«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"CİNAYƏT İŞİNDƏ İMZALAR SAXTALAŞDIRILIB" - Bəxtiyar Hacıyev /VİDEO

Tarix: 16-02-2024 21:30 | Bölmə: Ölkə / Araşdırma | Baxış: 159
Bəxtiyar Hacıyev cinayət işinin materiallarında imzaların saxtalaşdırıldığını bildirib

Cümə günü Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə prosesdə zərərçəkmişlər Ülviyyə Muradovanın (Alovlu) və Orxan Abdullayevin ifadələrinin dinlənilməsi planlaşdırılırdı. Lakin onlar prosesə gəlməyiblər və hakim dinləmələri növbəti iclasa təxirə salmağı təklif edib.

Bəxtiyar Hacıyev və vəkilləri məhkəmədən onların məcburi qaydada gətirilməsini təmin etməyi xahiş ediblər. Hakim onlar növbəti dəfə də gəlməsələr, bu tədbirin mümkün olacağını bildirib.

Hacıyev Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Pünhan Əbilovun və zərərçəkmiş Muradovanın xəsarət alması haqqında rəy vermiş həkim-ekspert Cahangir İsmayılovun cinayət işinin müxtəlif materiallarındakı imzalarının ciddi şəkildə fərqləndiyinə diqqət çəkib. 

O, məhkəmədən bu imzaları yoxlamağı xahiş edib. 

Lakin prokuror bu şəxslərin iştirakı olmadan bu məsələyə aydınlıq gətirmək çətin olduğu üçün vəsatətə baxılmamasını xahiş edib. Hakim gələcəkdə Əbilovun və İsmayılovun məsələyə aydınlıq gətirilməsi üçün məhkəməyə dəvət oluna biləcəyini bildirib.

Məhkəmə müdafiə tərəfin prosesin videoçəkilişinin aparılması haqqında vəsatətini təmin etməyib. 

Muradovanın nümayəndəsi iclasın müvəkkili ilə bağlı hissəsinin qapalı rejimdə keçirilməsini xahiş edib, lakin məhkəmə bu vəsatəti təmin etməyib.

Daha sonra Hacıyev ifadə verib. 

O deyib ki, onun barəsində istintaq "sifarişli", "qərəzli" olub və "səriştəsiz" şəkildə aparılıb. Onun Muradova ilə münaqişəsi ilə əlaqədar 2022-ci ilin oktyabrında Muradova barəsində cinayət işinə xitam verilib. 

Hacıyevə bildiriblər ki, DİN rəhbərliyi qadınları cinayət məsuliyyətinə cəlb etməmək tapşırığı verib.

Bəxtiyar Hacıyev ölkədə insan hüquqlarının pozulması ilə əlaqədar Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə çağırış etdikdən sonra təhqiqat bərpa olunub.

O, polis bölməsinə çağırılırdı və bu çağırışları dayandırmasa, cəzalandırılacağı barədə xəbərdarlıq edilirdi. Məhz Azərbaycan polis zabitinə qarşı fərdi sanksiya tətbiq edildikdən sonrakı gün onu həbs ediblər.

Hacıyev həmçinin bildirib ki, ona qarşı "qaçaqmalçılıq" maddəsi ilə ittihama niyə xitam verilmədiyini başa düşmür. 

O, 2019-2022-ci illərdə Gürcüstanda olmadığını, Gürcüstanda bank hesabları və əmlakı haqqında sorğulara isə bu ölkədən mənfi cavab gəldiyini qeyd edib.

Məhkəmənin növbəti iclası martın 1-nə təyin edilib.

* Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il tarixində məhkəməyə qarşı hörmətsizlik (CM-in 221 və 289-cu maddələri ) ittihamı ilə saxlanılıb. Elə həmin ilin iyulunda ona qarşı CM-in 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Noyabrın 7-də Hacıyevə qarşı CM-in 213.1-ci (vergi, işsizliyə görə sığorta, icbari tibbi və sosial sığorta ödənişindən yayınma) maddəsi ilə ittiham irəli sürülüb.

Ona qarşı irəli sürülən bütün ittihamlar saxtadır. Bəxtiyar Hacıyev əmindir ki, həbsinin və ittihamların səbəbi hakimiyyəti tənqid etməsidir. 
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar./Turan


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024