«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Rusiya cəbhəni yara bilər”- Amerika İnstitutu xəbərdarlıq etdi

Tarix: 14-03-2024 13:30 | Bölmə: Xəbər | Baxış: 101


ABŞ-nin hərbi və maliyyə yardımının gecikməsi nəticəsində yaranan mərmi, sursat və hərbi texnika çatışmazlığı hazırkı cəbhə xəttini çox həssas edir və rus qoşunları bundan qəfil, gözlənilməz irəliləyiş üçün istifadə edə bilərlər.

ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında belə deyilir.

Amerikalı hərbi analitiklərin fikrincə, Ukraynanın müdafiə olunarkən cəbhədə Rusiyanın intensiv hücum əməliyyatları ilə ən çox təhdid etdiyi istiqamətlərə üstünlük verməsi cəbhənin digər yerlərində zəif nöqtələr, boşluqlar yaradır.

İnstitutun ekspertləri xəbərdarlıq ediblər ki, rus qoşunları bundan istifadə edə və cəbhəni həmin istiqamətlərdə yara bilərlər. 

Bu o deməkdir ki, Ukrayna ordusuna silah tədarükü azalmaqda davam edərsə, cəbhənin silah-sursatla zəif təmin olunmuş hissələrində Rusiyanın irəliləməsi qaçılmaz olacaq. ISW qeyd edib ki, hazırda Rusiyanın bütün cəbhə boyu təşəbbüsü əlində saxlaması bu cür inkişaf risklərini artırır.

Mütəxəssislər bildirirlər ki, Rusiya hərbi komandirləri əllərində olan üstünlükdən istifadə edərək, öz mülahizələri ilə cəbhə xəttinin istənilən hissəsində əməliyyatların intensivliyini artırmaq və ya azaltmaq imkanına malikdirlər.

ISW qeyd edir ki, Ukrayna hərbçiləri çox güman ki, sursat çatışmazlığından yaranan problemləri azaltmağa və cəbhədə prioritet sahələri müəyyənləşdirməyə, əsas qüvvələri həmin sahələrdə yerləşdirməyə çalışırlar.

Lakin hərbi analitiklər deyirlər ki, bu, Ukrayna qüvvələri üçün riskləri ört-basdır etsə də, vəziyyətdən ideal çıxış yolu hesab edilə bilməz.

Qeyd edək ki, bu arada Almaniyanın "Der Spiegel" nəşri adı açıqlanmayan ukraynalı komandirlərlə müsahibə dərc edib. Onlar bildiriblər ki, demək olar, bütün Ukrayna hərbi birlik və birləşmələri sursat və hərbi texnika çatışmazlığından əziyyət çəkir. 

Nəşr qeyd edib ki, Ukrayna bölmələri bir çox istiqamətlərdə indiki mövqelərini yalnız ona görə saxlaya bilirlər ki, rus qoşunları “tam qüvvə ilə hücuma keçmir”.

Bundan öncə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski də xəbərdarlıq edib ki, rus bölmələrinin cəbhənin müəyyən istiqamətlərində Ukrayna birləşmələrinin dərinliyinə doğru irəliləməsi təhlükəsi var.

Bütün bunlar bir daha təsdiqləyir ki, ABŞ başda olmaqla, Qərbin Ukraynaya qarşı yürütdüyü ikiüzlü, satqın və riyakar siyasət Rusiyanın işğalçılıq iştahasını daha da artırır.

Bütün bu çirkin oyunlardan ən böyük zərər görən isə təkcə Ukrayna xalqı və dövləti deyil, həm də Rusiyanın keçmiş SSRİ-yə aid digər qonşularıdır...

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024