«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Şah İsmayıl kürddür” deyənlərin məqsədi nədir?- İLGİNC AÇIQLAMA

Tarix: 28-06-2022 13:15 | Bölmə: Persona | Baxış: 242


 
Türkiyədə bir sıra KİV Səfəvi hökmdarı, Azərbaycan türkü Şah İsmayıl Xətaini kürd kökənli təqdim etməyə çalışır. Onlar israrla vurğulayırlar ki, Şah İsmayılın özündən əvvəlki 13-cü babası kürddür.

Bu iddiaların əsası varmı? Xətai kimdir? Niyə onun Azərbaycan türkü olması zaman-zaman ən müxtəlif bəhanələrlə inkar edilir?
Tarixçilər qeyd edirlər ki, Şah İsmayıl və əcdadlarının kürd olduğuna dair məlumata yalnız bir əsərdə, Şah İsmayılın əcdadlarından olan Şeyx Sədrəddinin ardıcıllarından İbn Bəzzazın “Səfvət əs-səfa” əsərində rast gəlmək mümkündür. Əsərin bir çox nüsxələri var. Bəzi nüsxələrin tarixi bəlli deyil. Araşdırmaçılar bir çox tarixi əsərlərdə olduğu kimi, “Səfvət əs-səfa”nın nüsxələri arasında da ciddi fərqlər olduğunu bildirirlər. Ən qədim nüsxədə (1491-ci ilə aid) dəyişikliklərin, ən azı əlavələrin olduğu qeyd edilir. Burada Şah İsmayılın on dördüncü nəsil babası olan Firuzun kürd olduğu yazılıb. “Şah İsmayıl kürddür” fikri də buradan qaynaqlanır. Lakin digər nüsxələrdə belə məlumat yoxdur. Hətta Firuzun adı çəkilmir. Səfəvilər haqqında onlarla mənbə var, lakin heç birində bununla bağlı qeyd yoxdur.
ALİ RIZA ÖZDEMİR - ŞAH TV - YouTube

Yazıçı Ali Rıza Özdemir məqalələrindən birində qeyd edib ki, Türkiyə tarixşünaslığında təəssüf ki, bəzən təhriflər edilib, siyasi, xanədan və məzhəb qayğıları elm və əxlaqdan üstün olub: “Bunların ən parlaq nümunələrindən birini Şah İsmayılın timsalında görürük. Şah İsmayıl haqqında açıq-aydın faktlar gizlədilir, təhrif uydurma məlumatlar əsasında həyata keçirilir. Onlardan birinə görə sanki Şah İsmayılın əcdadları türk deyil, kürddür(müş)! Şah İsmayıl da, onun əcdadları da türk olub” - deyə, o yazıb.

Yazarın “Türk xaqanı Şah İsmayıl” kitabına ön söz yazan Türkiyənin Kastamonu Universitetinin professoru Namiq Musalı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Türkiyədə son zamanlarda dərc edilən bəzi nəşrlərdə Səfəvi sülaləsinin kürd mənşəli göstərilməsinin başlıca səbəbi ifrat məzhəb təəssübkeşliyidir:



