«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
SƏLİBÇİ YÜRÜŞÜN XRONOLOGİYASI - Qərb ləğv edilmiş terrorçu qurumu Ukraynaya tay tutur

Tarix: 03-02-2024 17:00 | Bölmə: Təhlil / Araşdırma | Baxış: 116


Azərbaycan adekvat addım atmalı və Avropa Şurasından çıxmaqla bağlı prosedura başlamalıdır



Polad Mediyev 
BDU-nun müəllimi, Vəkillər Kollegiyasının üzvü

2020-ci ildə baş vermiş Vətən müharibəsi və 2023-cü ilin sentyabrında Qarabağda keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdikdən sonra “kollektiv Qərb”in ardıcıl təziqləri ilə qarşılaşmaqdadır.

Ötən 3 il ərzində ABŞ və Avropanın qanunverici orqanlarda, inistitutlarında, müəyyən ekspert dairələrində, o cümlədə mediada Azərbaycanın cəzalandırılması ilə bağlı müzakirələr aparıldığının şahidiyik.

Hətta zamanında müxalifətdə olan indiki ABŞ administrasiyası, o vaxtlar hazırladıqları siyasi sənədlərdə 44 günlük Vətən müharibəsinə görə Azərbaycan və Türkiyənin cəzalandırılması istiqamətdə ABŞ-ın addım atmalı olduğunu yazırdılar.

06 sentyabr 2023-cü il tarixində ABŞ Konqresində Laçın yolundakı vəziyyətlə bağlı keçirilən dinləmə zamanı Azərbaycan hökuməti ermənilərə soyqırım törətmə cəhdində təqsirləndirilib, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi, humanitar yardım dəhlizi aktının və Qlobal Maqnitski aktı altında sanksiyaların tətbiq olunmasına çağırışlar edilib.

14 sentyabr 2023-cü il tarixində ABŞ Konqresində Qarabağdakı vəziyyətlə bağlı keçirilmiş ilk dinləmə zamanı Dövlət katibinin müavini vəzifəsini icra edən Yuri Kim Azərbaycanın mümkün antiterror tədbirinə işarə vuraraq “biz “Qarabağ xalqı”na qarşı heç bir əməliyyata və hücuma dözməyəcəyik” demişdi.

Ardınca 15 noyabr 2023-cü il tarixində “ABŞ konqresində Azərbaycan əleyhinə ikinci dəfə keçirilmiş “Qarabağ dinləmələri” zamanı Dövlət katibinin müavini Ceyms O`Brayen, antiterror tədbirləri ilə əlaqədar olaraq ABŞ-ın Azərbaycana hərbi yardımı dayandırdığını və bir neçə yüksək səviyyəli görüşləri ləğv etdiyini açıqlamışdı.

Xarici Əlaqələr Komitəsinin sədri Tom Kin isə sentyabrın 19-da keçirilən antiterror tədbirlərini hərbi əməliyyat adlandıraraq Azərbaycan və Ermənistan arasında son illər ərzində baş verən müharibənin nəticələrindən və Azərbaycanın Qarabağda güc tətbiq etməsindən məyus olduğunu bildirib.



Dinləmələrdən bir gün sonra isə ABŞ Senatı “2023-cü il Ermənistanı Müdafiə Aktı”nı qəbul edərək, ABŞ Prezidentinin “Azadlığa Dəstək Aktı"na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edib.

Bu sənədlə Azərbaycana hərbi yardımın qadağan olunması nəzərdə tutulur, Ermənistana isə xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına icazə verilib.

Qeyd edək ki, eyni məzmunda olan çıxışlar, eyni ritorika və bəyanatlarlar Avropa ölkələrin rəsmi qurumları, nümayəndələri tərəfindən də edilir. 

Həm 44 günlük Vətən müharibəsinə, həm də 19 sentyabr antiterror tədbirlərinə görə Azərbaycanla haqq - hesab çəkmək və intiqamı almaq üçün yollar axtarıldığı görünür.



Fransa Senatının bu ilin yanvar ayının 17-də “Azərbaycanın dağlıq Qarabağa hərbi təcavüzünün pislənməsi və Ermənistan Respublikasına qarşı növbəti təcavüz cəhdlərinin və ərazi bütövlüyünün pozulmasının qarşısının alınması” barədə qəbul etdiyi qətnaməyə əsasən Azərbaycan tərəfindən həyata keçirilən antiterror tədbirlər pislənərək “humanitar faciə və əsl etnik təmizləmə” adlandırılıb.

