«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÖVLƏT BAXÇALIDAN ƏRDOĞANA KRİTİK ÇAĞIRIŞ - Türk dövlət ağlı qərarını verdi!

Tarix: 17-03-2024 20:55 | Bölmə: Persona | Baxış: 111



Milliyətçi Hərəkat Partiyasının sədri, Türkiyə "dərin dövlətinin" görünən siması hesab olunan Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana kritik çağırış edib.

MHP-nin 14-cü qurultayında çıxış edən Dövlət Baxçalı Rəcəb Tayyib Ərdoğanı 2028-ci ildən sonra da siyasi fəaliyyətini davam etdirməyə çağırıb.

“Ayrıla bilməzsən! Türk millətini yalnız buraxa bilməzsən! Cümhur İttifaqı yanındadır. Yeni əsrin qurtuluş lideri olaraq Sizi görmək istəyirik!” - deyə, Dövlət Baxçalı çağırış edib.

Xatırladaq  ki, bundan öncə Rəcəb Tayyib Ərdoğan martın 31-də keçiriləcək bələdiyyə seçkilərinin siyasi lider kimi iştirak edəcəyi son seçkilər olduğunu bildirmişdi. Bu da həm Türkiyə daxilində, həm də ölkənin sərhədlərindən kənarda ciddi rezonans doğurub, geniş müzakirə mövzusuna çevrilib. 

Türkiyə ilə bağlı məkrli planları olan Qərbdəki məlum dairələr, onların ölkə işindəki maşaları Ərdoğanın bu açıqlamasını böyük sevinclə qarşılayıblar. 

Türk və İslam dünyasının lideri hesab olunan Ərdoğanın siyasi fəaliyyətini başa çatdırmasının onlara uzun illərdir gerçəkləşdirə bilmədikləri xain planlarını yenidən dövriyyəyə soxmağa imkan verəcəyini açıq şəkildə dilə gətirməyə başlayıblar. 

Əlbəttə, Türkiyə artıq əvvəlki Türkiyə olmadığından, ictimai-siyasi elitada, orduda, MİT-də və hətta mediada söz sahibinin millətinə, dövlətinə, Türk kimliyinə bağlı şəxslər olduğundan Ərdoğandan sonrakı dövrdə də qardaş ölkə ilə bağlı hansısa xain planları gerçəkləşdirmələri mümkün görünmür. 

Türkiyənin növbəti prezidenti də, heç şübhəsiz, Ərdoğanın siyasi xəttini davam etdirəcək şəxs olacaq. 



Ancaq buna rəğmən bu dairələrin Ərdoğanın siyasi fəaliyyətini başa çatdırmağa hazırlaşmasını yeni "imkanlar" kimi təbliğ etmələri də təsadüfi deyil. 

Ərdoğan iqtidarı dövründə həyata keçirilən siyasət nəticəsində nəinki Türkiyədə, bütün bölgədə dayaqlarını böyük ölçüdə itirən Qərbdəki məlum dairələr onlara maşalıq edənlərin siyasətdən silinməsinə, eləcə də Türkiyəni parçalamaq, ölkənin cənubunda "terror dövləti" qurmaq üçün yaratdıqları, bəslədikləri terror təşkilatlarının tam dağılmasına imkan vermək istəmirlər. 

Ərdoğanın siyasi fəaliyyətini başa çatdırmasını yeni bir "fürsət" kimi təbliğ edərək yox olmaqda olan bu xəyanətkar şəbəkəni yenidən toparlamaq, onlara ümid vermək istəyirlər.

Aparılan müşahidələr göstərir ki, son günlər əllərindəki geniş maliyyə imkanlarını, mətbuatdakı, sosial mediadakı troll şəbəkələrini bu məqsədə cəlb ediblər.

Uzun illər Türkiyənin inkişafının qarşısında böyük maneə olan xəyanətkar şəbəkənin və terror təşkilatlarının dirçəlməsinə səbəb olacaq, onları yenidən Türkiyə üçün təhdidə çevirəcək hər hansı bir düşüncənin, fikrin meydana çıxması isə, əlbəttə, yolverilməzdir!
Həm də yalnız Türkiyə üçün deyil, bütün Türk dünyası üçün...

Belə ki, Ərdoğanın 2028-ci ildə siyasi fəaliyyətini başa çatdırmağa hazırlaşmasına dair açıqlaması Qərbdə, anti-türk dairələr arasında nə qədər sevinclə qarşılanıbsa, Türk dünyasında bir o qədər məyusluğa səbəb olub. 

