«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
AZƏRBAYCANLI MİQRANTLARIN RUSİYADAN KÖÇÜ BAŞLAYIB - İki səbəb

Tarix: 03-02-2024 16:15 | Bölmə: Təhlil | Baxış: 110



Rusiya rus dilini bilənləri müharibəyə göndərib, əvəzində Asiya və Afrikadan işçi gətirir

Rusiyanın miqrantlardan Ukraynaya qarşı müharibədə yararlanmaq istiqamətindəki addımları Yaxın Xaric adlandırılan ölkələrdən - postsovet məkanından gələn miqrantların sürətlə ölkəni tərk etməsinə gətirib çıxarıb.

Xatırladaq ki, ötən ilin payızında Rusiyada qanunvericiliyə edilən dəyişikliyə əsasən, qeydiyyata düşməyən miqrantlara ölkə ərazisində avtomobil idarə etmək, mobil nömrəyə, bank hesabına sahib olmaq, banklar vasitəsilə pul köçürmək, daşınmaz əmlak almaq, hətta yerli vətəndaşlarla nikaha girmək qadağan olunub.

Bundan əlavə, Rusiya vətəndaşlığı alıb hərbi qeydiyyata düşməyən şəxslərin müəyyənləşdirilməsi üçün Daxili İşlər Nazirliyi qüvvələrinin reydləri başlayıb, 2023-cü ilin sonuna doğru kütləvi xarakter alıb.

Xüsusilə Sankt-Peterburq, Moskva, Voronejdə kütləvi məclislərin keçirildiyi məkanları basan hüquq-mühafizə orqanları minlərlə şəxsi məcburən aparıb hərbi komissarlıqlarda hərbi qeydiyyata aldırıblar. Az sonra isə onların əksəriyyətinə hərbiyə çağırış sənədləri təqdim edilib.

Bu günlərdə Dövlət Dumasına təqdim edilən qanun layihəsində Rusiya Federasiyası vətəndaşlığını alanlar üçün hərbi xidmətə çağırış yaşının 50 yaşa qədər artırılması təklif olunur.

Sənədin izahat qeydində deyilir ki, bir çox əcnəbilər guya hərbi qeydiyyatdan yayınırlar və ya “məqbul olaraq maksimum çağırış yaşına çatana qədər gözləyirlər” və yalnız bundan sonra Rusiya pasportu alırlar. Hazırda Rusiyada hərbi xidmətə çağırış yaşı 30-dur.

Rusiya hakimiyyəti həmçinin miqrantları Ukraynadakı döyüşlərə cəlb etmək üçün stimullaşdırıcı tədbirlər də həyata keçirir: Müdafiə Nazirliyi ilə müqavilə əsasında 6 ay Ukraynada döyüşən şəxslərə Rusiya vətəndaşlığı verilir, onlara nizami ordu heyətinin imtiyazları tanınır.

Lakin bu addımlar miqrantları Ukrayna çöllərində ölümə atılmağa həvəsləndirmir. Buna görə də Rusiya hüquq-mühafizə orqanları ordunun artan tələbatını qarşılamaq üçün miqrant ovunu sürətləndirir.

Bu isə əks-nəticə verməkdədir: artıq Rusiyada vətəndaşlıq almaq istəyənlərin sayı azalır, miqrantlar ölkəni tərk edirlər.

Miqrasiya reydləri bu il də davam edir. Belə ki, Yeni il ərəfəsində Sankt-Peterburqda 3 minə yaxın miqrant saxlanılaraq şəhər mərkəzindən polis idarələrinə aparılıb.

Sonradan məlum olub ki, saxlanılanlardan 600-dən çoxu ölkədə miqrasiya qanunlarını pozaraq olub. 

Ölkənin hər yerində miqrantların toplaşdığı yerlərdə reydlər keçirilir. Məsələn, Moskvada “Sadovod” bazarı mütəmadi olaraq yoxlanılır.

Təhlükəsizlik qüvvələrinin bir qrup miqrantın ad gününü qeyd etdiyi Voronej restoranına baş çəkməsi böyük əks-səda doğurub, nəticədə 50-yə yaxın şəxs hərbi komissarlığa çağırış vərəqəsi alıb.

Artıq Rusiya Miqrasiya Xidməti Sankt-Peterburqdan və Leninqrad vilayətindən kütləvi şəkildə miqrant axınını qeydə alıb. Məlumata görə, Azərbaycan, Moldova, Tacikistan və Özbəkistandan olan miqrantlar Rusiyanı tərk edərək vətənlərinə qayıdırlar.

Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, il ərzində bölgədə əcnəbilərin sayı 12 min nəfər azalıb.

