«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
HƏBS OLUNAN EKSPERT KİMDİR? - Özünü general kimi təqdim edib

Tarix: 24-02-2024 13:20 | Bölmə: Ölkə / Araşdırma | Baxış: 114



Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi üzrə Mirdaməd Əzizov rüşvət alma və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə ittihamı ilə həbs edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib ki, istintaq-əməliyyat tədbirləri ilə Mirdaməd Əzizovun özünü Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) vəzifəli şəxsi kimi təqdim edərək sözügedən qurum tərəfindən inşa olunan binalardan mənzillərin alınması ilə bağlı ona müraciət etmiş çoxsaylı vətəndaşlara güzəştli şərtlərlə mənzil almalarını təmin edəcəyi barədə yalan vədlər verib saxta sənədlər təqdim etməklə həmin şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilib ki, iş üzrə toplanmış ilkin sübutlar əsasında Mirdaməd Əzizov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Bununla bağlı qafqazinfo-nun verdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Mirdaməd Əziz oğlu Əzizov son vaxtlar özünü daha çox əmlak eksperti kimi tanıdıb. O, yutub platformasında və digər resurslarda ekspert kimi çıxışlar edərək videolar paylaşıb.

Bundan başqa M.Əzizovun bir müddət əvvəl saxta general-mayor rütbəli forma ilə fotoları yayılıb.

İlkin araşdırmalar zamanı M.Əzizovun özünü BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqlarının müdafiə komitəsinin eksperti, Beynəlxalq informasiya agentliyinin direktoru, Azərbaycan Yazıçılar birliyinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü kimi də təqdim etməsi də üzə çıxıb.

O, bir sıra xarici ölkələrdə rəsmi səfərlərdə olması barədə məlumatlar yayıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Baş Prokurorluq M.Əzizovun əməllərinə məruz qalmış vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə və “161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələrini xahiş edib.







Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024