«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
15 İL ƏVVƏLİN SİRLİ QƏTLİ - Rail Rzayevə qarşı Bakının mərkəzində terroru kim sifariş verib?

Tarix: 11-02-2024 12:45 | Bölmə: Ölkə / Araşdırma | Baxış: 97



15 il əvvəl, fevralın 11-də Bakı səhəri dəhşətli terror xəbəri ilə açdı. Səhər evindən çıxıb xidməti maşınında iş yerinə - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə gedən nazirin müavini Rail Rzayevi başına açılan atəşlə şəhərin mərkəzi hissəsində qətlə yetirdilər.

Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı (1993-2009), general-leytenant Rail Rzayevə qarşı terror o zaman milli təhlükəsizlik naziri olan Eldar Mahmudovun eyvanının altında baş tutmuşdu.

1 sərrast güllə ilə generalın həyatına son qoyulmuşdu. Terrorun diqqətlə hazırlandığı göz qabağında idi.

Əfsus ki, ölkənin təcrübəli bir generalının ölümü ilə bağlı müəmma hələ də qalır. Qətllə bağlı sirr pərdəsi bu günədək götürülməyib.

Ortaya o vaxtkı baş prokuror Zakir Qaralov ağlasığmaz versiyalar atsa da, kimsə onun dediklərinə inanmamışdı.

Zakir Qaralov demişdi ki, guya qətl hadisəsindən sonra Rail Rzayevin kabinetində oğurluq olub. Oğurluğu edən də Rail Rzayevin köməkçisi olub.

2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin qərarı ilə Aydın Rəfiyev 9, onun oğlu Anar Rəfiyev 7 il 6 ay, generalın yavəri Anar Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Lakin cəmiyyətdə bu terror olayının açılmadığı, özəlliklə sifarişçinin naməlum qalması ilə bağlı rəy var. Qətl nə vaxtsa açıla bilərmi?

Rail_Rzayev-1.jpg (157 KB)

Terrorda xarici amilin rolu mümkünmü, axı Rail Rzayev sıradan biri yox, müharibə vəziyyətində olan bir dövlətin olduqca mühüm, strateji əhəmiyyətli qoşun növünün komandanı idi.

 Rail Rzayev Azərbaycan müstəqillik əldə etdikdən sonra öldürülən 3-cü yüksək rütbəli hərbçi idi. Buna qədər 1993-cü ildə Ali Hərbi Dənizçilik Məktəbinin admiralı Eduard Hüseynov, 1994-cü ildə isə Prezident yanında Xüsusi İdarənin rəhbəri Şəmsi Rəhimov qətlə yetirilmişdi.

Qətllə bağlı bugünə qədər istintaqın, rəsmilərin cavab vermədiyi suallar var. Məsələn, müdafiə nazirinin müavini olan Rail Rzayevin Azərbaycanın Müdafiə Nazirliyindəki kabinetinə ondan icazəsiz kim girməyə cürət edərdi?

Öldürülən generalın yavərinə onun kabinetindəki seyfi kim açdıra bilərdi? Seyfi açdıran şəxs oradan hansı sənədləri götürüb? Rail Rzayevin Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovla münasibətləri də bu xüsusda incələnməli məsələdir.

Qətldən sonra Müdafiə Nazirliyinin (MN) verdiyi açıqlamaya görə, general səhər saatlarında işə gələrkən başından güllələnib. Olay zamanı yanında yalnız sürücüsü olub. Versiyalardan birinə görə, generalın sürücüsü maşını evindən bir qədər aralıda, yol kənarındakı zibil yeşiklərinin yanında saxlayıb.

Sürücü maşından zibili götürüb zibil yeşiyinə atarkən maşına arxa şüşədən səssiz tapança ilə güllə atılıb. Güllə generalın başının arxa nahiyəsinə dəyərək beynini zədələyib və ölüm baş verib. Həmin gün Bakıda olduqca intensiv yağış yağırdı və hava küləkli idi.

Buna görə də sürücü maşına qayıdandan sonra nə baş verdiyini anlaya bilməyib. Generalın ağzından qan gəldiyini görəndə yolda generalın adyutantı Aydın Rəfiyevə zəng edib və sonuncu sürücüyə birbaşa Kliniki Tibbi Mərkəzə getməsinə göstəriş verib.

Yalnız orada həkimlər generalın başının arxa hissəsində güllə dəliyini görüb Rail Rzayevin qətlə yetirildiyini anlayıblar.

Aydındır ki, Rail Rzayevin qətli birmənalı olaraq xaincəsinə siyasi terror olayıdır. Qətldən sonra Eldar Mahmudovun nağılvari versiyaları ortaya atması da məsələnin mahiyyətindən yayındırılmasına xidmət edirdi.

eldarrail.jpg (53 KB)

Rail Rzayevi snayper öldürüb. Ona atəş snayper silahından açılıb. Snayper qəfildən gəlib haradasa oturub atəş açmır. Snayperə qədər qurban izlənilir, onun hərəkət trayektoriyası, harada dayanacağı öyrənilir.

