«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Rusiyadan gəlib arvadından şübhələnən kişi: "Ayılanda əlimdə bıçağın qan olduğunu gördüm..."

Tarix: 11-03-2024 15:10 | Bölmə: Kriminal | Baxış: 92
Rusiyadan gələn kişi arvadından şübhələndi, marketdə gördü:

Gəncə şəhərində 1983-cü il təvəllüdlü Rasim qısqanclıq zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Əntiqəni (adlar şərti verilib – red.) öldürüb.
 
Rasim 2014-cü il tarixli aktla rəsmi nikah münasibətlərində olduğu və məhkəmənin 2020-ci il tarixli qətnaməsi əsasında nikah münasibətlərinə xitam verilmiş keçmiş arvadı Əntiqə ilə dəfələrlə barışmağa cəhd edib.
 
Rasim Əntiqənin barışıq təkliflərindən imtina etməsinə səbəb kimi başqa şəxslə münasibətinin olmasını güman edib. Qısqanclıq səbəbindən qisas almaq üçün onu öldürmək qərarına gəlib.
 
Rasim mətbəxdən bıçaq götürərək Əntiqənin satıcı işlədiyi Gəncə şəhərindəki “Oba” marketə gəlib. Marketdə heç bir qarşılıqlı söhbət və mübahisə baş vermədən ona bıçaqla çoxsaylı zərbələr vurub. 16 bıçaq xəsarəti alan Əntiqə vəfat edib.
 
İstintaq orqanı tərəfindən Rasimin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rasim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, 2014-cü ildə Əntiqə ilə rəsmi nikahla ailə həyatı qurub, birgə nikahdan 3 övladları olub: “Həmçinin Əntiqə mənim uzaq qohumumdur.

Evləndikdən sonra öncə Bakı şəhərindəki özümə məxsus bina evində, 2014-cü ildən 2016-cı ilə qədər Rusiyanın İrkutsk vilayətinin Tayşet rayonunda yaşamışıq. İlk övladım orada dünyaya gəlib”.
 
Təqsirləndirilən şəxs qeyd edib ki, 2016-cı ildə Əntiqə və övladı ilə birlikdə Bakı şəhərinə qayıdıb, bir müddət Bakı şəhərində yaşayıb:
 
“2017-ci ildə daimi olaraq Gəncə şəhərində yaşamağa başladıq. Azərbaycan qayıtsam da, işimlə əlaqədar tez-tez Rusiyaya gedib-gəlmişəm. Lakin Rusiya vətəndaşlığım olmadığı üçün hansısa yolla vətəndaşlıq almaq qərarına gəldim.

Müxtəlif variantlara əl atsam da, sonda bir variant üzərində dayandım. Rus qız ilə formal ailə həyatı qurub Rusiya vətəndaşlığı almağı düşündüm.

Rusiyada olarkən 2020-ci ildə telefonla Əntiqəyə zəng etdim, ona bu məsələ barədə bildirdim. Əntiqə bu təkliflə razılaşdı. Bundan sonra boşanmaq üçün ərizə göndərdim”.
 
Rasimin sözlərinə görə, 2020-ci ilin payız aylarında onlar rəsmi və formal olaraq boşanıblar, lakin daim bir-biri ilə əlaqə saxlayıblar: “2021-ci il mayın 8-də Rusiyadan Əntiqəyə zəng etdim.

Bir az gec cavab verdiyi üçün onu söyərək acıladım. Səhəri gün Əntiqənin anasıgil gələrək onu Gəncədəki evdən apardı, biz faktiki olaraq bundan sonra ayrı yaşamağa başladıq.
 
Həmin müddətdən sonra dəfələrlə barışmaq istəməyimə baxmayaraq Əntiqə boyun qaçırdı.

Sonuncu dəfə Rusiyada olan zaman Əntiqənin “Oba” marketdə satıcı işləməyə başlaması barədə xəbər gəldi. Bunu qəbul etmədiyim üçün Əntiqənin özünə, anasına, atasına, qohumlarına onun işdən çıxmalı olduğunu bildirdim. Çünki aylıq olaraq uşaqlara görə aliment ödəmişım.
 
Əntiqəyə nə qədər pul lazım olsa, ödəyəcəyimi bildirmişəm. Lakin o, sözlərimə məhəl qoymadı. Artıq 1 aya yaxın idi ki, Rusiyadan qayıtmışdım. Gəncə şəhərində anamla yaşamağa başlamışdım.