Məsələ ondadır ki, Ərdoğan yalnız Türkiyənin, bu ölkədəki məlum siyasi hərəkatın lideri deyil, eyni zamanda Türk dünyasının BİRLƏŞDİRİCİ lideri hesab olunur. 

Türk dünyasının birləşməsi, Türk dövlətlərinin siyasi, iqtisadi, mədəni və hərbi inteqrasiyasının genişləndirilərək vahid bir GÜCƏ çevrilməsi ilk növbədə Ərdoğanın adı ilə bağlıdır. Məhz o, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə türk dövlətlərinin vahid bir təşkilatda - Türk Dövlətləri Təşkilatında birləşməsinə nail oldu.

Ərdoğan və Əliyevin birgə səyləri nəticəsində Türk Dövlətləri Təşkilatı (TDT) sürətlə türk dövlətlərinin siyasi, iqtisadi və hərbi birliyinə çevrilməkdədir. 

Yaxın illər ərzində bu prosesin daha da genişlənəcəyi, TDT-nin vahid ordusu, vahid xarici siyasəti, vahid təhsil konsepsiyası, hətta vahid valyutası olan bir təşkilata çevrilməsi, bir növ TURAN birliyinin bünövrəsinin formalaşdırılacağı gözlənilir.



Ərdoğanın siyasi fəaliyyətini başa çatdırmağa hazırlaşması fikri üzərində başlanan manipulyasiyalar bu prosesi də ləngidə bilər. 

Məlumdur ki, Qərbdəki məlum dairələr, eləcə də Çin və Rusiya Türk birliyinin yaranmasına, TDT-nin beynəlxalq bir gücə çevrilməsinə qarşıdırlar. Bu məqsədlə TDT-yə üzv ölkələrdə ciddi iş apardıqları da şübhə doğurmur. 

Ərdoğanın açıqlamasından da bəzi Türk dövlətlərinin qərarlarını dəyişdirmək üçün istifadə etməyə, onları ən azından Ərdoğandan sonrakı dövrü gözləməyin lazım gəldiyini inandırmağa çalışacaqları istisna deyil.

Əgər başarılı olsalar, Türk birliyinin yaranması istiqamətində uzun illər ərzində görülən işlər təhlükə altına düşər, Türk millətinin gələcəyi yenə başqalarının əlində olar. Belə bir riski, əlbəttə, gözardı etmək olmaz.



Təsadüfi deyil ki, Dövlət Baxçalı da Rəcəb Tayyib Ərdoğana çağırış edərək, "belə bir zamanda Türk millətini lidersiz buraxa bilməzsiz" dedi.

Bu TÜRK DÖVLƏT AĞLININ yuxarıda qeyd etdiyimiz riskləri gördüyünü və Ərdoğanın siyasi fəaliyyətini başa çatdırmağa hazırlaşmasına dair fikirlərin Türkiyə və Türk birliyi üçün təhlükəli olduğu qənaətinə gəldiyini göstərir.

Buna görə də Baxçalının vasitəsilə Ərdoğanın Türkiyənin deyil, Türk MİLLƏTİNİN lideri olduğu və Türk birliyi tam yaranana qədər bu prosesə liderlik edəcəyi mesajı verild!.

“Ayrıla bilməzsən! Türk millətini yalnız buraxa bilməzsən! Yeni əsrin qurtuluş lideri olaraq Sizi görmək istəyirik!” - deyə, çağırış edən Dövlət Baxçalı məhz bunu ifadə etdi.

Qeyd edək ki, son 20 ildə Türkiyədə dövlət üçün kritik əhəmiyyət daşıyan bütün qərarlar məhz Dövlət Baxçalı tərəfindən ifadə edilib. Məsələn, Türkiyənin Prezident idarəetmə üsuluna keçməsinə dair çağırışı da məhz Baxçalı edib.

Bu cür kritik qərarların, əlbəttə, yalnız Baxçalının və ya Ərdoğanın şəxsi düşüncəsini ifadə etdiyini düşünmək sadəlövhlük olardı. Bu qərarlar Türk dövlət ağlını, bütün türk dünyasının gələcəyini düşünənlərin ortaq mövqeyini ifadə edir. 

Belə görünür ki, Ərdoğanın missiyasını davam etdirməsi, başladığı prosesi başa çatdırması qərarı verilib! 

Bütün TÜRK DÜNYASI üçün xeyirli olsun!

İsmayıl İsmayılbəyli 

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024