«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ölkə rəsmən lotu-bambılıların əlində qalıb - “Üçbucaq”lar, “dördbucaq”lar, “pentaqon”lar və... ismətsiz gəlir

Tarix: 28-01-2024 13:45 | Bölmə: Sosium / Rezonans | Baxış: 113



Ölkə rəsmən lotu-bambılıların əlində qalıb. Deyiləsi, danışılası deyil, abırlı adamlar eləcə onların pəstəhalarına tamaşa edirlər – sözün hər iki mənasında.

Bircə ürəkaçan xüsusat var ki, tək bizdə deyil, bütün dünyada elədir: internetdən pul qazanmaq istəyən on minlərlə adam özünü açıb çöldə qoyub, hər cür bambılılıq, düşüklük, əxlaqsızlıq edirlər. Adları da bloqer, tik-tokerdir.

Taylandı, Filippini, Kolumbiyanı, Seneqalı, bir sözlə, dünyanın dörd bir yanını gəzib fahişə kirayələyən, öz eşqbazlığını lentə alan, bəzi epizodları “Yutub nümayişinə icazə vermir deyə kəsməli olduq” şərhi ilə nümayiş etdirən rus bloqerlər var. Özü də xeyli.

Ukraynalı bloqerlər də onlarla çəkişir. Türkiyəli gənc bloqerlər Avropada qızlara necə girişdiklərini, Braziliyada qızlarla necə çimişdiklərini, Asiyada necə lotuluqlar etdiklərini çəkib yayırlar.

Bunlar hələ nisbətən abırlılarıdır, bloqerliyin bahalı növüylə - turizm bloqerliyi ilə məşğuldurlar. Ölkə-ölkə gəzmək havayıdırmı?

Bir də hamamdan çıxandan sonra əyninə xalat və ya qısa bir şey geyərək kamera qarşısında poza verənlər, çimərlik paltarında yataqda uzanıb o tərəfə-bu tərəfə yumbalanan qadın bloqerlər var. 

Onlar heç nə demirlər, eləcə öz “gözəllik”lərini dünya ictimaiyyətinə nümayiş etdirir, milyonlarla baxış sayı qazanırlar.

Bu, artıq rahat dolanışığın bir üsuluna çevrilib. Heç bir fiziki, intellektual iş görmürlər, kamera qarşısında soyunur, əcayib-əcayib rəqslər edir, dombalaq aşır, özü ağılda olanın biri ilə lifdə, mətbəxdə mazaqlaşır, bütün bunları çəkir.

İnternetə ötürür, gözlərini əllərindəki telefonun ekranına dikib gözləyən milyonlarla “mırtkeş”in (bu, yeni termindir) sayəsində 15 dəqiqəlik populyar olur və... pul qazanırlar.

Sovet dönəminin axır illərində rüşvətlə, möhtəkirliklə, xaltura ilə pul qazanmağın adını “zəhmətsiz gəlir” qoymuşdular, hazırda öz bambılılıqları ilə pul qazananlarınkı təkcə “zəhmətsiz gəlir” deyil, həm də və daha çox “ismətsiz gəlir”dir. Abır yox, həya yox.

Bir az ciddi olan, özünə, nəslinə, kənd-kəsəyinə hörmət qoyan adam elə şeylər edərmi? Etməz. Arlanar.

Deyər, qohumlarım var, küçəyə, dükana, bazara çıxırlar, gədələr dallarınca “peysər” qışqırar, belə şeylər etməyim. Amma haradan? Pul qazanmaq, şöhrətli olmaq ehtirası ağıl-kamalı üstələyir.

Savadlı adamlar demişkən, kommunikasiya texnologiyalarının inkişafı ona gətirib çıxarıb ki, hər bir insan özünü dünyaya təqdim etmək imkanı qazanıb. 

Əvvəllər yüngülbeyin səylərin, psixopatların, manyakların, pozğunların belə imkanı yox idi. İndi var və onlar bu imkandan yararlanırlar. 
Nəticədə onların xüsusi çəkisinin nə ağırlıqda olduğu görünür. Dünya kəmağıl pozğunlarla, utanmaz sapıqlarla doluymuş.

Belə adamların ictimai-siyasi gündəmə çıxmasının, ümumxalq müzakirəsinin predmetinə çevrilməsinin günahı bizdədir.

Biz niyə axı 3 bambılının yalançı, düzməcə “sevgi üçbucağı”na aid videoları, xəbərləri yayırıq ki, onlar da həvəslənib yeni-yeni “üçbucaq”lar, “dördbucaq”lar, “pentaqon”lar əmələ gətirirlər.

Pentaqon demişkən, az qala üçüncü və sonuncu müharibə başlamaq üzrədir, biz üç yiyəsizin bir-birinə “xəyanət”ini müzakirə edirik. Əslində isə ortada bir razılaşma var:
“Bunu çəkək, yayaq, sonra sən elə de, mən belə, partladaq, milyonlarla baxış olacaq, tutuzduracağıq”. Məsələ budur.

10-15 il öncə manıslar, civivari müğənnilər, rəqqasələr belə şeylər edirdilər, telekanallardakı şou verilişlərində yalandan dalaşırdılar, “qalmaqal” yaradırdılar, sonra həftələrlə hamı onlardan danışırdı, camaat tərəfə çevrilir, tirələrə ayrılırdı: “A haqlıdr”, “yox, B haqlıdır”. 
Əslində isə o Q-lərin heç biri haqlı deyildi, sadəcə, T-ni (tamaşaçı) axmaq yerinə qoyurdular.

Bir dəfə bir rəqqasə özünü gündəmə gətirmək üçün TV-də dedi ki, öz avtomobili ilə küçədə getdiyi yerdə manyak fanatı ona təcavüz edib. Booy! Bəs hadisə necə olub?

Heç nə. Rəqqasə maşınını işıqforda saxlayanda manyak arxa qapını açıb salona girib, sonra düşüb gedib. Hamının əli üzündə qaldı, dedilər, xanım yaxşı qurtarıb.

Ta deyən olmadı ki, onun sürdüyü maşın hərəkətə başlayan kimi qapılar kilidlənir, bayırdan açılmaz hala gəlir, ona görə də nəinki hansısa manyak, hətta öz tanışı da maşına soxula bilməzdi.

İndi bu yeni çıxan tik-tokerlər, bloqerlər o cür süni qalmaqal yaradanların, öz aşağı ətrafına böhtan atanların bazarını bağlayıb. Artıq ölkə “mırtkeş”ləri lift çəkilişlərinə maraq edir.

Bir müddətdən sonra ortaya daha abırsız, daha ismətsiz, daha əxlaqsız adamlar çıxacaq, daha böyük biabırçılıqlar edəcəklər, biz də onlardan danışacaq, yazacağıq.

Samir SARI 

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024