«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Güclü cinsin zərif qənimi: Kişiləri intihara sürükləyən SƏBƏBLƏR

Tarix: 28-12-2023 16:08 | Bölmə: Sosium | Baxış: 65
Güclü cinsin zərif qənimi: Kişiləri intihara sürükləyən SƏBƏBLƏR

Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev Prokurorluğun “Instagram” hesabındakı canlı yayımında deyib ki, Azərbaycanda intihar edənlər arasında kişilər qadınlarla müqayisədə 3 dəfə üstünlük təşkil edirlər. O, intihara gətirib çıxaran səbəblər sırasında xəstəlik, psixoloji hal, uğursuz sevgi, ailədaxili münaqişələrin üstünlük təşkil etdiyini vurğulayıb. Nəzərə alaq ki, kişilər güclü cins nümayəndəsi, qadınlar isə zərif, bəzən isə kişilərlə müqayisədə zəif cins nümayəndəsi hesab edilirlər. Amma intihar statistikası göstərir ki, qadınlarla müqayisədə kişilər çətinliklə üzləşəndə daha çox intihara meyl edir, dözmür, vəziyyətdən çıxış yolunu ölümdə görürlər.
Mövzu ilə bağlı medianews-a açıqlamasında psixoloq Əfsanə Rüstəmova bildirib ki, intihar həmişə ölümlə nəticələnmədiyi üçün prokurorluğun təqdim etdiyi rəqəmlərdə ölüm statistikasına diqqət yetirmək lazımdır.
Psixoloq deyib ki, intihara təşəbbüs etməklə, özünü öldürmək ayrı-ayrı hərəkətlərdir: “Kişilərin intihara gəlib çatma səbəbi hər hansı bir xroniki, psixoloji xəstəlik və sairlə bağlı yaşadıqları məişət qayğılarını göstərə bilərik. Yaxud da şəxsin anidən keçirdiyi həyəcan, yaşadığı stress, affekt halı ilə əlaqələndirə bilərik. Yəni, biri var ki, sağlamlığı ilə bağlı şəxs hər hansı bir xəstəlik yaşayır, ağrılar dözülməz vəziyyətdədir və həyatını davam etdirə bilmir, bunun fonunda intihar qərarı verir.
Digər halda isə sevgilisi ondan ayrılıb, borcları var, qumara qurşanıb, insanların artıq onu bağışlamayacağını düşünür, hətta özünün də özünə qarşı barışmazlığını hiss edir və intihar edir. Bu iki motiv fərqlidir. İntiharın səbəblərindən danışarkən detallara xüsusi diqqət yetirmək lazımdır. Çünki bu barədə quracağımız cümləni məhz o detallar müəyyənləşdirir. Ümumi yanaşmaq və qiymətləndirmə aparmaq olmaz”.



Psixoloq Ə.Rüstəmova vurğulayıb ki, cəmiyyətdə məsuliyyət kimin üzərində daha çoxdursa, əksər hallarda məhz o intihar fikrinə düşür: “Bizim kimi toplumda məsuliyyət kişinin üzərindədir deyə, kişilərin intihar faizinin çox olmağı məni təəccübləndirmir. Burada mənim dediyim motiv məişət qayğıları, sevgi, ailədaxili münaqişələr və sairdən qaynaqlanan məsələ deyil. Ümumən məsuliyyət yükü çox olan insanın psixoloji dözümlülüyü digərlərindən daha möhkəm olur və  ya olmalıdır. Əks halda, o dözüm, səbir, iradə davamlı və mübariz qala bilmir. Belə olduğu halda öz duyğularını, məişətini, məsuliyyətini daşıyan insan digərlərinin də məişətini davam etdirə bilmədikdə, məsuliyyətini çəkə bilmədikdə, çarəsizlik halında düşünür ki, ən uyğun yol özünün olmamasıdır”.



Ə.Rüstəmova bildirib ki, əgər bir mövzuda siz olmayanda problem həll olunacaqsa, onda orada problem yoxdur və siz varsınız deyə ora problemdir. Psixoloqun qənaətincə, burada sadəcə, həmin yerdən uzaqlaşaraq da mövzunu, problemi həll etmək mümkündür: “Baxın görün, sizin uzaqlaşmağınız problemi həqiqətən həll edəcəkmi? İntihar sizin üçün doğru qərardırmı? Siz uzaqlaşandan sonra problem dərhal həll olunursa, demək ki, intihar barədə düz düşünmürsünüz. İntiharı bu hal üçün sadəcə uzaqlaşmaq ilə də əvəz etmək olarmış və uzaqlaşmaq əslində daha yaxşı variantdır. Əgər düşünsək ki, məsuliyyətin hamısı bizim üzərimizdədir, bunu qaldıracaq gücdə deyilik və buna görə intihar edirik, o zaman biz olmayanda bu yükün kimin üstündə qalacağını, onun bizdən daha güclü olub-olmamasını, bu yükü götürməyə gücünün çatıb-çatmayacağını da düşünməliyik.
Sözsüz ki, sən olmasan onsuz da o yükü götürmək məcburiyyətində qalacaq. Amma sən olanda heç olmasa yükün əlli faizini ona versən, yarısını da özün götürsən, həm öz yükün yüngül olar, həm də o, səndən sonra ölüm stressi, məsuliyyətin birdən-birə ona köçürülməsi ağrısı ilə üz-üzə qalmaz”.



Psixoloq qeyd edib ki, dünyaya gəlmək və dünyadan köçmək insanların ixtiyarında olan məsələ, qərar deyil: “Hadisələr hansı mərhələdə olursa-olsun, mütləq alternativ variantlar var. Bütün acı çəkən insanları danışdırsanız görəcəksiniz ki, ilkin mərhələdə yaşadıqları acının həcmi, miqdarı heç vaxt sonrakı ilə eyni olmur.
Yəni, bizlər sadəcə intihar etmək istədiyimiz dönəmi keçə bilsək, sonralar o məsələyə baxanda əvvəlki qədər acı və narahatlıq hiss etmərik. Sizi hazırda intihar fikrinə salan hər nədirsə, bu fikirlərin hamsını müəyyən dövrə qədər ertələyin. Bunu edəndən sonra yenidən həmin məsələyə baxanda eyni qərar verməyəcəyinizə əmin ola bilərsiz”.



Psixoloq kişilərin qadınlarla müqayisədə intihara meyllilikdə üstünlük təşkil etməsinə dair statistikaya da münasibət bildirib. Qeyd edib ki, qadınlar olaraq bəlkə də kişilərin rol bölgüsündə məsuliyyətini bölüşmək, paylaşmaq belə halları azalda bilər: “Bəlkə də rol bölgüsündə kişilərlə məsuliyyəti qadın, ailə olaraq paylaşmağı öyrənməliyik ki, onlar da intiharı çıxış yolu kimi seçməsinlər. Qadınların intihar təşəbbüsləri bəzən aldadıcı və qorxutmaq üçün ola bilər. Bu da statistikaya təsir edən amillərdən biridir”.

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024