Rusiya ekspertləri, əmək bazarının oyunçuları bu köçü müharibə və rublun məzənnəsinin zəifləməsi ilə izah edirlər. Rəsmi statistikaya əsasən 2023-cü ilin ilk altı ayında ölkəyə ötən ilin eyni dövrü ilə müqayisədə 50 min az miqrant daxil olub.

Qaydar İnstitutunun araşdırmasına görə, ümumilikdə, Rusiyaya uzunmüddətli gəlişlər (ölkədə qeydiyyat - doqquz ay və ondan yuxarı) 282 min nəfər qeydə alınıb.

2022-ci ildə bu göstərici 333 min nəfər təşkil etmişdi. Tacikistan istisna olmaqla(bu ölkədən axın təxminən 4 min nəfər artıb), bütün MDB ölkələrindən Rusiyaya işləmək üçün daha az adam gəlir.

Ötən ilin birinci yarısında Rusiyada əcnəbilərə ilkin olaraq verilən müvəqqəti yaşamaq icazələrinin sayı da kəskin azalıb - bir il əvvəlki 93 minlə müqayisədə 43 minə düşüb. İlkin olaraq verilən yaşayış icazələrinin sayı 142 mindən 130 minə düşüb.

Ümumilikdə ilin birinci yarısında miqrasiyanın artımı (gələn və gedənlərin sayı arasındakı fərq) 79 min nəfər təşkil edib. Halbuki hətta koronavirus pandemiyası zamanı bu, 100 min səviyyəsində idi.

Ümumilikdə hazırda Rusiyada qonşu ölkələrdən olan 18 milyon əmək miqrantı rəsmi qeydiyyatdadır.

Rusiya əhalisinin sayı son illərdə azalır. Ali İqtisadiyyat Məktəbinin tədqiqatçılarının hesablamalarına görə, onu ən azı indiki səviyyədə saxlamaq üçün miqrasiya artımı ildə 390 min nəfər olmalıdır.

Lakin 2023-cü ilin ilk doqquz ayında bunun minimal olduğu ortaya çıxıb və hakimiyyət getdikcə “yeni gələnlərin” hüquqlarını məhdudlaşdırmağı təklif edir.

Rusiya ekspertləri bildirirlər ki, miqrasiya olmadan əmək bazarındakı kəsiri doldurmaq mümkün deyil. Rusiyanın əhalisi sürətlə qocalır, əmək qabiliyyətli əhalinin xüsusi çəkisi tədricən azalır: 2012-ci ildə bu, 61 faiz, 2022-ci ildə isə artıq 57 faiz təşkil edib.

Rusiyada azərbaycanlı miqrantların sayı artıb » Sözçü qəzeti

Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Təhlil və Proqnozlaşdırma İnstitutunun eksperti Yuliya Florinskayanın sözlərinə görə, 2023-cü ildə Rusiyada eyni vaxtda işləyən əmək miqrantlarının sayı 3,5 milyon nəfəri ötməyib.

Halbuki məsələn, 2020-ci ilə qədər bu, ən azı 4,5 milyon idi. Ekspert əcnəbi işçilərin sayındakı bu azalmanı iki səbəbini qeyd edir: birincisi, rublun devalvasiyası (miqrantların milli valyutalarda maaşları nəzərəçarpacaq dərəcədə azalıb) və ikincisi, hərbi əməliyyat zonasına göndərilmə riskləri.

2023-cü ilin sonuna qədər Rusiyada təxminən 4,8 milyon işçi çatışmazlığı yaranıb. Bu nəticə Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun araşdırmasında əksini tapıb. Araşdırmaya görə, işçi qüvvəsinə ödənilməmiş tələb artıq iqtisadi artımı ləngidən amilə çevrilib.

Son aylarda Rusiyada işsizlik səviyyəsi tarixi rekordlar qırır. Oktyabr ayında işsiz rusların payı ilk dəfə olaraq 3 faizdən aşağı düşərək 2,9 faiz olub. 2022-ci ilin yanvarında, Ukraynada hərbi əməliyyatlar başlamazdan və sərt sanksiyaların tətbiqindən əvvəl işsizlik səviyyəsi 4,4 faiz idi.

Mütəxəssislər işsizlik səviyyəsindəki azalmanı həyəcanverici bir siqnal hesab edirlər. Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina kadr çatışmazlığının Rusiya iqtisadiyyatının əsas problemi olduğunu vurğulayıb.

“Bu o deməkdir ki, iqtisadiyyatda praktiki olaraq boş əllər qalmayıb; kadrlarla bağlı vəziyyət həqiqətən çox kəskindir, xüsusən də böhrandan əvvəlki səviyyəni artıq keçmiş sənayelərdə”.

“Yakov and Partners” konsaltinq şirkətinin (keçmiş “McKinsey”nin Rusiya bölməsi) analitiklərinin fikrincə, Rusiya kəskin işçi qüvvəsi çatışmazlığı ilə üzləşib.