Sənəddə Ermənistana hərbi dəstək verməyə və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə çağırış edilib. Qətnamədə, həmçinin "erməni hərbi əsirlərin azad olunması, Azərbaycan rəsmilərinə məxsus aktivlərin hədəfə alınması, qaz nəqlinə embarqo tətbiq edilməsi, "dağlıq qarabaq respublikasının" tanınması, eləcə də Ermənistanın müdafiə qabiliyyətinin yüksəldilməsində mümkün dəstəyin verilməsi" əksini tapıb.

Bunun ardınca Brüsseldə Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin xarici işlər nazirlərinin toplantısında Fransaya birmənalı dəstək ifadə olunub.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Cozep Borrel Azərbaycana qarşı qərəzli mövqe sərgiləyərək 22 yanvarda Brüsseldə keçirilmiş Aİ Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı bildirib ki, “Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir və bu, Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq”.

Bundan əvvəl isə Aİ rəsmisi sentyabrın 21-də bəyanatla çıxış edərək Azərbaycan tərəfindən keçirilən antiterror tədbirləri zamanı erməni separatçılarına açıq dəstək göstərərək, “Azərbaycanın Qarabağın erməni əha­lisinə qarşı hərbi əməliyyatını” pis­lədiyini bildirib.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən 12 oktyabr 2023-cü il tarixində qəbul edilmiş Azərbaycanın Qarabağdakı lokal antiterror tədbirlərini pisləyən 2517(2023) saylı qətnamədə Qarabağın erməni əhalisinin guya məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı iddia edilib.

AŞPA tərəfindən 23 oktyabr 2023-cü il tarixində qəbul edilmiş “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı 2517 (2023) saylı qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edərək, 19 sentyabrda baş tutan lokal xarakterli antiterror tədbirlərini kəskin pisləyib və onu hərbi əməliyyatlar kimi qiymətləndirib.

Bununla yanaşı sözügedən qurum “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə edərək həbs olunmuş separatçıları azad etməyə çağırış edib.

Əks halda, Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib.



Nəhayət, qeyd edilənlərin məntiqi davamı olaraq AŞPA qış sessiyasının açılış günündə (22 yanvar) Azərbaycan nümayəndə heyətinin etimadnamələri təsdiq etməkdən imtina edib. 

Assambleya rəsmi Bakının öz üzərinə götürdüyü “əsas öhdəlikləri” yerinə yetirmədiyi qənaətinə gəlib və bu barədə qətnamə qəbul edib. 

Qətnamədə qurumun “dağlıq Qarabağla bağlı, xüsusilə də Laçın dəhlizindən sərbəst və təhlükəsiz keçidin təmin olunması, dağlıq Qarabağdakı humanitar vəziyyətə dair qətnamələrin yerinə yetirilməməsindən və yüz mindən çox erməni əhalinin bölgəni tərk etməsi ilə nəticələnən ötən ilin sentyabrında baş vermiş hərbi əməliyyatlardan narahatlıq keçirdiyi” qeyd edilib.

Bu barədə təşəbbüs Almaniyalı deputat Frank Şvaben tərəfindən irəli sürülüb. Təşəbbüs irəli sürülərkən deputat çıxışında “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını” Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib”.

Xatırlatmaq lazımdır ki, Almaniyalı deputat Frank Şvaben 02 iyun 2016-cı il tarixində Almaniya Bundestaqında qondarma erməni genosidinin tanınması üçün fəallıq göstərib. 

Eyni zamanda 2019-cu ildə Almaniya parlamentində çıxışı zamanı Azərbaycan barədə həqiqətləri deyən deputat həmkarı Karin Strenzi korrupsiyada ittiham edib.

Yəni Frank Şvaben erməni lobbisinin “satın aldığı” siyasətçi imicinə malikdir.

O da aydındır ki, bu təşəbbüs formal olaraq onun tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin durduğu inkarolunmaz faktdır. AŞPA-nın sabiq və hazırki prezidentinin Azərbaycanın əleyhinə səs verməsi təşkilat rəhbərliyinin mövqeyini göstərir.

Bundan başqa Frank Şvaben BBC radiosuna müsahibəsində bildirib ki, “Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmaq Avropa Şurasının mandatın daxil olmayıb, biz Azərbaycanın ərazi bütövlüyünə hörmət edirik, ama qaçqınlar insan hüquqları məsələsidir”.

