«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
ABŞ-da polis işləyən sabirabadlı qadın: "Bura çoxlarının düşündüyü kimi bir ölkə deyil..." - FOTO

Tarix: 04-05-2022 22:45 | Bölmə: Müsahibə | Baxış: 201

ABŞ-da polis işləyən sabirabadlı qadın:


Press-fakt.com ölkə.az-a istinadən 20 ildir ABŞ-da polis işləyən azərbaycanlı Şəhla Abbaslı ilə müsahibəni təqdim edir:

- Salam, Şəhla xanım, əvvəlcə özünüz haqqında məlumat verərdiniz. Necə oldu ki, polis olmağa qərar verdiniz?

- Azərbaycanda doğulmuşam. Əslim Sabirabadın Bala Həşimxanlı kəndindəndir. Əmim uzun illər Sabirabadın müstəntiqi olub.  O, həmişə uniformada olurdu, çox xoşuma gəlirdi. 2-ci sinifdə oxuyandan bəri müstəntiq olmağı arzulayırdım. Həmişə deyirdim ki, mən də polis olacağam, haqsızlıq edənləri tutacağam.
Əmim Rusiyanın Volqoqrad məktəbində Ali polis məktəbini bitirmişdi.  Burada qadınlar üçün polis məktəbi olmadığından mən də oxumaq üçün Volqoqrada yollandım.

- Bəs ailəniz bu qərarınıza necə reaksiya verdi?

- Bilirsiniz, uşaq vaxtından çox ataman, dəcəl olmuşam. O qədər dəcəl idim ki, anam məni oxlov və "tapıçka" ilə döyürdü. Bütün bunlara baxmayaraq öz istəklərimin arxasıyaca getdim. 7 il musiqi təhsili alsam da, polis olmaq istəyirdim. Sözə baxmasam da, çalışqan idim və hər kəslə dil tapırdım. Orta məktəbi əla qiymətlərlə bitirmişəm. 

-Əmim Volqoqradda oxumuşdu deyə mən də orada oxumaq istəyirdim. Getmək üçün təkid etdim. Anam dedi ki, hara gedirsən? O istəməsə də iki ayağımı bir başmağa dirədim ki, gedəcəyəm vəssalam. Axırda mənə gedib qayıtmaq üçün 3 günlük bilet aldılar.

Volqoqradda polis məktəbinə  getdim, məni qəbul etmədilər. Dedilər ki, bura daxil olmaq üçün gərək stajın olsun. Əgər bizdə iş olsa, 2-3 il işləsən, sən bura kursant kimi qəbul oluna və dörd ildən sonra müstəntiq ola bilərsən. Həmin ali polis məktəbində general Qabrilov vardı. Onun yanına yollandım, özü ilə söhbət etdim və müstəntiq olmaq istədiyimi dedim. O mənə dedi ki, əgər siz bizim bu məktəbdə işləsəniz, 3 ilə  bura daxil ola bilərsiniz. Razılaşdım və Azərbaycana qayıtmaq üçün aldıqları bileti aparıb qaytardım.
Gündüzlər işlədim, axşamlar karateyə getdim. 3 il sonra Ali polis məktəbinə qəbul oluna bilərdim, amma Azərbaycandan göndərilməli olan sənədlərdə problem olduğu üçün 4 il orada işlədim.

- ABŞ-a necə gedib çıxdınız?

-  Sonra Qarabağ müharibəsi başladı, qarışıqlıq düşdü. Mən də Azərbaycana qayıtdım. 1 il işlədim, eyni zamanda xalq təsərrüfatı filialının planlaşmasında oxudum. Sonra yenidən Volqoqrada qayıtdım. Orada evləndim, bir oğlum oldu. 3 il də qiyabi orada oxudum.

- Həyat yoldaşınız azərbaycanlı idi?

-  Yox, o əslən əfqan idi. Sonradan problemlərimiz yarandı və ayrıldıq. Yenidən bir il Azərbaycanda yaşadım və Niderlanda getdim. Orada ingilis dilini oxudum. İki il təhsil aldıqdan sonra ABŞ-a gəldim.