Çünki snayper şəhərin ortasında haradan gəldi atəş açmır. Hədəfi harada vuracağını dəqiq bilir. Deməli, snayper Rail Rzayevin maşınının harada dayanacağını da dəqiq bilib. Çünki atəş hərəkətdə olan maşına açılmamışdı. Bütün bu hazırlıqlar müəyyən zaman tələb edir və bunu 1 nəfər eləmir.

Heç bir halda snayper hazırlıqları tək görmür. O, icraçıdır, müəyyən olunmuş zamanda və məkanda gəlib qətli icra edir. Yəni cinayətdə digər iştirakçılar da olub. O şəxslər kimlərdir? Niyə özlərini bu qədər sərbəst aparıblar? Snayper cinayəti törətmək üçün Eldar Mahmudovun yaşadığı binanın damında mövqe tuta bilərdimi?

Rail Rzayev həmin dövrdə milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudovun eyvanının altında öldürülüb. Generalın qətli ilə bağlı bir sıra versiyalar səsləndirilir. Ancaq bütün hallarda qətlin onun xidməti işi ilə bağlı olduğu vurğulanır.

Rail Rzayev 1992-ci ildən etibarən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edirdi. O, bir sıra orden və medallara layiq görülmüş, o cümlədən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdi.

Keçmiş hərbçilər Rail Rzayevin qətlinin səbəblərini onun tutduğu vəzifədə axtarmağı doğru sayırlar. Deyirlər ki, bu terror aktı onun xidməti fəaliyyəti ilə bağlı olan məsələdir. Ona görə ki, Rail Rzayev 17 il ərzində Müdafiə Nazirliyinin rəhbər şəxslərindən biri olub. Bu illər ərzində o, çox məsələləri dərindən bilib.

Üstündən 14 il ötsə də, əmindirlər ki, bir sıra məsələlərin içərisində olan Rail Rzayevin qətlinin sırf onun işi ilə bağlı olmasını araşdırmaq gərəkdir. Onun ölümündən sonra yayılan və bu günə qədər təkzib edilməyən məlumatlara görə, Rail Rzayev fevralın 4-5-dən izləndiyini bilib.

Hətta bu haqda raportla o dövrdə müdafiə naziri və birbaşa tabe olduğu Səfər Əbiyevə, həmin vaxt milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudova məlumat verib. 1 həftə sonra isə onu qətlə yetiriblər. Onun raportla izləndiyini məlumatlandırdığı 2 vəzifəli şəxsin sonrakı davranışları da müəmmalıdır.

Hadisə baş verən gün ölkə Prezidenti Küveytdə səfərdə idi. Olay baş verəndən dərhal sonra Azərbaycana qayıdıb təcili olaraq Təhlükəsizlik Şurasının iclasını keçirdi. Həmin iclasa Rail Rzayevin raportuna reaksiya verməyən Eldar Mahmudov qatılmadı. Onu müavini Hilal Əsədov əvəzləyirdi.

Rail Rzayevin raportunu almış Səfər Əbiyevdən də xəbər olmadı. Müavininin dəfnində, yasında iştirak etmədi. Mətbuata da açıqlama vermədi, qətlin açılması üçün səsini də qaldırmadı.

Sonradan Eldar Mahmudov bu qətl işi haqda bir neçə dəfə mətbuata açıqlamalar vermiş, general-leytenantın qətlinin 2 ailə arasında mülk üstündə yaranmış mübahisəyə görə baş verə biləcəyini dilə gətirmişdi.

Rail Rzayevin 2-ci həyat yoldaşı isə Eldar Mahmudovun bu açıqlamalarını özlərinə təhqir hesab edərək məhkəməyə sənədlər hazırlamışdı. Bu haqda general-leytenantın qızı Rahilə Rzayeva “Yeni Müsavat”a müsahibəsində də demişdi.

424A047D-77F7-4BCA-9FE0-1B6D14EF (2).jpg (84 KB)

Həmin müsahibədən sitat: “Eldar Mahmudov vaxtilə Rail Rzayevin qətli ilə bağlı belə bir versiya səsləndirmişdi ki, guya anamın qohumları mülk üstündə onu qətlə yetiriblər. Bu, çox gülünc versiya idi. O dövrdə anam Eldar Mahmudovu məhkəməyə vermək istəyirdi. Sonradan məsləhət görülmədi.

İstintaqda o vaxt məsələ qalxmışdı ki, işdə zərərçəkən kimi mənim anamı tanısınlar. Eldar Mahmudov yerində olan kadr deyildi. Yoxlanılmamış bir versiyanı, sadəcə, nəsə deməyin xətrinə ortaya atırdı. Əsl çekist, kəşfiyyatçı elə bir gülünc versiyanı dilinə gətirməzdi.

Eldar Mahmudov həmin versiyanı deyəndən sonra anam güc nazirlərindən birinin yanına getdi. Dedi ki, versiyanız varsa, qoyun ortaya. Yoxdursa, onun versiyaları olan məqaləni ləğv edin.