Yəni demək istəyir ki, Azərbaycandan 100 min erməninin köçməsi Avropa Şurasının insan hüquqlarından dolayı mandatına daxildir.

Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, əvvəla əgər Qarabağ münaqişəsi ilə məşğul olmaq Avropa Şurasının mandatına daxil deyildisə o zaman sonuncu 22 yanvar tarixli qətnaməsni qəbul edərkən nəyə görə Laçın dəhlizindən sərbəst və təhlükəsiz keçidin təmin olunması məsələsi əsas kimi götürülüb?

İkincisi, əgər bu məsələ onların mandatına daxil deyilsə, o zaman AŞPA hansı hüquqla, hansı məntiqlə qətnamə qəbul edib Azərbaycanı etnik təmizləmədə ittiham edir, ermənilərin Qarabağı könüllü tərk etməsini etnik təmizləmə kimi qiymətləndirir?

Digər tərəfdən, belə bir sual ortalığa çıxır: Keçmiş Dağlıq Qarabağ və ətraf rayonlar ermənilər tərəfindən işğala məruz qaldığı zaman 700 mindən çox azərbaycanlı yaşayış yerlərindən didərgin salınarkən AŞPA buna görə Ermənistan nümayəndə heyətini mandatdan məhrum eləmişdi, ya yox?

Qeyd edilən məsələlər açıq-aşkar Avropa qurumlarının və Avropa dövlətlərinin Azərbaycana qarşı olan səlibçi münasibətinin parlaq təzahürüdür. Həmin dövlətlər bunu çəkinmədən, həyasızcasına, bütün diplomatik etiketləri pozaraq dilə gətirirlər, eyni hal qəbul etdikləri qərarlarda da özünü göstərir.



Qətnamədə göstərilən demokratiya, insan haqları porblemləri, AŞPA nümayəndələrinin monitorinq aparmasına imkan yaradılmaması məsələləri isə bəhanədən başqa bir şey deyil.

Xankəndindəki məlum terrorçu rejimin, onların “hökumət” adlandırdıqları qurumun məhv edilməsi Azərbaycana qarşı bu cür addımların əsas səbəbidir.

Bununla bir daha Avropa Şurası özünü ifşa etdi, bir daha təsdiq eləmiş oldu ki, onlar Xankəndindəki terrorcu rejim de - fakto “dövlət” kimi qəbul edirlərmiş.

Xatırladım ki, Rusiya tərəfindən Ukrayna əraziləri işğal edildikdən sonra Rusiyanı AŞPA-dan kənarlaşdırdılar. 

Azərbaycana da eyni münasibəti sərgiləməklə göstərilir ki, qondarma qurumu az qala Ukrayna ilə bərabər tutaraq “dövlət” kimi tanıyırlar, Aərbaycanın həmin qondarma rejimi ləğv etməsini də “xarici dövlətin ərazisinə hücum” kimi qiymətləndiriblər. 

Ona görə də bu qətnamə qəbul edilib və Azərbaycana da Rusiya kimi başqa bir suveren dövlətin ərazisinə hücum edən bir dövlət kimi eyni münasibət göstərilib.

Hesab edirəm ki, Azərbaycan bu məəsələdə adekvat addım atmalıdır və konkret olaraq da Avropa Şurasından çıxmaqla bağlı prosedura başlamalıdır.

Məncə, bu məsələyə əslində daha əvvəldən, zamanında çevik reaksiya verilməsinə ehtiyac var idi.

Ötən ilin oktyabrında Azərbaycanı etnik təmizləmədə ittiham edən qətnamə qəbul ediləndə Avropa Şurasındakı Azərbaycan nümayəndə heyyəti həmin vaxtdan öz fəaliyyətini dayandırdığını bəyan etməli idi.

Bildirməli idi ki, bizim dövlətin suverenliyi burda artıq şübhə altına alınır, Azərbaycan törətmədiyi ağır cinayətdə ittiham edilir, ona görə belə bir qurumda qala bilmərik.

AŞPA tərəfindən mandatdan məhrum etmə barədə addım atılmasını gözləmək lazım deyildi. Bu məsələlərə ciddi yanaşmalıyıq. Bunlar Avropanın Azərbaycana qarşı tətbiq eləmək istədiyi böyük sankasiyalar dalğasının ilkin rüşeymi, ilk siqnalları ola bilər. 



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024