- ABŞ-da ilk vaxtlar çətinliyiniz oldumu? Sizi dərhal işə götürdülər?

- Müxtəlif yerlərə müraciət edərək polis məmuru işləmək istədiyimi dedim. Azərbaycan türk, ingilis, rus və fars dillərini bilirəm, ispancanı 30-35% başa düşürəm. 173 boyda 60 kq çəkidəyəm. Sənədlərim də qaydasında idi. Bura gələndə birbaşa müstəntiq kimi başlamadım. Əvvəl stajor kimi çalışdım. İki il sonra isə nişan aldım. Ondan sonra ABŞ-da polis işləməyə başladım. Artıq 20 ildir Kaliforniya ştatının San-Diyeqo şəhərində işləyirəm.

- ABŞ kimi bir ölkədə polis işləmək yəqin ki, çətindir...

-Doğrusu, bizim işimiz bir az sərtdir. Burada kriminallar bomjlar və s. onların çoxunun psixi problemləri var. Biz onlarla bəzən sərt, bəzən terapiya aparırmış kimi davranırıq. Yəni əsas odur ki, kimsə zərər görməsin.

Yəni sözü demək qaydaları var. Biz forma daşıyırıq və bu, qanun deməkdir. ABŞ-da artıq sən qanunsan və qanuna zidd gedənlər, əlbəttə, cəzalandırılırlar.

- Polis kimi hansısa bir rütbəniz varmı?

- Burada polisdə rütbələr yoxdur. Sadəcə, nişanlar verirlər ki, neçə ilin stajı var.
Burada əvvəlcə ilk yardımı, sonra adamları necə tutmaq lazımdır, qolu burmaq və s. öyrədirlər. Bizə videolar izlədirlər sonra imtahan edirlər ki, hansı vəziyyətdə nələr etmək lazımdır. 20 ildir işləyirəm, amma hər il bizdə yenilənmə olur və biz kompüterdə onları keçməliyik.
Hər kəsin işçi nömrəsi var və onu yazıb ad soyadımızı daxil edirik və imtahanlar veririk. Hər kəs o imtahanları keçməli, sertifikat və diplomlar almalıdır. Hansı şəraitdə, hansı ayaqqabılar geyinilməlidir, oğru gəlsə, hansı qapıdan çıxar və s. kimi suallar verirlər. Sizin stajınızın nə qədər olmasından asılı olmayaraq  imtahanlar hər il verilir və siz yenilikləri öyrənməlisiniz.

- Həm polis işləmək, həm də uşağa baxmaq sizi yormur ki?

- Bilirsiniz, biz yoldaşımla ayrıldıqdan sonra o məni gəlib tapdı və biz barışdıq. Növbəti oğlumuz dünyaya gəldi. Böyük oğlum Fərid və kiçik oğlum Yusuf. Sonra yenə bizdə problemlər yarandı və ayrıldıq. Əvvəllər Hollandiyada olduğum zamanlarda heç vaxt bizim yeməkləri bişirmirdim. Yoldaşımla ayrıldıqdan sonra yutubdan baxdım və Azərbaycan yeməkləri bişirməyə başladım. Uşaqları məktəbə apar-gətir, yemək bişir, işə get. Hamısını eləmişəm. Övladlarımı aktiv böyütmüşəm. Onları paraşütdən tullanmağa, at minməyə, tenis oynamağa aparmışam. 
Amma hər zaman mənim nəzarətimdə olublar. Kiçik oğlumun 13 yaşı olacaq. Onu da böyük kimi gəzintilərə, idmana və s. aparıram. Dostlarını, sinif yoldaşlarını ailələrindən icazə alaraq birgə gəzməyə aparıram. Bilim ki, hara getdilər, kiminlə oturub-durdular. Amma qoymuram ki, avtobus minsin.

- ABŞ-da yaşasanız da əsl azərbaycanlı ana kimi davranırsınız...

