«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“SAVAŞA GEC BAŞLADIĞIMIZA TƏƏSSÜF EDİRİK”- Putin nədən narazıdır?

Tarix: 15-02-2024 14:00 | Bölmə: Siyasət | Baxış: 97



Vladimir Putin Ukraynaya qarşı işğalçılıq müharibəsinə daha tez başlamamasına təəssüflənir.

Rusiya başçısı “Rossiya 1” telekanalında jurnalist Pavel Zarubinə müsahibəsində növbəti dəfə başlatdığı qanlı savaşa haqq qazandırıb və müharibənin gedişi ilə bağlı suala cavab verərkən deyib ki, buna daha tez başlamaq lazım idi:
“Təəssüf edə biləcəyimiz yeganə şey odur ki, biz aktiv fəaliyyətə daha əvvəl başlamamışıq”.

Zarubinlə söhbət əsasən Putinin fevralın 6-da amerikalı jurnalist Taker Karlsonla müsahibəsinə həsr olunub. Putin Karlsonu “təhlükəli adam” adlandırıb və deyib ki, amerikalı jurnalist müsahibədə bilərəkdən elə bir taktika seçib ki, Rusiya başçısından “kəskin cavablar” eşitməsin.

Putinin sözlərinə görə, o, tamamilə fərqli suallara hazırlaşıbmış (?) və müsahibəyə lazımi “konkretliyi” verəcək “kəskin” cavab vermək niyyətində olub. Lakin müsahibə onun istədiyi kimi getməyib və Putin bu prosesdən “tam həzz ala bilməyib”.

Zarubinin Karlsonun ABŞ-də ehtimal edilən həbsi ilə bağlı sualına cavab olaraq Putin deyib ki, “bu, yaxşı olardı” və o zaman “Amerikanın bugünkü hakim sinfində açıq şəkildə təmsil olunan liberal demokratik diktatura özünün əsl üzünü göstərərdi”.

Putin həmçinin bildirib ki, Karlsonun çəkiliş qrupu artıq kameraları söndürəndən sonra 20-ci əsrin əvvəllərində Rusiya İmperiyasında baş verən kütləvi yəhudi qırğınları ilə əlaqədar Rusiyanın “şeytanlaşdırılmasından” danışmağa başlayıblar. 

Rusiya Prezidenti bu qırğınların əsasən hazırkı Ukrayna ərazisində baş verdiyini bildirib. Ancaq qeyd edək ki, əslində, yəhudi qırğınları həmin illərdə bütün Rusiya imperiyasında baş vermişdi...

Bu arada “Azadlıq” radiosu Putinin Karlsonla iki saatlıq müsahibəsinin rusiyalı tamaşaçılar arasındakı reytinqinə toxunub. Məlum olub ki, müsahibə rusları demək olar, maraqlandırmayıb.

“Mediascope” tədqiqat şirkətinin hesabatına görə, fevralın 4-dən 11-dək olan həftənin ən populyar televiziya proqramlarının ümumrusiya reytinqində Putinin Karlsona müsahibəsi 19-cu(!) yeri tutub və keçmiş SSRİ-dən qalma, köhnəlmiş “Pole çudes” verilişi ilə eyni reytinqə malik olub.

Bunu özü də rusiyalıların 25 ildir hər gün gördükləri Putindən və onun apardığı müharibədən, siyasətdən nə dərəcədə bezdiyinin göstəricisi sayıla bilər...

C.Məmmədov

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024