«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
UKRAYNA ÜÇÜN “ALMAN VARİANTI”-“Bufer zonası”na çevrilmək Ukraynaya nə vəd edir?

Tarix: 26-02-2024 14:05 | Bölmə: Manşet | Baxış: 170



Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi son mətbuat konfransında iki ildir davam edən Rusiya-Ukrayna müharibəsini dəyərləndirərkən deyib ki, 2024-cü il dönüş ilidir. 

Müharibə ilə bağlı bir çox məsələlərə toxunan Ukrayna Prezidenti bildirib ki, ötən yay həyata keçirilən əks-hücum əməliyyatı zamanı hücum üçün müvafiq həcmdə silah olmayıb. 

Çünki Qərb tərəfdaşları silahla bağlı vədlərini yerinə yetirməyiblər. Zelenski bu məsələdə xaricdən asılı olduqlarını xüsusi vurğulayıb.

Maraqlıdır ki, Qərb Ukraynaya yardım göstərəcəyini vəd etməklə yanaşı, digər tərəfdən də müharibəyə necə son qoyulması və Ukraynanın hansı güzəştlərə gedə biləcəyi barədə müzakirələrə başlayıb.

Ukraynanın "Obozrevatel.com" saytında dərc edilən “Alman variantı və ya bufer zonası: müharibənin dondurulması Ukraynaya nə verə bilər” başlıqlı məqalədə sözügedən məsələyə toxunulur.

"Press-fakt.com" həmin məqaləni "azpolitika"-ya istinadla təqdim edir:

”Qərbdə Ukraynadakı müharibəyə son qoyulması ilə bağlı müzakirələr güclənib. Ukraynanın müttəfiqlərinin yekdil rəsmi mövqeyi belədir: 

”Rusiyanın öz qoşunlarını Ukraynanın işğal olunan bütün ərazilərindən tamamilə çxarmasından sonra müharibə bitəcək və bu baş verməyənə qədər biz təcavüzkara qalib gəlmək üçün Ukraynaya kömək edəcəyik”

Bununla yanaşı, cəbhədəki durğun vəziyyət səbəbindən müharibənin dondurulması məsələsi də təbliğ olunmağa başlayıb.

Belə fikirlər səslənir ki, Rusiyanın resurs imkanları nəzərə alınmalı və birbaşa hərbi qarşıdurmaya girmək əvəzinə Ukraynanın siyasi-iqtisadi cəhətdən dəstəklənməsi və həm də təcavüzkarın tədricən “məhv edilməsi” fazasına keçilməsi daha yaxşıdır.

Bu cür variantların artmasının səbəbi müharibəni tezliklə bitirəcəyini deyən Donald Trampın hakimiyyətə gələ biləcəyi ehtimalı ilə də bağlı ola bilər.

“Alman variantı”- işğal edilmiş ərazilərsiz NATO-ya üzv olmaq


Əgər qısa söyləsək, ”alman modeli” Ukraynanın NATO üzvlüyünə qəbul edilməsi anlamına gəlir. Lakin bu, “hərbi əməliyyatlar gedən ərazilərsiz” baş tuta bilər. 

Belə bir təklifi NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussen irəliyə sürüb. Onun fikrinə görə, Ukraynanın “qismən üzvlüyü” (Ukrayna işğal olunmamış ərzilərilə NATO-ya daxil olur) Rusiyanın hücumunu dayandırar və bu, NATO tərəfindən Kremlə aydın cavab siqnalı olar.

Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko obozrevatel.com-a verdiyi şərhdə deyib: ”Ukrayna üçün absurd və qəbuledilməz variantdır. 

Bu, bizim ölkəmizin faktiki olaraq iki yerə parçalanması deməkdir və qətiyyən qəbul edilə bilməz. Həm də ki, bu ssenari müharibənin başa çatmasına gətirməyəcək. 

Bu, Rusiyanın növbəti təzavüzə hazırlıq üçün mümkün fasilə götürməsidir. Belə bir yanaşma şəxsən məni çaşdırır. Yəni, əgər biz hadisələrin bu cür cərəyan etməsiylə razılaşsaq, onda bizi dərhal NATO-ya qəbul edəcəklər? 

Yoxsa bu gün bizi Avropa İttifaqına necə “qəbul etdikləri” kimi naməlum şeylər baş verəcək? Bu yanaşmaya yenidən baxmağın vaxtıdır, əks təqdirdə şəhv istiqamətdə gedəcəyik”.

Koreya variantı - Yenidən dirçəlmək üçün müharibənin dayandırılması


Bəzi Qərb rəsmiləri güman edirlər ki, Rusiya və Ukrayna arasındakı döyüşlər 70 il bundan öncə Şimali və Cənubi Koreya arasında gedən müharibədə olduğu kimi atəşkəslə yekunlaşa bilər. Yəni, müharibə nə qədər tez qurtararsa, Ukrayna dövləti bir o qədər tez dirçələr.

Müharibənin dondurulması Ukraynaya öz iqtisadiyyatını və müdafiəsini gücləndirməyə, hərbi-sənaye kompleksini bərpa etməyə və həmçinin də daha böyük demoqrafik böhrandan qurtulmağa imkan verər.

Hələ bununla yanaşı, Ukrayna nəzarətindəki ərazilərlə birlikdə NATO və Avropa İttifaqına da daxil olar. Əvvəla, bu, növbəti müharibəni imkansız edir, ikincisi isə Ukrayna möhkəmlənəcək və bu, itirilmiş ərazilərin geri qaytarılmasında ona kömək edəcək.

