Ölkənin nüvə qüvvələrini xüsusi hazırlıq vəziyyətinə gətirmək barədə Rusiya prezidenti Vladimir Putinin əmri bütün dünyada təşviş yaradıb.
Amma bir çox analitiklər hesab edirlər ki, bu əmr Putinin həqiqətən də nüvə silahından istifadə etmək istəməsi kimi yox, Ukraynadakı müharibəyə qarışmamaqla bağlı digər ölkələrə xəbərdarlığı kimi qiymətləndirilməlidir.
Doğrudan da nüvə silahı artıq 80 ildir ki, mövcuddur və bir çox ölkələr onu çəkindirmə aləti və öz milli təhlükəsizliklərinin təminatı olaraq görür.
Rusiyanın neçə nüvə silahı var?
Nüvə silahlarının sayı barədə son dərəcə təxmini fikir yürütmək olar, amma Amerika Alimləri Federasiyasının hesablamalırına görə, Rusiyanın 5977 nüvə başlığı (nüvə partlayışı yaradan qurğu) var. Hərçənd bu saya artıq istismardan çıxarılmış və utilizasiyaya göndərilməli başlıqlar da daxildir.
Digərləri daha az dağıdıcı olan, döyüş meydanında və ya suda tətbiq edilən taktiki nüvə silahları hesab olunur.
Bütün bunlar o demək deyil ki, Rusiyanın istifadəyə hazır minlərlə uzaqmənzilli raketi var.
Mütəxəssislərin qiymətləndirməsinə görə, Rusiyanın 1500-ə yaxın nüvə başlığı sadəcə olaraq bazalarda, aerodromlarda və ya sualtı qayıqlarda yerləşdirilmiş vəziyyətdədir.
Digər ölkələrdə nə qədər nüvə silahı var?
Hazırda 9 ölkə nüvə silahına malikdir. Bunlar Çin, Fransa, Hindistan, Pakistan, İsrail, Rusiya, ABŞ, Böyük Britaniya və Şimali Koreyadır.
Çin, Fransa, Rusiya, ABŞ və Böyük Britaniya və digər ölkələr (cəmi 191 dövlət) Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə imzalayıb.
Bu müqavilədə onlar nüvə silahı ehtiyatlarını azaltmaq və nəzəri olaraq ondan tamamilə vaz keçmək öhdəliyi götürüblər.
Həqiqətən də 1970-1980-ci illərdən sonrakı dövrdə bu ölkələr nüvə başlıqlarının sayını azaldıb.
Amma Hindistan, Pakistan və İsrail bu müqaviləyə qoşulmayıb (İsrail nüvə silahına malik olduğunu rəsmən etiraf etməyib), Şimali Koreya isə 2003-cü ildə razılaşmadan çıxıb.
Ukrayna nüvə silahına sahib deyil və Putinin ittihamlarına baxmayaraq, Kiyevin nə vaxtsa bu silahı əldə etmək cəhdinə dair heç bir sübut da yoxdur.
Nüvə silahı nə dərəcədə dağıdıcıdır?
Nüvə silahlarının əsas vəzifəsi maksimum ziyan vurmaqdır. Onların gücü bir sıra amillərdən, o cümlədən, aşağıdakılardan asılıdır:
- döyüş başlığının ölçüsündən;
- döyüş başlığının partladığı hündürlükdən;
- nüvə silahlarının istifadə olunduğu ərazidən.
Hərçənd ən kiçik döyüş başlığı belə çox sayda insan tələfatına və uzunmüddətli mənfi nəticələrə səbəb ola bilir.
İkinci Dünya Müharibəsinin sonunda Xirosimaya atılan atom bombasının gücü "cəmi" 15 kiloton idi və 146 min insanın ölümünə səbəb olmuşdu.
Müasir nüvə başlığının gücü 1000 kilotondan çox ola bilir.
Belə bir döyüş başlığının partladığı ərazidə praktiki olaraq heç nə qalmır.
Göz qamaşdıran bir parıltıdan sonra nəhəng alov topu (texniki baxımdan bu, son dərəcə intensiv işıq emissiyasıdır) və zərbə dalğası yaranır ki, ikisi birlikdə bir neçə kilometr radiusdakı bütün tikililəri məhv edir.
Nüvə silahından çəkindirmə nədir və təsiri varmı?
Böyük bir nüvə silahı arsenalı saxlamağın xeyrinə olan arqumentlərindən biri budur ki, düşmənini tamamilə məhv etmək imkanı onu hücumdan çəkindirməlidir.
Adətən, buna qarşılıqlı təminatlı məhvetmə deyilir.
Nüvə qurğularının çoxsaylı sınaqlarına, onların davamlı texniki təkmilləşdirilməsinə və zərbə gücünün artırılmasına baxmayaraq, 1945-ci ildən bəri heç bir silahlı münaqişədə nüvə silahından istifadə olunmayıb.
Rusiyanın hərbi doktrinası nüvə silahının məhz çəkindirici funksiyasını nəzərdə tutur və ondan istifadənin dörd mümkün halını qeyd edir:
- Rusiyanın və ya onun müttəfiqlərinin ərazisinə ballistik raketlərin buraxılması;
- Rusiya və ya onun müttəfiqlərinə qarşı nüvə silahından və ya digər kütləvi qırğın silah növlərindən istifadə;
- Rusiyanın nüvə potensialını təhlükə altına alan mühüm hökumət və hərbi obyektlərinə hücum;
- Dövlətin mövcudluğunu təhlükə altına alan adi silahların tətbiqi ilə Rusiyaya qarşı təcavüz.
Qorxmağa dəyərmi?
BBC-nin təhlükəsizlik üzrə müxbiri Gordon Corera-nın şərhi
Həqiqətən də qorxmalıyıqmı? Hazırda nüvə müharibəsi ehtimalı doğrudan da bir qədər artıb, ancaq bu ehtimal əvvəlki kimi azdır.
Amma Putinin hədəsi onun bu silahlardan istifadə etmək istəməsindən daha çox xəbərdarlıq xarakteri daşısa belə, bir tərəfin digərinin hərəkətlərini səhv başa düşməsi və ya vəziyyətin nəzarətdən çıxması riski həmişə var.
Britaniyanın müdafiə naziri Ben Wallace BBC-yə müsahibəsində bildirib ki, hələlik Rusiya nüvə silahlarının yerləşdirilməsində hər hansı dəyişiklik müşahidə olunmayıb. Bununla belə, kəşfiyyat strukturundakı mənbələr vəziyyəti diqqətlə izləməyə davam etdiklərini təsdiqləyirlər./BBC
Digər xəbərlər