- Övladlarımı böyüdəndə həmişə onlara demişəm ki, sən amerikalı deyilsən, əslin-nəslin var.  Çalışıram ki, Azərbaycanımıza layiq olsunlar. Deyirəm ki, əsas odur kişi olun.
Kiçik oğlumu avtobusa, tramvaya minməyə qoymuram, çünki avtobusda biri bıçaq vurur, biri narkotikdən istifadə edir, tramvayda təbii ehtiyaclarını ödəyirlər, nə vaxt getsən pis qoxur. Bəzən məndən soruşurlar ki, anan niyə ABŞ-a gəlmir. Deyirəm ki, pul olandan sonra Azərbaycanda yaşamaq daha rahatdır. O, ingilis dilini bilmir. Gərək mən onu hər yerə maşınla aparam. Özü də şəhərə çıxsan hər yerdə cinayətkarlıq, narkotik var. Elə bil hər yer zombilərlə doludur. Burada varlı insanlar şəhərin kənarında yaşayır. Evsizlər, narkomanlar isə mərkəzə toplaşır.

-Atam maddəni bizə göstərdi, dedi ki, Allaha and olsun bilsəm ki, siz də belə şeylər edirsiniz, başınızı kəsərəm, sizi Xəzər dənizində boğaram.

Oğluma yolda bomjları göstərib deyirəm ki, hamısı narkotikdən olub. Videolarını göstərirəm, deyirəm, bax bu heroindir, bu formada istifadə edirlər. Yəni haradasa görsə, bilsin ki, olmaz, uzaq durmaq lazımdır. Atam da bizi elə böyüdüb. 
O vaxt bizim restoranımız vardı. Mən 5, ya 6-cı sinifdə oxuyurdım. Atam gəlib bizi oyatdı. Atam bir dəfə görmüşdü ki, restoranın mühafizəçisi soyuducunu filan narkotikə dəyişir. Atam maddəni bizə göstərdi, dedi ki, Allaha and olsun bilsəm ki, siz də belə şeylər edirsiniz, başınızı kəsərəm, sizi Xəzər dənizində boğaram.

- Övladlarınız da sizin kimi polis olmaq istəyirmi?

- Böyük oğlumun 30 yaşı olacaq. O da polisdir, 5 dil bilir. Eyni zamanda p-trainerdir. Kiçik oğlum isə vəkil olmaq istəyir.

- Bəs qayınana olmusunuzmu?

- Böyük oğlum evlidir. Yoldaşı meksikandır. Çox tərbiyəli mədəni qızdır. Gəlir soruşur ki, hansı çaydan içəcəksiniz. Mənimlə danışanda ayaq üstə durur. O qədər sakit təbiətli qızdır. Hərdən oğlum yoldaşına deyir ki, sakit ol, anam danışır.  Mən də Fəridi danlayıram, deyirəm, mən səni belə öyrətmişəm?

- ABŞ-da narkotik, cinayətkarlıq daha çoxdur. Elə bir ölkədə polis işləmək sizi qorxutmur?

- İnsan hər hansı işdən qorxursa, ona hazır deyilsə, o işi əsla bacara bilməyəcək, büdrəyəcək. Bu işdən əsla qorxmuram. Fikirləşirəm ki, insan özünə güvənməlidir. Elə olsa, kimsə sənə bata bilməz. Amma işin özü əlbəttə ki, qorxuludur. Bəzən düz gözlərinin içinə baxa-baxa  üstünə gəlirlər. Az qalır üzü üzünə dəysin. Mən elə anlarda heç vaxt geriyə addım atmıram. Əgər bir kriminal və ya sərxoş, narkoman görsə ki, siz geriyə addım atırsınız və ya sizin gözlərinizdə vahimə, qorxu var, o sizin zəifliyinizi tutacaq.
Ona görə özünüzü rahatlaşdırmalısınız ki, onun öhdəsindən gələrəm. İnsanın zəifliyi onun düşüncəsindədir. Heç bir şeydən qorxmuram. Şükür ki, Allah hər yerdə mənə yardımçı olur. 
Bir dəfə işlədiyim yer 50 mərtəbəli binada yerləşirdi. O binanın başına çıxıb şəkil də çəkdirmişəm. İnsan öləndə də etmədiyi şeylərə görə heyifsilənir. Həyatda risk etməlisən. Mən də elə bir insanam ki, fikrimdən bir şey keçirsə, onu etməsəm, səhərə qədər yata bilmərəm. 

