«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
...VƏ SONRA: Və sonrasını bir UCA TANRI, bir də ÖZÜN bilirsən!- İbrahim İlyaslıdan can yanğısı

Tarix: 07-03-2024 12:20 | Bölmə: Persona | Baxış: 169

Salam, əziz bacım!

Biləsən ki, xəstəxanada olduğun günlərdə hər gün xəstəxananın qarşısında yaranan kalabalıkda olsam da, yeni dünyana yol aldığın köç karvanını acizanə seyr eləsəm də, altına çiyin verdiyim gəcavənin canından çox sevdiyin müqəddəs Vətən torpağına tapşırıldığını gözlərimlə görsəm də SƏNi cansız təsəvvür eləyə bilmirəm. 

Sən o qədər diri, o qədər həyat eşqi ilə dolusan ki, səni başqa cür təsəvvür etmək mümkün deyil. Bu məktubun SƏNə çatacağına da qətiyyən şübhə etmirəm! Sən Əhməd Yəsəvidən, Hacı Bektaş Vəlidən, Seyid Yəhya Bakuvidən, Seyid Mirhəmzə Nigaridən gələn ürfan adamsan axı.

...Əvvəlcə bacımız Aida Eyvazlı hüzurundakı kalabalıkda başını sinəmə əyib hönkürəndə diksindim, Qəzənfər müəllim gecə yarısı camaatın içində məni görüb, kövrək bir səslə: Sən də gəldinmi? - deyəndə çox ağır bir itgini yaşadığımızı bir daha duydum. 

Sonra isə səni deyib səhər tezdən özünü İstanbuldan Bakıya yetirən əziz dostumuz, şair Serhat Kabaklının hıçqırtılarını duyunca göz yaşlarımı saxlaya bilmədim. Onu indiyədək belə çökmüş halda görməmişdim.Ortaq dostumuz İmdat Avşar təskinlik dolu sözlərlə boynuma sarıldı. 

Telefonuma uzun illər heç bir əlaqəm olmayan adamlardan belə başsağlığı mesajları gəlməyə başladı. Cavab yazmağa çətinlik çəksəm də, qeyri-ixtiyari hamısına məlumun olan eyni cavabları yazdım... 

Sabahısı gün Fəxri üzvü olduğumuz Türk Ədəbiyyatı Fakfının Sənin şərəfinə “Qənirə Paşayeva – Tomris Xatun” adlı ödül təsis etdiyini, ardınca Ərzurumda abidənin ucalacağı haqqında məlumatları oxudum. Turanın bütün milli sosial şəbəkələri, qəzetləri, televiziyaları “Səni deyirdi...”

Vaxtilə tez-tez ziyarət etdiyin II Fəxri Xiyabana axı-axın adamlar gəlirdi. Şəhid anaları övladlarını yenidən itirmiş kimi göz yaşlarına qərq olmuşdular. Ayrılığın Vətən və millət sevdalı hər kəsi sarsıtmışdı. 

Ərzurum demişkən, Səni ilk dəfə üzbəsurət 2012-ci ilin aralık ayında şaxtalı bir qış günündə arzularımın şəhəri olan Ərzurumda görmüşdüm. “Müstəqilliyinin 20-ci ilində Azərbaycan-Türkiyə əlaqələri” adlı simpoziumda iştirak edənlərin siyahısına mənim adımı da daxil etməyi əzizimiz Əkbər Qoşalıya tapşırmışdın. 

Azərbaycan torpaqlarının işğalı və xalqımızın, Türk dünyasının bununla heç vaxt barışmayacağı ilə bağlı etdiyin çıxış zalda oturanların hamısını göz yaşlarına qərq etmişdi, çıxışın bitəndən sonra hamı ayağa qalxıb səni sürəkli alqışlamışdı. Nahar zamanı çıxışında məni ağız və ürək dolusu tərifləyib Ərzurumlulalra təqdim etdin. 

Bu təqdimatdan çox duyğulandım və çox böyük də qürur hissi keçirdim. O gündən davamlı ünsiyyətdə olmağa başladıq. Bakıda, İstanbulda, Ankarada, İzmirdə, Manisada bir çox möhtəşəm ədəbiyyat tədbirlərinə mənim də qatılmağıma vəsilə oldun, hər səfərimizdə də xüsusi diqqət və qayğını, sevgi və sayqını duydum. 

Azərbaycanın bütün mədəni həyatına olduğu kimi, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinə də ayrıca dəstəyini hər zaman hiss etdik. Burada keçirilən tədbirlərdə hər kəslə ilgiləndin, çay süfrəsində belə müraciət edən adamların problemləri ilə maraqlandın, onları həll etməyə çalışdın və etdin də. 

Sumqayıtlılar da səni çox sevdilər. Sadəliyin, səmimiyyətin, qayğıkeşliyin bütün ölkəni heyran qoydu. Böyük şairimiz Əli Kərimə özəl sevgin bir il ərzində onun Türkiyədə və Azərbaycanda üç kitabının nəşrinə vəsilə oldu. 