Şirkətin hazırladığı Rusiya əmək bazarının icmalına əsasən, işçi çatışmazlığı artacaq və 2030-cu ilə qədər 2-4 milyon nəfərə çatacaq. Bundan əlavə, kadr çatışmazlığının 90 faizə qədəri əsas işləri yerinə yetirən yarımixtisaslı işçilərin payına düşəcək.

İşçi çatışmazlığı onlar üçün rəqabətə və nəticədə təklif olunan maaşların artmasına gətirib çıxarır ki, bu da icmal müəlliflərinin fikrincə, ÜDM-in, inflyasiyanın və istehlak qiymətləri indeksinin artımını üstələyir.

Şirkət analitiklərinin hesablamalarına görə, işçi qüvvəsi çatışmazlığını ödəmək üçün Rusiyada 1 işçinin əmək məhsuldarlığının ildə 2,4 faiz artırılması tələb olunur. Reallıqda son beş ildə bu göstəricinin faktiki artımı tələb olunanın yarısı qədər olub.

Rusiyada miqrantlara bəzi sərt qadağalar qoyulacaq » BAKİ-XEBER.COM - BAKI  XƏBƏR İCTİMAİ-SİYASİ QƏZET

Rusiya hakimiyyəti işçi çatışmazlığını Uzaq Xaricdən - Hindistan, Pakistan, Afrika ölkələri və hətta Şimali Koreya kimi ölkələrdən işçi cəlb etməklə aradan qaldırmağa çalışır. Belə ki, Rusiya işə qəbul agentlikləri bu ölkələrdən işçilərə tələbatın artdığını qeyd edirlər.

Özü də belə uzaq ölkələrdən gələn işçi qüvvəsi rus işəgötürənlərinə daha ucuz başa gəlməyəcək: Onların Rusiyaya çatdırılması, sənədləşmə və sair proseslər xərcləri ciddi şəkildə artırır. Lakin işəgögötürənlər işçi tapa bilmədiklərinə görə məcburdurlar uzaq xaricdən gələnləri işə qəbul etməyə.

Uzaq Xaricdən gələn əmək miqrantlarına mədən müəssisələri, kimya, neft-kimya müəssisələri arasında tələbat var.

Bəzi şirkətlər Banqladeşdən qeyri-qanuni miqrantların “konteynerlərdə” gətirilməsi xidmətlərini təklif etməyə başladığı bildirilir. Dekabr ayında Keniyadan Rusiyaya əsasən tikinti sahələrində çalışacaq 10 min əmək miqrantının göndəriləcəyinə dair məlumat açıqlanmışdı.

2022-ci ilin payızında baş nazirin müavini Marat Xusnulin 50 minə qədər Şimali Koreya vətəndaşının tikinti sahələrində işləmək üçün cəlb olunduğunu açıqlamışdı. Bildirmişdi ki, bununla bağlı Şimali Koreya ilə siyasi danışıqlar aparılır.

Qeyd edək ki, Rusiya uzun illərdir Azərbaycanda iş tapmayan insanların üz tutduğu əsas ölkədir. 2023-cü ilin 9 ayında Azərbaycandan Rusiyaya 350 minədək adam gedib. Onun 100 min nəfəri işləmək üçün getdiyini qeyd edib.

Lakin Rusiya miqrasiya orqanları onların geridönüşünün başlandığını qeydə almaqdadır.

Bu isə Azərbaycanın əmək bazarı üçün yaxşı heç nə vəd etmir: ölkədə real işsizlik səviyyəsi yüksək olaraq qaldığı, iqtisadiyyatda böyümənin dayanmaq ərəfəsində olduğu bir zamanda yüz minlərlə əmək qabiliyyətli insanın bazara daxil olması çox mənfi nəticələrə səbəb ola bilər.

Əmək miqrantlarının köçü həm də ölkəyə Rusiyadan pul göndərişlərinin də azalmasına, bu isə əhalinin geniş kütlələrinin sosial vəziyyətinin pisləşməsinə gətirib çıxarır.

Mərkəzi Bankın məlumatına görə, ötən ilin 9 ayında Azərbaycana fiziki şəxslər tərəfindən xaricdən göndərilən pul baratlarının həcmi 1 milyard 280 milyon 754 min dollar təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 54 faiz azalma deməkdir.

Belə ki, 2022-ci ilin 9 ayında ölkəyə bu xətlə 2 milyard 779 milyon 259 min dollar daxil olmuşdu. Bu azalma əsasən Rusiyadan göndərişlərin azalması hesabına baş verib:
2022-ci ilin eyni dövründə Rusiyadan köçürmələr 2 milyard 267 milyon 336 min dollar olmuşdusa, 2023-cü ildə bu göstərici 3 dəfəyə yaxın azalmaqla 829 milyon 410 min dollar təşkil edib./musavat.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024