Jurnalist deyilən versiyanı yazır, amma həmin versiyanın arxasında bizim həyatımızın olduğu nəzərə alınmır. Qətldən sonra elə qüvvələr ortaya çıxdı ki, 1-ci ailəsi ilə 2-ci ailəsinin arasını yalanları ilə qatıb-qarışdırmaq istədilər. O qədər primitiv söhbətlər ortaya atırlar ki... Mal-mülk...

Amma həyat göstərdi ki, anam çox müdrik, gözütox qadındır. Anama dəfələrlə deyiblər, o da deyib ki, mən heç kəslə mal-mülk davası etməyəcəyəm. Nə verilir verilir, verilmirsə, verilmir".

Bundan başqa, Rahilə Rzayeva atasının qətlindən 1 həftə əvvəl izlənməsi haqda raportla o dövrdə müdafiə naziri olan Səfər Əbiyevə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət etdiyini təsdiqləmişdi.

Sitat: “Rail Rzayev izlənirdisə, bu barədə rəhbərliyi, xüsusi xidmət orqanlarını məlumatlandırmışdı. Niyə onlar tədbir görməyiblər, hərəkətə keçməyiblər? MTN-ə, öz nazirinə müraciət etmişdisə, bunlar hara baxırdılar?”

Bu sualların cavabı bu günə qədər verilməyib. Rail Rzayevin qətlindən sonra Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə qəsdən adam öldürmə) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət başlanan cinayət işi nəticəsizdir.

İstintaq Rail Rzayevin yavəri Anar Haşımovu, köməkçisi Aydın Rəfiyevi və onun oğlu Anar Rəfiyevi də həbs etmişdi. Bu adamların həbsi qətlə birbaşa bağlı deyildi.

Tutulanlar Rail Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlamaqda ittiham olunurdular.

2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Aydın Rəfiyev 9, Anar Rəfiyevi 7 il 6 ay, A.Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Artıq hər 3 şəxs azadlıqdadır. 2016-cı ildə Qaradağ Rayon Məhkəməsi Aydın Rəfiyev cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etdi. Mərhum generalın qızı Rahilə Rzayeva Aydın Rəfiyev haqda bu sözləri demişdi:

Sitat: “Bu adamlar hər ikisi hərbçi idi. Qətl törədilən an orada, yanında sürücüsü olub. Hadisədən sonra gedib Aydın Rəfiyevi evindən götürüb. Aydın Rəfiyev yerin altını da, üstünü də bilən adamdır.

Sürücü maşına oturur, görmür ki, maşının arxa şüşəsində deşik var? Sonradan Aydın Rəfiyev də maşına minir. Amma bunların heç biri maşının arxa şüşəsindəki deşiyi görmürlər? Ağzından qan axdığını görmürdülər?

Bu, uşaq nağılına oxşayır. Yalandan da deyirlər ki, elə bildik ki, ürəyi tutub. Onu vaxtında hospitala çatdırmayıblar. İbrahim Tatlısəsin də başına atəş açdılar, amma sağ qaldı. Çünki vaxtında həkimə çatdırmışdılar. Bunlar nə ediblər? Qəsdən ora-bura sürüyüblər, vaxt uzadıblar”.

Rahilə Rzayeva Aydın Rəfiyev və digərlərinin onun seyfindən oğurladıqları 200 min avronun da onlara qaytarılmadığını açıqlamışdı. Sitat: “Həmin 200 min avronu ailəyə qaytarmırlar. Qanunla həmin pul vərəsələr arasında bölünməlidir. Oradan-buradan sənədlər də yığıblar ki, guya Rail Rzayevin borcu varmış, guya pullar həmin borclara veriləcək. Bu, gülünc söhbətdir.

Atam gedib ”Nasosnı"da borcu olan adamların borclarını bağlatdırırdı. Öldürüləcəyini bilən, özünə qəbir qazdıran adam borcları olsaydı, verməzdimi? O, borc alan adam deyildi. Bir şikəstin, bir atası qətlə yetirilən qızın pulunu yemək kimə lazımdır? Yetimin payını yeməzlər!

Mən xaricdə təhsil almaq istəsəm, həmin pulu ödəyib təhsil ala bilərəm. Bu pulu götürüb ailəyə qaytarmayanlar elə bilirlər qazanc əldə ediblər? Bizim atamız pulu kişi kimi qazanıb. Biz heç kimin yanında gözükölgəli deyilik".

RAIL8 (1).jpg (57 KB)

Rail Rzayevin qətlindən sonra ən diqqətçəkən versiyanı Azərbaycan təhlükəsizlik orqanının əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu dilə gətirib.

Ərəstun Oruclu “general-leytenant Rail Rzayevin qətlindən tutmuş, 2019-cu ilin yayında MİQ-29 qırıcı təyyarəsinin ”qəzaya uğramasınadək baş verənlərdə xain Nəcməddin Sadıkovun birbaşa iştirakı var”, - deyib.

Lakin Ərəstun Oruclunun iddiası bu günə qədər yoxlanılmayıb, araşdırılmayıb. Ümumiyyətlə, Rail Rzayevin qətlindən sonra baş verənlər cinayətin açılmasına deyil, daha çox ört-basdır olunması təəssüratı yaradır./musavat.com


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024