-Bəzi insanlar var ki, gəlir deyir, həbsxanadan çıxmışam, telefonunuzdan istifadə edə bilərəmmi? 

- İndi sizin işiniz nədən ibarətdir?

- Hazırda sahə polisi kimi fəaliyyət göstərirəm. Bu dəqiqə patruldayam. Əgər ərazidə kimisə narahat edirlərsə, kimisə qışqırırsa, dalaşırsa nəzarət edirik, vəziyyəti tənzimləyirik. İnsanlar gəlib yardım istəyirlər. Bəzi insanlar var ki, gəlir deyir, həbsxanadan çıxmışam, telefonunuzdan istifadə edə bilərəmmi? 
Əsasən atışma, bıçaqlanma olanda və s. müdaxilə dirik, təcili yardım çağırırıq və s. Digər hallarda onlarla söhbət edirik.
Bəzən insanlar özlərini körpüdən atmaq istəyir. Vəziyyətə daim nəzarət etmək lazımdır. 
Bir də görürsən, kimsə gəlib şalvarını çəkib oturur. Hətta olub ki, batırıblar, demişəm bu dəqiqə təmizləməlisən, yoxsa həbs edəcəyik. Çalışırıq ki, insanlar başqasına hörmət etsin, normadan kənar şeylər olmasın, çılpaq gəzməsinlər və s.

- Silahdan tez-tez istifadə edirsiniz?

- Silahdan çox yaxşı istifadə edə bilirəm. Amma hər dəqiqə silaha davranmaq olmaz. Özünüzü rahat aparmalısınız, sanki sizdə heç nə yoxdur. Əliniz hər daim silahın üzərində olmamalıdır. Bu o deməkdir ki, sizdə vahimə var, özünüzə güvənmirsiniz. Belə şeyləri əlbəttə ki öyrədirlər. Mənim silahım ağlımdır. Əvvəlcə səbirli olmalısınız. Ünsiyyətdə nə deyəcəyinizi bilməlisiniz. Onlar bağırır, qışqırır. Əvvəlcə xahiş etməlisiniz, dinləməsə, sonra digər üsullara əl atmaq olar. Ona insan kimi yanaşmalısınız. 

- Həmişə sahə polisi kimi fəaliyyət göstərmisiniz?

- Xeyr. Amerika-Meksika sərhədində yoxlanışda da olmuşam. İki işdə işlədiyim vaxtlar da olub. Məsələn, hərbi dəniz limanında inspektor işləmişəm. Sərhəddə yoxlanışda olmuşam. Maşında patrul xidməti kimi işlədiyim vaxtlar olub. 
Hər xidmət növündə fərqli formalar var. Məsələn, inspektor kostyumumu hazırda istifadə etmirəm. Amma saxlamışam ki, lazım olar. Biz qalstuk da taxırıq, çünki vəkillərlə işləyirik.

- Tez-tez dünya mətbuatında ABŞ polisinin qaradərilərlə pis davranması ilə bağlı xəbərlər görürük. Bir polis kimi vəziyyət barədə nə deyə bilərsiniz?

- Burada kriminalların çoxu qaradərililər olur. Bəziləri isə var ki, qaradərili olduqları üçün hətta utanırlar. Qaradərililərə sonradan azadlıq verilib. Onların arasında təhsillilər də azdır. Burada qaradərililər ağları sevmirlər, çünki ağlar daha çox təhsillidir, yüksək vəzifələrdə işləyirlər. Bu vaxta qədər 50-60 müxtəlif ərazidə - həbsxanada, insanlara yardım olunan yerlərdə, hərbi gəmi zonalarında və s. işləmişəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, sanki qaradərililər hər kəsə küskündürlər və ağları cəzalandırmaq istəyirlər.
ABŞ-dakı qaradərililərin hardasa 35%-i oxuyub. Bu gün ABŞ-da çöldə yaşayanların çoxsusu qaralardır.
Məsələn, bir dəfə zalda bir qaradərili və ağdərili qadın oturmuşdular. Hərəsinin də yanında övladı vardı. Qaradərili qadının uşağı qaçır, digərini vurur, səs-küy salırdı. Mən xanıma irad bildirəndə, o dəqiqə etiraz etdi ki, qarayam deyə belə deyirsiniz. Mən ona izah etdim ki, heç amerikalı deyiləm və mənə fərqi yoxdur. Hər kəs qanuna əməl etməlidir. İstəyir lap bacım olsun, fərqi yoxdur, qanun hamı üçün eynidir.

