«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
SON 10 İLDƏ 163 MİN NƏFƏR BOŞANIB - Psixoloq əsas səbəbləri açıqladı

Tarix: 19-01-2024 18:15 | Bölmə: Sosium | Baxış: 129



Son illər Azərbaycan cəmiyyətində boşanmaların sayı sürətlə artır. Aparılan təhlillərə görə, ailə bağlarının qopmasının əsas səbəbi kimi, tərəflər arasında sevgi və qarşılıqlı anlaşmanın olmaması, insanların fərqli maraq və düşüncələrə malik olması, xəyanət, maddi problemlər, ailədə inamsızlıq, kənar şəxslərin (valideynlər, yaxın qohum-əqrəba) ailəyə etdiyi müdaxilələr göstərilir.

Dövlət Statistka Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 19 min 761 boşanma faktı qeydə alınıb.

Məlumata görə, boşananların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31,3 % artıb.

Bundan əlavə, qeyd olunur ki, ötən ilin on bir ayında 49 min 549 nikah bağlanıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,5% və ya 7 min 484 nikah azdır.

“2022-ci ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin on bir ayında əhalinin hər 1000 nəfərinə görə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb. 

Boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb”,-deyə statistik məlumatda bildirilir.

Qeyd edək ki, Azərbaycanda boşanmaların sayındakı bu artım yeni bir hal deyil. Hər il əvvəlki illə müqayisədə boşanmların sayında artım olur.

Lakin maraqlıdır ki, son illər bu artım tendensiyası daha da sürətlənib və nəzarətdən çıxıb. Rəsmi statistik məlumatlar da bunu təsdiqləyir.

Məsələn, 2010-cu ildə boşanan şəxsəlrin rəsmi sayı 9061 nəfər idisə, 2023-cü ildə bu say 20 minə yaxındır. Yəni, son 10 il ərzində boşananların sayında 2 dəfədən çox artım baş verib.

Başqa bir statistik məlumata görə, 2013-2023-cü illər ərzində ümumilikdə 163 min boşanma faktı qeyd alınıb.

Bu mövzuyla bağlı psixoloq Gülər Məmmədova Azpolitika-ya şərhində bildirib ki, ailələr əslində kiçik bir dövləti təmsil edirlər.



Psixoloq eyd edir ki, ailə hər iki tərəfin birgə yaşayışı deməkdir və əgər bu birlikdəlik valideynlərin təkidi ilə məcbur olmayıbsa, həmin ailələr daha möhkəm olurlar: “Bu gün insanların psixologiyasında qəribə bir anlaşmazlıq yaşanır. 

İndi sanki insanlar təkliyə daha çox meyl edirlər. Bəzən “özünə inam”, “güvən” kimi terminlər bu həyatda baş verən qeyri-müəyyənliyi görən insanları çaşdırır.

İnsanlar hesab edirlər ki, “Özümə güvənirəmsə, tək də yaşaya bilərəm”. İnsanlar artıq məsuliyyət daşımadan, azad olmaq, kiminsə “hakimiyyəti” altımda qalmaq istəmirlər. Kişi bəzən ailədə aldığı tərbiyədən dolayı qadını sıxmağa başlayır.

Qarşı tərəf isə daha sərbəst, azad yaşamaq istəyir. Bütün bunlar ailədə müəyyən fikir ayrılıqlarına səbəb olur. Təbiidir ki, insanlar maraqlarından uzaq qalmaq istəmirlər. Bəzən də tərəflər ailəyə kənardan olunan müdaxilələrdən bezirlər. Belə olan halda da ailələr dağılır”.

Psixoloqun sözlərinə görə, ailənin təməlinin sağlam olması üçün hər iki tərəf bu prosesə əvvəlcədən hazırlıqlı olmalıdır:“Bu gün genetik, nevroloji aspektdən hər kəs sağlamdırmı?

Sanki ailə qurduqdan sonra hərkəsin problemli tərəfləri ortaya çıxmağa başlayır. Nəticədə ailədə fiziik və psixoloji şiddət baş verir və ya uşaq dünyaya gəldikdən sonra tərəflər arasında sevgi azalır. Bu da zamanla xəyanət faktorunun formalaşmasına gətirib çıxarır.

Bütün bu qeyd olunanlar keçmişdə qəbul olunur, müəyyən yolla öz həllini tapırdı. İndi kiçik bir səbəbə görə, ailələr dağılır. Yalnız güclü ailələr çətin situasiyalarda doğru qərar verərək, müəyyən səhvləri korreksiya etməyi bacarır.

Burada təcrübədən çox, ailə tərbiyəsi mühüm rol oyanayır. Gərək insan hər bir xırda detalda qarşı tərəfi həyatından silməsin.

Çünki biz insanıq, müəyyən səhvlərə yol verə bilərik. O insanın hansı psixoloji durumda belə bir qərar verdiyini nəzərə almalıyıq. Ailənin möhkəmliyi üçün hər iki tərəfin təfəkkürü sağlam olmalıdır”.

E. Bəyməmmədli

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024