Bu müddət ərzində Əntiqə ilə barışmaq üçün hər yola əl atdım. Yəni ailəmin dağılmaması üçün özüm də, qohumlarım da onunla danışmaq üçün yanına getdilər. Lakin heç bir müsbət nəticə əldə edə bilmədik”.
 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verməmişdən 1 həftə əvvəl Əntiqə ilə dil tapmağa başlayıb, lakin yenə də Əntiqənin onunla danışmaq istmədiyini hiss edib: “Onun yenidən mənə qarşı soyuq münasibətini görərək bununla bağlı anası Fatmaya dedim. Anası aramızı düzəltməyə çalışacağını bildirdi.
 
Qayınanama Əntiqənin də, bacısının da məni vatsapda bloka atdığını bildirdim. Əntiqə ilə danışa bilməyim üçün məni blokdan çıxartmağını xahiş elədim. 18 mart 2023-cü ildə axşam saatlarında Əntiqə bacısının telefonu ilə vatsapda məni blokdan çıxardaraq yazdı.

İlk olaraq “Nəyə görə mənim valideynlərimi narahat edirsən, bilirsən ki, bu iş alınası deyil” dedi. Təxminən 1 saat ərzində Əntiqəyə barışmaq istədiyimi bildirsəm də, o, razılaşmadı. Sonra yenidən bacısının telefonundan məni bloka atdı”.
 
Rasim deyib ki, martın 19-da Gəncə şəhərindən Moskvaya saat 17.15 uçuşu üçün bilet alıb: “Səhər saatlarında qayınanama zəng edərək Əntiqənin bacısı Xumarın yenidən məni bloka atdığını bildirdim. Qaynanam Xumara məni blokdan çıxartmağını deyəcəyini bildirdi.
 
Bu söhbətdən sonra Xumar məni blokdan çıxardı. Xumarın telefonu vasitəsilə Əntiqəyə yazaraq onunla görüşmək istədiyimi bildirdim. O, mənə gəlməməyi dedi. Bu söhbətdən hirsləndim.
 
Əntiqənin qardaşı Valeh də Moskva şəhərində yaşayır. Bir gün əvvəl, yəni martın 18-də, qayınanam Valehə çatdırmağım üçün mənə çanta verdi. Əntiqə ilə söhbətdən sonra əsəbləşdiyim üçün Valehə zəng edərək deportasiya edildiyimi və Moskvaya gələ bilmədiyimi bildirdim.
 
Bundan sonra Fatmaya zəng edərək çantanı gətirib geri qaytaracağımı bildirdim. O mənimlə normal danışdı. Lakin sumkanın içindəki paxlavanı yeməməyimi tapşırdı.

Onun bu sözünə əsəbiləşərək çantanın skotçunu onların yanında açmaq, hər şeyin yerində olduğunu, heç bir şeyə toxunmadığını göstərmək üçün evdən bıçaq götürdüm.
 
Təxminən saat 11 radələrində qayınanamgilin yaşadığı evə getdim. Qapını döyəndə Əntiqənin bacısı Xumar çölə çıxdı. Çantanı Xumarın qabağına qoyaraq aça biləcəyini dedim. Xumar buna ehtiyac olmadığını bildirdi”.
 
Təqsirləndirilən şəxsin ifadəsinə görə, çantanı evin girişində Xumara verərək uşaqları onlardan götürüb və taksi ilə öz yaşadığı evə aparıb:
 
“Uşaqları anamın yanına qoydum, özüm isə evə girmədim. Bir siqaret çəkdikdən sonra evdən çıxıb taksi çağırdım. İlk olaraq şəhərdən gedib özümə şalvar üçün kəmər aldım.

Sonra Əntiqənin iş yerinə gedərək onunla danışıb barışmaq istədim. Taksi çağıraraq təxminən saat 12 radələrində Gəncə şəhəri Natavan qəsəbəsində yerləşən “Oba” marketə getdim.
 
Taksidən düşüb marketə daxil oldum, bir qədər kassanın yanında dayandım, sonra vitrinlərin arasına tərəf keçdikdə qapıdan Əntiqənin çıxdığını gördüm. Əntiqə məni görən kimi sifəti çöndü.

“Sən özünə hörmət etmirsən, nə qədər peysərə verəcəksən” dedi. Mənə tərəf gələndə onun bu sözlərini eşidən kimi bir anlıq gödəkçəmin cibində bıçaq olduğunu xatırladım. Bundan sonra nə etdiyimi bilmədim.
 
Ayılanda əlimdə bıçağın qan olduğunu gördüm. Bıçağı marketin içinə ataraq oradan çıxdım. Gəldiyim taksi ilə hadisə yerindən uzaqlaşdım. Gəncə şəhər Baş Polis İdarəsinə gedərək cinayəti etiraf etdim”.
 
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rasim 16 il müddətinə azadlıqdan məhrum edilib./teleqraf



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024