Hər iki variantda Qərbin Rusiya ilə bağlı siyasətində sanksiyaların uzadılması, Kremlin diplomatik izolyasiyası, NATO-nun müdafiə potensialının gücləndirilməsi, Amerika-Avropa müdafiə sənayesi bazasına investisiya qoyuluşunun artırılması daxildir.

Ukrayanın xalq deputatı, parlamentin xarici siyasət məsələləri və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Aleksandr Merejko bildirib: ”Son zamanlar müharibənin qurtarması ilə əlaqədar aktiv təkliflər gəlir. Bunlar istər siyasi, istərsə də hüquqi nöqteyi-nəzərdən real deyil. 

Rusiyanın işğal etdiyi torpaqlardan Ukraynanın imtina etməsi və bunun əvəzində NATO-ya daxil olması ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincerin vaxtilə təklif etdiyi formatdır. Ölkəmizin öz ərazisindən imtina etməsi konstitusiyaya ziddir. 

Bəllidir ki, bu gün Ukraynada kimsə belə bir addım atmağa cürət etməz. Əgər praktiki tərəfdən baxsaq, onda sərhədin haradan keçəcəyi məsələsinə toxunulmalıdır. 

Rusiya qanunvericiliyinə görə, Ukraynanın beş vilayəti tamamilə Rusiya Federasiyasının ərazisi sayılır, amma Zaporojye və Xerson vilayətlərinin mərkəzi Ukraynanın nəzarətindədir. Ona görə də təklif edilən variantların nə qədər real olmasını söyləmək çətindir”.

“Bufer zonası”nın xeyirli və ziyanlı tərəfləri



Daha bir variantı Macarıstanın Baş naziri Viktor Orban səsləndirib. O bəyan edib ki, Ukraynanı Avropa İttifaqına və NATO-ya qəbul etməyə dəyməz, yaxşı olar ki, Ukrayna Rusiya və Avropanın qalan hissəsi arasında “bufer zonası” kimi saxlanılsın və ona təhlükəsizlik təminatı verilsin.

Avropa İttifaqında bu variant barədə təkcə Orban düşünmür... 

Beynəlxalq münasibətlər üzrə ekspert Sergey Taran obozrevatel.com-a verdiyi şərhində bildirib: ”Məsələ ondadır ki, ”bufer zonası” adlı hüquqi termin yoxdur. Bunu hərə öz bildiyi kimi yozur. 

Məncə, Orban demək istəyir ki, Ukrayna Avropa İttifaqına və NATO-ya daxil olmayacaq, eləcə “nə oraya, nə buraya daxil olmayan bufer” rolunu oynayacaq, həm də Avropanı qoruyacaq. Burada yaxşı heç nə yoxdur, mən istəməzdim ki, Ukrayna daim bufer rolunu oynasın. 

Əgər belə olacaqsa, Avropanın mühafizəsi üçün ümumi məsuliyyət olmalıdır. Soyuq müharibə zamanı Mərkəzi və Şərqi Avropada ayrı-ayrı ölkələr bu anlayışı özlərinə aid ediblər. Yəni, onlar sovet təhlükəsinə qarşı Avropanın son dayağı idilər.

Gəlin, ”bufer” adlandırıla biləcək bir neçə nümunəyə baxaq. Soyuq müharibə zamanı bu, Almaniya Federativ Respublikası (AFR) idi və o, NATO üzvü kimi kifayət qədər uğurlu inkişaf edirdi.

Sovet işğalı altında qalan Almaniyanın digər hissəsi Almaniya Demokratik Respublikası isə inkişaf baxımından AFR-dən çox geridə qalmışdı. 

Cənubi Koreya da bir sivilizasiyanı digərindən ayıran ölkədir və bu gün texnoloji inkişaf səviyyəsinə görə dünyanın ən qabaqcılları sırasındadır. 

Daha bir bufer nümunəsi Finlandiyadır. Rusiya İkinci Dünya müharibəsindən öncə bu ölkənin ərazisinin bir qismini işğal etmişdi. Finlandiya NATO-ya daxil olmamışdı. Bu, SSRİ-nin şərti idi. Lakin finlər güclü dövlət yarada bildilər və ümumi yekunda Avropa İttifaqına və NATO-ya girdilər.

Mən düşünürəm ki, bu, Ukraynanı gözləyə biləcək yaxşı nümunədir. Ona görə də “bufer zonası” ölüm hökmü deyil, amma məsələ ölkəmizin hansı şərtlər daxilində, hansı pullar və hansı təhlükəsizlik zəmanəti alacağındadır.

Əgər Ukraynanın Avropa sivilizasiyasının müdafiəsində dayanması barədə bir düşüncə varsa, onda aydındır ki, bunun üçün aşağıdakılar lazımdır: Təhlükəsizlik zəmanəti (yeri gəlmişkən, Orban da bundan bəhs edir) sərhədlərin müdafiəsində avropalıların və ukraynalıların birgə iştirakını nəzrdə tutmalıdır. 

Biz müharibədə çiyin-çiyinə dayanmalıyıq. Bu iş Ukrayna Avropanı müdafiə edir, Qərb isə bizə “necə istəyirsə, o cür yardım göstərir” şəkilndə olmamalıdır. 

Yəni, əgər söhbət “bufer” statusundan gedirsə, onda Ukrayna Avropanın təşkilati strukturlarına tam formada inteqrasiyası olmalıdır. 

Bununla yanaşı, mən bir daha təkrar edirəm ki, Ukrayna üçün belə bir rolu ümumiyyətlə yaxşı hesab etmirəm. İstəməzdim ki, biz daima “bufer”də yaşayaq. Ona görə də bu, yalnız müvəqqəti variant kimi qəbul edilə bilər”.

 Vaqif Nəsibov

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024