-Bilirsiniz, indi narkotikə qurşanan, tüfeyli həyat keçirənlərin əksəriyyəti qaradərililərdir. Biz onlara hörmət edirik, amma onlar özləri özlərinə hörmət etmir.

- San-Diyeqoda Azərbaycanı tanıyırlarmı?

- Burada Azərbaycanı çox tanımırlar. Avtomobilimdə Azərbaycan bayrağı asmışam. Bəzən soruşurlar ki, Azərbaycan harada yerləşir? Həmişə Azərbaycanı at üstündə qılınc oynadan qafqaz milləti, mərd oğullar ölkəsi, yardımsevər millət kimi təqdim edirəm. Övladlarıma da belə təlqin etmişəm. Demişəm ki, siz yardımsevər olmalısınız.
Biz buradakı həmyerlilərimizə də, digər insanlara da yardımlar edirik. Bacardığımız qədər yardım edirik. Hətta olub ki, gedib görürəm yoxsul yaşlı və ya ailəsini itirmiş insanlardır. Onun özünə yemək pal-paltar alıb vermişəm, bəzi tüfeyli həyat keçirənləri işə düzəltmişəm və s.

- Son olaraq Azərbaycan cəmiyyəti ilə ABŞ insanlarının ən böyük fərqi nədədir?

- Azərbaycanda qonşu qonşudan şikayət etmir, ayrılıqlar az olur. Uşaqlıqdan bizdə kim nə olmaq istədiyini seçir. Burada isə soruşursan ki, nə olmaq istəyirsən? Deyir bilmirəm. 
Burada ailələr övladlarına düzgün tərbiyə vermirlər. Onlar arasında mübahisələr hədsiz çox olur. Bəzən övladlar valideynlərini, bəzən isə əksinə, bir-birlərini şikayət edib həbxanaya saldırırlar. Burada uşağa bir balaca səsini qaldırsan, uşaqları dövlət valideyndən ala bilər. Məsələn, övlad ata-anaya televizor satıbsa və pulu ala bilmirsə, 200 dollara görə valideynlərini məhkəməyə verir. Burada çaxnaşmalar çox olur. Kimsə işləyəndə bir balaca zədə alsa, iş yerini məhkəməyə verir, insanlar vəkili, hətta məhkəməni də məhkəməyə verirlər. Onlar buna demokratiya deyir. Amma məncə bu qədəri demokratiya deyil, özbaşınalıqdır.

-Bəzən övladlar valideynlərini, bəzən isə əksinə, bir-birlərini şikayət edib həbxanaya saldırırlar. Onlar buna demokratiya deyir. Amma məncə bu qədəri demokratiya deyil, özbaşınalıqdır.

O gün 7-ci sinifdə oxuyan oğlum deyir ki, sinif yoldaşı sevgilisi ilə birgə məktəbi atıb, bundan sonra birgə yaşayacaqlar. Baxmayaraq ki, burada dərslər asandır. Məsələn, burada 7-ci siniflərə öyrədilən dərs, Azərbaycanda ikinci siniflərin dərsindən  daha asandır. Bununla belə oxumaq istəmirlər. Uşaqların çoxu diplom ala bilmir, məktəbi atırlar. Valideynlər nəzarət etmir.
ABŞ işləmək üçün və pasportuna görə çox yaxşıdır. Çünki o pasportla istənilən ölkəni gəzə bilərsən. Bir də rüşvət yoxdur. 
Bütün çətinliklərə və fərqliliklərə baxmayaraq mən işimi, həyatımı sevirəm və özümü xoşbəxt hiss edirəm.
Hər zaman "Amerika, Amerika" deyirlər. Ona görə bunları danışdım ki, ABŞ bütünlüklə çoxlarının düşündüyü kimi bir ölkə deyil.





Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024