Paşa Əlioğlu ilə məni Milli Məclisə dəvət edib bu yöndə az iş gördüyümüzə görə qınadın və bizi hərəkətə gətirdin. Dəyərl dostumuz Arif Acaloğlunun çevirisində Türkiyə türkcəsində Türkiyədə, Bakıda isə azərbaycan və rus dillərində kitabları nəşr edildi. 

Hamının və hər kəsin qayğılarına vaxt ayırdın, bircə özündən başqa. Fədai ömrü yaşadın. İlk baxışdan sezilməsə də bu belə idi. Mən bunu görür və duyurdum. 

Manisadakı səfərimiz zamanı səhnədə çıxış edərkən özünü pis hiss etdin, amma çıxışını sona çatdırdın. Alqışlandın. Sakitcə məndən soruşdun ki, necə danışdım, ümumiyyətlə danışa bildimmi? Sən heç vaxt belə sual verməzdin. 

Hiss etdim ki, durumun yaxşı deyil. Həmən ya İstanbula, ya da Bakıya dönüb müayinə olunmağının gərək olduğunu dedim, mütləq həkimə müraciət etməlisən dedim. 

“Ona vaxt nə gəzir, ay qardaş. Mən burdan Misirə uçmalıyam, orda qadınların beynəlxalq bir tədbiri var. Mütləq orda olmalıyam. Qarabağla bağlı da müzakirələr olacaq. Bilirəm, düşmən tərəfin qadınları orda yalandan vay-şivən qoparacaqlar. Onların cavabını vermək lazımdır...” deyib gecə hava limanına yola düşdün.

Yaxın dostların təkidli istəyindən sonra nəhayət şeirlər kitabını nəşr etdirməyə qərar verdin. Redaktoru da, Ön Söz yazarı da sən olacaqsan, - dedin. 

Ardınca da həmən əlavə etdin ki, əlyazmaları verirəm, xoşuna gəlməyən nə olsa hamısını kitabdan çıxart, tərtibçi kimi amansız ol, bacımdır deyib, güzəştə getmə, səndən xahiş edirəm. Kitab çapa hazır olunca adı üzərində düşündük. Şeirlərdən birinin adı ilə adlandırdıq: “... Və sonra”. Amma və-dən əvvəl üç nöqtə qoyulsun dedin. 

Kitab çap olundu, amma o kitabın təqdimatını keçirmədin. Şairliyə iddiam yoxdur, özüm üçün yazıram dedin. Amma o kitabda elə şeirlər var idi ki, məni əməllicə heyrətləndirmişdi. Sənin nə qədər böyük və duyğusal daxili dünyan varmış...

Məni 60 illik yubileyimin ən yüksək səviyyədə, Türk dünyasının hər yerindən gəlmiş ünlü aydınların və yazarların qatqısı ilə keçirilməsi də Sənin adına bağlıdır. 

Yubiley törənindəki sevgi dolu nitqin qulaqlarımda səslənir. Kövrəlirəm və qürur duyuram. Tədbir iştirakçılarına və mənə üz tutaraq; “Sən mənim qardaşımsan, ona görə də sən deyə müraciət edirəm” dedin... “At muraddır, ona görə də sənə qoşa at rəsmi bağışlayıram” dedin... 

Vətən adına muradımız hasil oldu. Sənin bu dünyada ən böyük arzun da elə bu idi.

Dostumuz Sərhad Kabaklı deyir ki, İstanbulda çıxışın zamanı: “Təki Xocalı alınsın, onda Allah məni aparsın” deyə dua etmisən. Xocalı alındı və sənin bizim üçün çox böyük ağrı və itgi olan duan Haqq dərgahında qəbul olundu. Milyonlarla insan Sənin sağalmağın üçün dualar edirdi. Sənin duan milyonların dualarından ötə oldu.

Şamaxıdakı “Azərbaycan dili və ədəbiyyatı” forumundakı yanğılı və sərt nitqin də hamını heyrətdə qoydu. Bu bizim son görüşümüz oldu. Son nidan “dilimizdən və ədəbiyyatımızdan, gələcəyimizdən muğayat olun” oldu. 

Sən ruhunla həmişə bizimlə, bizdən sonra isə bizdən sonrakı nəsillərlə olacaqsan. Onsuz da Sənin elə o zaman da cism olmaqla bərabər, həm də ruh olaraq bütün Turanı dolaşdığının indi fərqinə varırıq. Məmləkət və millət davasında Sən sıravi əsgərdən generala qədər yol keçmiş bir hərbiçi kimi savaşdın. Hər savaşdan da qalib çıxdın. 

Sən yenə də Vətən, millət qarşısında alnıaçıq, üzüağ və  qalibsən. Yeni nəsil üçün açdığın örnək cığırla, Turana varan qutsal yola sağladığın qatqılarınla, bütün həyatını həsr etdiyin Vətənə sevdanla həmişə türk millətinin bağrının başında qərar tutacaqsan. Buna yəqin ki, əminsən! Əminliklə qal!

...Və sonra! Və sonrasını bir uca Tanrı, bir də özün bilirsən!

Sevgi və sayqılarıyla; qardaşın İbrahim İlyaslı



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024