“Bununla yanaşı, bəzi təşkilatlar tərəfindən Türkiyədəki etnik kürdlər arasında təbliğatı aparılan separatçılıq meyllərinin də bu prosesə təsiri var. Yəni Səfəvilərin türklüyü inkar olunaraq, bu sülalənin kürd mənşəli elan edilməsi tendensiyası elmi əsaslara söykənməyən, tamamilə məzhəbi və siyasi faktorlardan irəli gələn bir məsələdir. 
Həm də bu kimi cəfəng iddiaları ortaya atanların böyük əksəriyyəti heç bir elmi dərəcə daşımayan, hətta ixtisasca tarixçi olmayan, mənbəşünaslıq tədqiqatı aparmaq üçün yetərli potensialı çatışmayan qeyri-peşəkar şəxslərdir. Xüsusi qeyd etmək istərdim ki, son 20 il ərzində Türkiyədə Səfəvi tarixi ilə bağlı həyata keçirilən araşdırmaların kəmiyyəti və keyfiyyəti artmaqdadır. 
Nəticə etibarilə, Səfəvi dövlətinin bir türk dövləti hesab edilməsi konsepsiyası da Türkiyə tarixşünaslığında özünə getdikcə daha çox yer tutmaqdadır. Lakin bu proses müəyyən dairələri, xüsusilə bəzi məzhəbçi və separatçı ünsürləri bərk narahat edir. Məhz bu amil sözügedən dairələrdə narahatlıq yaratdığı üçün Səfəviləri türk tarixindən qoparmağa yönələn müxtəlif cəhdlərə şahid oluruq. Məqsəd isə ortaq türk tarix şüurunun formalaşmasına əngəl törətməkdir. 
Ancaq sevindirici haldır ki, Türkiyədə Səfəvi tarixi sahəsində ixtisaslaşmış peşəkar tarixçilərinin əksəriyyəti bu iddiaları qəbul etmir. Tarixi mənbələrə nəzər yetirdyimiz zaman İbn Bəzzazın “Səfvətüs-səfa”, İbrahim Əmininin “Fütuhati-şahi”, Bicənin “Cahangüşayi-xaqani-sahibqiran”, İsgəndər bəy Münşinin “Tarixi-aləmarayi-Abbasi”, Məhəmməd Yusif Valeh İsfahaninin “Xüldi-bərin”, Şeyx Hüseyn Zahidinin “Silsilətün-nəsəbi-Səfəviyyə”, Mehmed Zəimin “Cameüt-təvarix”, anonim müəllifin “Tarixi-aləmarayi-Şah İsmayıl” adlı əsərlərində, Nişatinin həyata keçirdiyi “Şeyx Səfi təzkirəsi” tərcüməsində və orta əsrlərə dair bir çox digər qaynaqlarda Səfəvi sülaləsinin ulu əcdadı olan Şeyx Səfiəddin Ərdəbili türk kimi təqdim olunmuşdur. Dədə Sailin “Qütbnamə” mənzuməsində isə Şah İsmayıl Xətai “Türküstanın piri” deyə səciyyələndirilib”.

Professor Səfəvi xanədanının türklüyünün həm orta əsr mənbələri, həm də müasir tədqiqatlar vasitəsilə isbat edilməkdə olduğunu vurğuladı: “Azərbaycanlı alimlərdən Oqtay Əfəndiyev, Mirzə Abbaslı, Əhməd Cəfəroğlu, Tofiq Nəcəfli, Bilal Dədəyev və digərləri Türkiyədə nəşr etdirdikləri əsərlərində Səfəvi xanədanının türk mənşəli olduğuna xüsusi diqqət çəkmişlər. 
Həmçinin Türkiyənin ən məşhur tədqiqatçılarından Mehmed Fuad Köprülü, İsmail Hakkı Uzunçarşılı, Rıza Nur, Yılmaz Öztuna, Erol Güngör, Turan Yazgan, Yusuf Küçükdağ, Kenan Ziya Taş, Fehamettin Başar, Ali Rıza Özdemir və başqaları Səfəvilərin bir türk sülaləsi olduğunu dönə-dönə vurğulamışlar. 
Bir çox əcnəbi şərqşünaslar (Vasili Vladimiroviç Bartold, Aqafangel Yefimoviç Krımski, İlya Pavloviç Petruşevski, Vsevolod Mixayloviç Zummer, Yan Ripka, David Ayalon, Con R. Uolş, Xavier de Planhol, Hamid Algar, Bernard Luis, Jan Luis Bake Qramon və digərləri) da apardıqları tədqiqatlar nəticəsində Səfəvilərin türk olduqları qənaətinə gəliblər”.

Nigar HƏSƏNLİ


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024