köhnə maşınlarını ya satırlar, ya da dövlətə təhvil verirlər.

Sonra həmin ölkənin istehsal etdiyi yeni avtomobilləri alırlar. Bu həmin zavodların daha çox işləməsi, daha çox işçi və iqtisadi aktivlik deməkdir. Azərbaycanda isə yerli istehsal yoxdur. Biz yerli istehsal adı altında yığılmış Çin avtomobillərini bura aid edə bilmərik. 

Yerli istehsal odur ki, maşın komponentlərinin ən azı 25%-i həmin ölkədə istehsal olunmalıdır. Məsələn, qardaş Türkiyədə bu göstərici 45-50% civarındadır”.

Ekspert qeyd edir ki, Azərbaycanda utilizasiya mexanizmi hazırlanarkən vətəndaşların alıcılıq qabiliyyəti və ümumi iqtisadi durum da nəzərə alınmalı idi.

N. Cəfərlinin sözlərinə görə, yaxın gələcəkdə bazarda köhnə avtomobillərin qiymətlərində yenidən artım baş verəcək:“Hökumət bu qərarı ekoloji amillərlə əsaslandırır və ölkənin avtomobil parkının 60 faizinin köhnə maşınlardan ibarət olduğunu bildirir.

Doğrudur, lakin avtomobil parkı niyə köhnədir? Çünki ölkəyə gətirilən avtomobillərin rüsumu çox yüksəkdir. Bir avtomobildən Azərbaycan büdcəsinə daxil olan vəsait heç Almaniya büdcəsinə daxil olmur. Nəticə etibarilə yeni maşınların qiyməti artdıqca gömrük rüsumları, aksiz dərəcələri və vergilər də yüksəlir. 

Ona görə də heç kim ölkəyə bahalı maşın gətirə bilmir. İnsanlar alıcılıq qabiliyyətini nəzərə alıb, daha köhnə avtomobillər gətirirlər. Köhnə avtomobillərə isə daha çox rüsum tətbiq olunduğundan maya dəyərində artım baş verir”.



“Azərbaycanda köhnə sovet avtomobilləri əsasən aqrar sahədə, kənd təsərrüfatında çalışan insanlar tərəfindən istifadə olunur. Yeni qaydalara əsasən, bu insanların da vergi yükü artacaq. Çünki bu cür avtomobillərin istehsal tarixi 20 ildən yuxardır.

Əslində insanların avtomobillərini dəyişməyə stimullaşdırmaq lazımdır. Məsələn, Polşada yeni avtomobil alırısınızsa, dövlət Sizə 7500 avro dəstək vəsaiti ödəyir. 

Almaniyada bu məbləğ 9000 avroya qədərdir. Vətəndaş bu zaman fikirləşir ki, aldığım avtomobilin 25 faizini dövlət ödəyirsə, ən yaxşısı elə yeni avtomobil almaqdır. 

Bizdə isə bu cür təşviq proqramları yoxdur deyə, utilizasiya qərarı məntiqi baxımdan doğru olsa da, reallığa uyun gəlmir. 

Ödənən vəsait də çox aşağıdır. Vətəndaş 1050 manata özünə nə ala bilər? Bu pula ən yaxşı halda yeni bir mobil telefon almaq olar...”,-deyə ekspert əlavə edib.

İqtisadçı hesab edir ki, yeni dəyişiklik sadəcə ölkəyə avtomobil gətirənlər və avtomobili olanlar üçün əlavə vergi yükü olacaq.

Bəs xarici təcrübə necədir?

Qeyd edək ki, istifadəyə yararsız nəqliyyat vasitələrinin xaricdə emalı üçün bir neçə istiqamət var. Ən uğurlu modellərdən biri ABŞ modeli hesab olunur. 

Belə ki, orada belə avtomobillərin sahibləri nəqliyyat vasitələrini qanuni olaraq hərraca çıxara bilərlər. Adətən, alıcılar metal qırıntıları, təkərlər və digər avtomobil tullantıları ilə maraqlanan təşkilatlardır.

Avtomobilləri əldə etdikdən sonra şirkətlər özləri qərar verirlər ki, onu tamamilə ləğv etsinlər, yoxsa yeni həyat versinlər. Lakin ABŞ-də də “qara bazar” öz işini görüb.

Hətta işlənmiş avtomobillərin yenidən satışı üçün “qara bazar”ın həm ölkə iqtisadiyyatını, həm də ətraf mühiti təhdid etməyə başlaması ilə əlaqədar hakimiyyət həyəcan təbili çalıb və təkrar emal üçün hərraclar keçirib.

2000-ci ildən isə hər il təxminən 3 milyon avtomobil üçüncü dünya ölkələrinə satışa göndərilir.



Aİ ölkələrində istismar müddətini başa vurmuş avtomobillərin təkrar emalı proseduru standartdır - avtomobillər toplanılır, onların keçmiş sahiblərinə müvafiq sertifikat verilir.

Eyni zamanda, bəzi komponentlər də satıla bilər. İspaniyada 2009-cu ilin may ayının əvvəlindən köhnə avtomobillərini təkrar emala göndərənlərə 2 000 avro bonus ödənilir.

Yaponiyada köhnə avtomobili təhvil verib yeni, aşağı emissiyalı avtomobil alanda 3000 dollara qədər bonus nəzərdə tutulub.

Elvin Bəyməmmədli

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024