«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Rubinyanın Antalya həyasızlığı - Müharibə bitməyibsə, sərhədlər niyə açılmalıdır?

Tarix: 02-03-2024 17:00 | Bölmə: Rezonans | Baxış: 105



Türkiyədə 3-cü Antalya Diplomatik Forumu davam edir. Dəvət edilən qonaqlar arasında Ermənistan xarici işlər naziri Ararat Mirzəyan və parlament spikerinin müavini Ruben Rubinyan da var.

Bəllidir ki, R.Rubinyan həm də Türkiyə ilə əlaqələrin normallaşması üzrə Ermənistan tərəfdən xüsusi nümayəndədir. Qardaş ölkəni isə təcrübəli diplomat Sərdar Kılıç təmsil edir.

Lakin az qala bir ildir onlar arasında görüş keçirilmir. Səbəb əlbəttə ki, rəsmi İrəvanın hələ də danışıqlarda konstruktivlikdən uzaq mövqe sərgiləməsi, hətta öz pozucu mövqeyini havadarlarına güvənərək, getdikcə daha da sərtləşdirməsidir...

Amma həyasızlığa bax ki, Rubinyan Antalyaya ayaq basar-basmaz, öz aləmində guya Ankaranı fakt qarşısında qoyaraq və qeyri-konstruktivlikdə suçlayaraq bildirib ki, “Ermənistan elə bu gün, bu saat Türkiyə ilə sərhədləri açmağa, Sərdar Kılıçla birgə bəyanat imzalamağa hazırdır”.

Təbii ki, belə bir açıqlama ilə o, sərhəd məsələsində İrəvanın deyil, Ankaranın “qeyri-səmimi olduğu və məsuliyyət daşıdığı”, “heç bir səbəb olmadan blokadanı davam etdirdiyi” görüntüsünü yaratmağa, beynəlxalq birliyi çaşdırmağa çalışıb. Erməni ki, erməni...

Doğrudur, Türkiyə Ermənistanla sərhədləri Azərbaycan ərazilərinin işğalına görə bağlayıb. Ancaq işğal 4 ildir bitsə də sülh müqaviləsi imzalanıbmı? Xeyr.
Çünki Ermənistan revanşist planlardan əl çəkməyib. Üstəlik, altdan-altdan o, Fransa və Hindistan hesabına hücum silahları ilə sürətlə silahlanır.

WhatsApp Image 2024-03-02 at 16.16.17.jpeg (59 KB)

Sülh sənədi yoxdursa, demək, müharibə bitməyib. Biz hələ Ermənistanın konstitusiyasında, gerbində, hətta himnində iki qardaş ölkəyə ərazi iddialarının qalmasını demirik.

O səbəbə Türkiyə rəhbərliyi Antalyada bir daha bəyan etdi ki, İrəvanla münasibətlər Azərbaycanın Ermənistanla münasibətlərinə nəzərən qaydaya salınacaq...

Bakının “daşdan keçən”, haqlı şərtləri isə məlum: Azərbaycana və Türkiyəyə qarşı torpaq iddialarının yer aldığı bütün normativ-hüquqi aktları qaydaya salıb beynəlxalq hüquqa uyğun sülh anlaşması imzalamaq. Nala-mıxa vurmaq zamanı keçdi.

Erməni rəsmiləri ya nəhayət, quru boşboğazlığa son qoyub, iki əsas qonşu ilə, lap dəqiqi, öncə Azərbaycanla normal münasibətlər qurmaq üçün gərərkən minimumu edəcək, ya da yenə blokadada qalacaq. Özünü hamıdan ağıllı, hamıdan bic göstərmək dövrü arxada qaldı. Seçsinlər...

Yada salaq, Mirzəyan və Rubinyan keçən ilki foruma da qatılmışdılar. Əfsus ki, ötən bir ildə onların, ümumən Paşinyanın komanda üzvlərini qafalarında pozitiv heç nə qeydə alınmayıb. Əksinə. Mövcud durumun yaxşıya dəyişməsi isə sülh müqaviləsini imzalamaqdan başlayır.

Məhək daşı bu. Hər hansı digər hoqqa, şərt keçməyəcək. Kapitulyant ölkənin nə rəsmiləri, nə də toplumu özlərini aldatmasınlar.

Azərbaycan və Türkiyə ilə münasibətlərin düzəlməsi, sərhədlərin, kommunikasiyaların açılışı, təcriddən qurtuluş, hamısı yalnızca bir şeyə – sülh sənədinə bağlıdır. Müharibə də rəsmən onda bitəcək./Musavat.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024