«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Növbədənkənar prezidenti seçkiləri azad və ədalətli olmayıb"- Müsavat Partiyası

Tarix: 07-02-2024 23:55 | Bölmə: Ölkə / Rezonans | Baxış: 110

“Müsavat” : növbədənkənar prezidenti seçkiləri azad və ədalətli olmayıb


Müsavat Partiyası 7 fevral 2024-cü il tarixli növbədənkənar prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb.

Partiyanın mətbuat xidmətindən təqdim olunan sənəddə deyilir ki,  7 fevral 2024-cü il tarixdə növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkiləri əvvəlcədən hər hansı ictimai diskussiyalar aparılmadan, növbədənkənar seçkilərin təyin edilməsinin səbəbləri xalqa izah edilmədən təyin edilib.

Müsavat Partiyası növbədənkənar prezident seçkiləri təyin olunduqdan sonra Azərbaycan hakimiyyətinə seçkiqabağı demokratik şəraitin yaradılması istiqamətində addımların atılması, siyasi məhbusların azadlığa buraxılması, sərbəst toplaşma hüququnun, ifadə azadlığının təmin edilməsi, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinə şərait yaradılması barədə çağırış edib.

Müsavat Partiyasının seçki kampaniyası dövründə bərabər rəqabət şəraitinin yaradılması üçün irəli sürdüyü bu təkliflər cavabsız qalıb. Tam əksinə olaraq növbədənkənar seçkilər təyin olunduqdan sonra da siyasi opponentlərə qarşı təqiblər, siyasi motivli həbslər davam edib.

Müsavat Partiyası bütün bunları, eləcə də Müsavat Partiyası strukturlarında aparılan müzakirələrin və ictimai sorğuların nəticələrini nəzərə alaraq fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib.

“2024-cü il 7 fevral tarixinə təyin olunan növbədənkənar prezident seçkiləri hər hansı siyasi zərurət olmadan qərarlaşdırılıb. Bu barədə Azərbaycan Respublikasının prezidenti adından verilən 7 dekabr 2023-cü il tarixli sərəncamın Azərbaycan Respublikasının Konstitusiyasına uyğun hər hansı hüquqi əsasları yoxdur.

Belə ki, Konstitusiyada fövqəladə, ümummilli əhəmiyyətli növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün konkret hüquqi əsas və ya səbəb göstərilməyib. Bu qərar faktiki olaraq ölkə rəhbəri İlham Əliyevin 5-ci dəfə prezident olması üçün rəqabətsiz şərait yaradılmasına xidmət edib”, - daha sonra sənəddə deyilir.

Seçki qanunvericiliyində demokratik islahatların aparılması ilə bağlı irəli sürülən təkliflər, o cümlədən beynəlxalq təşkilatların tövsiyyələri yerinə yetirilməyib.
“Bunun nəticəsində MSK da daxil olmaqla, bütün seçki komissiyaları və oradakı vəzifələr faktiki olaraq həlledici səs çoxluğu ilə hakimiyyətin nəzarəti altında qalıb. 

Bundan əvvəl Azərbaycanda keçirilən seçkilərin nəticələrinin seçki komissiyaları tərəfindən saxtalaşdırıldığı yerli və beynəlxalq müşahidə mərkəzləri tərəfindən dəfələrlə qeyd olunsa da, seçki komissiyalarının tərkibi dəyişdirilməyib. Seçici siyahıları ciddi qüsurlarla tərtib edilib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə ölkədə 7,5 milyona yaxın seçici yaşında vətəndaşın olması barədə məlumatla seçici siyahılarında olan seçicicilərin sayını müqayisə edərkən aydın olur ki, bir milyondan artıq seçicinin adı seçici siyahılarına daxil edilməyib.

Seçki kampaniyası dövründə namizədlərin əksəriyyəti öz platformalarını elektorata çatdırmayıb, kütləvi görüşlər keçirilməyib, vəd verməyib, ümumiyyətlə təbliğat kampaniyası aparılmayıb.

Seçki günü aparılan müşahidələr zamanı seçicilərin böyük əksəriyyətinin səsvermə məntəqələrinə getmədiyi, karusel əməliyyatı vasitəsi ilə seçici qruplarının müxtəlif məntəqələrdə dəfələrlə səs verməsinə şərait yaradılması, seçki qutularına topa halında seçki bülletenlərinin atılması kimi pozuntular aşkar edilib.

Bütün bunlar MSK- nın seçici fəallığı ilə bağlı elan etdiyi rəqəmlərin bir-neçə dəfə şişirdildiyini göstərir”, - rəydə qeyd olunur.

Müsavat hesab edir ki, 2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkiləri azad və ədalətli olmayıb. 

“Bu seçkilər son illərdə ölkəmizdə keçirilən digər seçkilərdə olduğu kimi BMT, ATƏT və digər nüfuzlu qurumlar qarşısında götürülən öhdəliklərə cavab verməyib.
Müsavat Partiyası 2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərini azad və ədalətli olmayan, qeyri-demokratik, xalqın azad iradəsinin ifadəsini əks etdirməyən seçkilər hesab edir.

Müsavat Partiyası 2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərinin nəticələrinin ləğv edilməsini, Azərbaycan xalqının azad iradəsini əks etdirən və beynəlxalq standartlara cavab verən, demokratik seçkilər vasitəsilə prezident seçkilərinin keçirilməsini tələb edir”, - sonda sənəddə vurğulanır./Turan

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024