«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“REGİONA FRANSA YOX, TÜRKİYƏ GƏLƏCƏK...”- Rusiyalı politoloq erməniləri nə ilə təhdid edir?

Tarix: 28-03-2024 13:30 | Bölmə: Region | Baxış: 243



“Siz həm Rusiya ilə dostsunuz, həm də eyni zamanda, Rusiya ilə müharibə edənlərlə dostsunuz? Bu, utopiyadır”

Ermənistanın xarici siyasətində Qərbə meyllər artdıqca, Rusiyadan rəsmi İrəvanın və ümumilikdə Ermənistanın ünvanına səslənən təhdid və hədə-qorxular da çoxalır.

Özü də bunlar təkcə Kreml rəsmiləri və təbliğatçıları deyil, bir sıra tanınmış politoloqlar tərəfindən də səsləndirilir...

Rusiya Xarici Siyasət İnstitutunun direktoru, politoloq Sergey Panteleyev Ermənistan mətbuatına müsahibsəində bir sıra maraqlı məqamlara toxunub və rəsmi İrəvanı həm sətiraltı, həm də aşkar formada təhdid edib.

O qeyd edib ki, Moskvanın başı Ukraynadakı müharibəyə qarışsa da, Cənubi Qafqaz regionu Rusiya üçün həyati önəm daşımaqda davam edir.



Politoloq hesab edir ki, Kreml Ermənistanın “vəziyyətin girovuna” çevrilməsini istəmir: “Ukrayna ilə bağlı problem ona görə yaranıb ki, Rusiya uzun müddətdir öz “qırmızı xətləri”ni müəyyənləşdirir, lakin nə Ukrayna rəhbərliyi, nə də ki, Ukrayna rəhbərliyinin siyasətini müəyyən edənlər bunu başa düşmədilər.

Əvvəla, bunlar Amerika və onun müttəfiqləridir. Rusiya göstərdi ki, o, hələ də dərk edilməsi çətin olan çox çətin qərarlar qəbul etməyə qadirdir. İndi qarşıdurmanın intensivləşməsi müşahidə olunur və Qərb hələ də hərbi yolla qalib gələ biləcəyinə ümid edir.

Ermənistan və bu region bizim üçün prinsipial əhəmiyyət kəsb edir. Lakin biz Ermənistanın vəziyyətin girovuna çevrilməsini istəməzdik. Eyni zamanda, biz başa düşürük ki, İran da var və onun da regionla bağlı öz planları mövcuddur”.

Panteleyev erməniləri hədələyib ki, Rusiya regiondan getsə, onun yerini Türkiyə dolduracaq və Moskva qətiyyən bunu istəmir: “Başa düşürük ki, Rusiya və KTMT getsə, kimsə bu boşluğu doldurmaq istəyəcək. NATO gəlsə, alyansı kimin qoşunları təmsil edəcək?

Burada bəziləri düşünür ki, bu, ya Fransa, ya da ABŞ olacaq, amma bu, belə deyil. Həmin ölkə Türkiyə olacaq. Belədə vəziyyət necə ola bilər? Rusiya bunu çox gözəl anlayır. Rusiya regiondan çıxmaq istəmir və getmək niyyətində deyil”.

Politoloq erməniləri hədələyərək, Ukraynanın aqibətindən dərs çıxarmağa çağırıb: “Söhbət bu gün də Ukrayna istiqamətində hər cür müxtəlif bəyanatlar verən Fransadan gedir.

Avropa, yeri gəlmişkən, uzun müddət kifayət qədər sabit dövlət olan Ukraynaya müxtəlif vədlər verir. Onlar hələ də çoxsaylı vədlər sxemi ilə işləyirlər, NATO və Avropa Birliyinə qəbulla bağlı Ukraynanı şirnikləndirirlər.

Gəlin başqalarının nümunələrinə baxaq. Bu planlar orada işləmirsə, burada işləyəcək? Bu sxem təxminən eyni şəkildə işləyəcək ki, bu da bizim erməni dostlarımız üçün açıq-aydın əlverişsizdir”.

Rusiyalı politoloq çoxvektorlu siyasət məsələsinə də münasibət bildirərək, 2014-cü ildən Rusiyada məhz bu konsepsiyanın son dərəcə şübhə ilə qarşılandığını vurğulayıb. 

O, Ermənistanın eyni zamanda iki kresloda oturmasının mümkünsüz olduğuna işarə edib: ”Ukraynada iki kresloda oturmağın vacibliyindən danışmağı xoşladıqları vaxtları xatırlayıram. Həmçinin, qardaş Belarusumuzun (Qərblə) körpülərin qurulması və inteqrasiya cəhdlərini xatırlayırsınız?

Dövlətin yaşaması və suverenliyin itirilməsi sualı ortaya çıxanda çoxvektorluqla bağlı bütün suallar unudulub getdi. Müttəfiqlər həqiqətən qarşılıqlı əlaqədə olmalıdırlar.

Çoxvektorluluq haqqında danışmağa davam edən digər tərəfdaşlarımıza da səmimiyyətlə deyim ki, 2013-cü ildən bəri Rusiyada “çoxvektorlu” anlayışının özü olduqca böyük şübhə ilə qarşılanır.

Çünki ağır geosiyasi qarşıdurma içərisində olduğumuz şəraitdə “çoxuşaqlılıq” anlayışı qeyri-müəyyən mənalar daşımağa başlayır.

Bu, o deməkdir ki, siz həm Rusiya ilə dostsunuz, həm də eyni zamanda, Rusiya ilə müharibə edənlərlə dostsunuz? Bu, utopiyadır.

Üzvü olduğumuz Aİİ-nin ilk növbədə iqtisadiyyata bağlı olduğunu nəzərdə tutan real siyasətimiz var. Yeri gəlmişkən, Ermənistan Aİİ-də iştirakdan çox ciddi faydalar əldə edir və biz bunu çox yaxşı başa düşürük”.

Göründüyü kimi, rusiyalı politoloq Ermənistanı həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan açıq təhdid edən açıqlamalar verir və Ermənistan mətbuatı da bunu can-başla yayımlayır. 

Bu, bir tərəfdən erməni mediasında Rusiyanın təsirinin kifayət qədər güclü olduğunu göstərirsə, digər yandan da Ermənistanın Rusiyadan bütün cəhətlərdən asılı olduğunu, onun Fransa başda olmaqla, Qərblə apardığı siyasi oyunların isə görüntü xarakteri daşıdığını növbəti dəfə sübut edir./azpolitika

C.Məmmədov

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024