«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
ABŞ-da SEÇKİ QOVĞASI: HANSI DƏYİŞİKLİKLƏR GÖZLƏNİLİR? - Təhlil

Tarix: 11-01-2024 14:30 | Bölmə: Təhlil | Baxış: 75


Bu il dünyanın bir sıra ölkələrində, o cümlədən ABŞ-da prezident seçkisi keçiriləcək. Məlum olduğu kimi, orada prezidentliyə iki əsas namizəd var - respublikaçı Donald Tramp və demokrat Cozef Bayden.

Hər iki tərəfin kifayət qədər tərəfdarı olsa da, hazırkı dövlət başçısı Baydenin reytinqinin getdikcə azaldığı görünür. Onun xarici siyasətdəki bəzi uğursuzluqları, habelə radikal addımları mövcud iqtidara qarşı narazılıqları artırır.

Əlbəttə, Baydenin reytinqinin azalmasında onun yaşının, tez-tez yıxılmasının, çıxışları zamanı çaşmasının, unutqanlığının da müəyyən rolu var.

“Reuters” və “Ipsos”un birgə keçirdiyi sosioloji sorğunun nəticələrinə əsasən, respublikaçıların 49 faizi Trampın yenidən ABŞ prezidentliyinə namizədliyini müdafiə edib.

Respondentlərin 12 faizi ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heylinin, 11 faizi Florida qubernatoru Ron Desantisin, 4 faizi iş adamı Vivek Ramasvaminin, daha 4 faizi isə Nyu-Cersinin keçmiş qubernatoru Kris Kristinin respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülməsini dəstəkləyib.

Sorğu iştirakçılarının 22%-i digər siyasətçiləri dəstəkləyib və ya cavab verməyib.

Hazırda Trampla Bayden arasında kəskin mübarizə gedir. Hər iki siyasətçi fürsət tapan kimi bir-birini ittiham edir. Böyük “şahmat taxtası”nda baş verənlər də, sözsüz ki, prezident seçkisinin nəticəsinə birbaşa təsir edəcək.

Xüsusilə, Şərqi Avropa və Yaxın Şərqdəki proseslərin gedişi ABŞ-da prezident seçkisinin nəticəsində həlledici faktor ola bilər. Əgər ABŞ-dakı prezident seçkisinə kimi Ukrayna təşəbbüsü ələ alsa və İsrail HƏMAS-la “Hizbullah” üzərində ciddi üstünlük əldə etsə, onda Baydenin şansı daha çox olacaq.

Kiyevin geri çəkilməsi, eləcə də Təl-Əvivin məqsədlərinə çatmadan əməliyyatları dayandırması isə, əksinə, Trampın əlini gücləndirə bilər.

Hazırda hər iki siyasətçinin şansı aşağı-yuxarı eynidir. Bu mənada, qarşıdakı aylar hər iki tərəf üçün əhəmiyyətlidir. Doğrudur, ABŞ-da daxili və xarici siyasəti müəyyənləşdirən “dərin dövlət” var. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, konkret “qırmızı cizgilərdən” kənara çıxarılacağı ağlabatan görünmür.

Amma Tramp hakimiyyətə gələrsə, ABŞ-ın xarici siyasətində müəyyən dəyişikliklərin olacağı da qaçılmazdır.

Məlum olduğu kimi, Trampın hakimiyyəti dövründə Vaşinqtonla Moskva arasında münasibətlər daha loyal idi.
Xatırlatmaq yerinə düşər ki, Tramp Baydendən fərqli olaraq radikal addımlarda maraqlı olan siyasətçi deyil. O deyib ki, hakimiyyətə gəlsə, Ukraynadakı müharibəni bir günə bitirə bilər.

Əlbəttə, bunun özü hər şeydən əvvəl manipulyasiya cəhdidir. Tramp xal yığmaq istəyir, ancaq nəzərə almaq lazımdır ki, onun Rusiya lideri Vladimir Putinlə münasibətləri yaxşıdır. O, Ukraynaya dəstəyi birdəfəlik dayandırmaqla müharibəni bitirə bilər.

İkincisi, Tramp hakimiyyətə gələrsə, Türkiyə ilə münasibətlərdə də müəyyən yumşalmalar ola bilər. Vaşinqton əvvəlkitək müxtəlif regionlarda Ankaranın “ayağına dolaşmayacaq”.

ABŞ-ın Cənubi Qafqazla bağlı siyasətində isə ciddi dəyişikliyin olacağı inandırıcı deyil.

Məlum olduğu kimi, Azərbaycana silah satışını qadağan edən 907-ci düzəliş demokratların dövründə qəbul olunub. Tramp bunu ləğv edəcəkmi? İnandırıcı görünmür. Çünki 907-ci il düzəliş vaxtilə Trampın hakimiyyəti dövründə də qüvvədə olub.

Hərçənd, bu məsələ daha rəsmi Bakı üçün o qədər də əhəmiyyətli deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycan sözügedən məhdudiyyət qüvvədə ola-ola Qarabağı müharibə yolu ilə işğaldan azad edib.

Bundan başqa, respublikaçılar hakimiyyətə gələrsə, ABŞ-ın NATO-dan çıxmaq məsələsi gündəmə gələ bilər. Respublikaçıların irəliyə sürdüyü prezidentliyə namizədlərdən biri Vivek Ramasvami daha əvvəl bunun anonsunu verib.

O bildirib ki, əks halda, ABŞ ilə Rusiya arasında birbaşa toqquşma yarana bilər.

ABŞ-ın Çinlə mövcud gərginliyi də yəqin ki, olduğu kimi davam edəcək. Çünki hər iki dövlət supergüc olmaq iddiasındadır. Hakimiyyətə kimin gəldiyindən asılı olmayaraq, “iki qoçun başının bir qazanda qaynayacağı” inandırıcı görünmür.

Beləliklə, dediyimiz kimi, əsas namizədlərin şansı təxminən bərabərdir. Amma tamamilə sürpriz adın, məsələn respublikaçı Vivek Ramasvaminin hakimiyyətə gəlməsi istisna deyil. Çünki ABŞ tarixində belə hallar olub.

Müasir ABŞ tarixində respublikaçılarla demokratların adətən bir-birilərini əvəz etdiklərini düşünsək, bu dəfə respublikaçıların hakimiyyətə gəlmələri mümkündür. Bütün hallarda ölkədəki prezident seçkisinin nəticəsi qlobal proseslərə təsirsiz ötüşməyəcək./report

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024