«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
ABŞ Nümayəndələr Palatasının 21 üzvü Qubad İbadoğlu ilə bağlı qətnaməni imzaladı

Tarix: 16-02-2024 13:00 | Bölmə: Rezonans | Baxış: 90



ABŞ Konqresinin Nümayəndələr Palatasının 21 üzvü hazırda həbsdə olan iqtisadçı alim Qubad İbadoğlu ilə bağlı qətnaməni imzalayıb. 

Bu barədə qanunverici orqanın rəsmi saytında məlumat dərc olunub.

Azərbaycan hakimiyyətini dərhal azad etməyə çağıran qətnaməni fevralın 14-də Respublikaçılar Partiyasının üzvü Devid Rouzer təqdim edib.
Bildirilib ki, qətnamə Azərbaycan hökuməti tərəfindən Qubad İbadoğluna göstərilən rəftarı pisləmək, onun dərhal azadlığa buraxılmasını tələb etmək və digər məqsədlər üçün nəzərdə tutulub.

Qətnamədə qeyd olunur ki, akademik və iqtisadçı doktor Qubad İbadoğlu və onun həyat yoldaşı 2023-cü il iyulun 23-də Azərbaycan hakimiyyəti tərəfindən həbs olunub və polis nəzarətində olarkən zorakılığa məruz qalıb.

Qeyd olunur ki, Q. İbadoğlu Azərbaycan hakimiyyəti tərəfindən şübhəli şəkildə sübut olmadan çoxsaylı cinayət əməllərində ittiham edilir, həmçinin məhkəməni gözləyərkən Bakı İstintaq Təcridxanasında son dərəcə pis şəraitdə saxlanılır.

“Doktor İbadoğlunun səhhəti ilkin həbsdən sonra xeyli pisləşməkdə davam edir və onun vəziyyətinə görə adekvat tibbi yardım göstərilməyib. 

Həbsdə olarkən dəfələrlə onun hüquq məsləhətçisinə çıxışına, eləcə də ədalətli mühakiməsinə icazə verilməyib.

Doktor İbadoğlunun qanunsuz həbsi insan hüquqlarına və akademik azadlıqlara qarşı ciddi pozuntudur.

Bütün bunları nəzərə alaraq, Nümayəndələr Palatası:

 - Azərbaycan hökumətinin Dr.İbadoğluna qarşı rəftarını, onların qeyri-qanuni həbs təcrübəsini və akademik azadlığın boğulmasını pisləyir;

 - Doktor İbadoğlunun dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırır; 

- Dövlət katibini Azərbaycan hökuməti ilə bütün əlaqələrdə doktor İbadoğlunun rifahına və azadlığına üstünlük verməyə davam etməyə çağırır”.

Xatırladaq ki, Q.İbadoğlunu iyulun 23-də həyat yoldaşı ilə birlikdə avtomobildə gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. 
Həmin gün axşam onun adına olan, lakin ofis kimi istifadə edilən mənzildə axtarış aparılıb və 20 min dollar pul tapıldığı bildirilib. 

Həmin pulların bir hissəsinin saxta olduğu iddia edilir. Bu əsasla da ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Q.İbadoğlu həmin pulların oraya öncədən yerləşdirildiyini və bu ittihamın əsassız olduğunu, siyasi sifarişlə həbs edildiyini söyləyib.

İstintaqın gedişində - avqustun 25-də ona CM-in 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsi ilə yeni ittiham verilib. İqtisadçı bu ittihamın da absurd olduğunu söyləyərək ifadə verməkdən imtina edib.

Hər birində üç ay olmaqla ötən il noyabrın 16-da və ötən gün – fevralın 15-də məhkəmə Qubad İbadoğlunun həbsini ümumilikdə daha altı ay uzadıb.

Murad Məmmədov


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024